BVF Azərbaycana krediti niyə vermədi?

samir-eliyev-iqtisadciSamir Əliyev: «BVF ölkə iqtisadiyyatında hansısa islahatların aparılmasına kredit ayırır ki, bu da Azərbaycan hökumətinə sərf etmir»

Azərbaycan hakimiyyəti BVF-ni növbəti dəfə tənqid atəşinə tutub. Bu dəfə səbəb təşkilatın Azərbaycana yüksək faizli kredit təklif etməsi olub. Maliyyə naziri Samir Şərifov “The Financial Times” qəzetinə açıqlamasında bildirib ki, az borcu olan, suveren sərvət fondu 34 milyard dollara bərabər Azərbaycanın heç vaxt yardıma ehtiyacı olmayıb. Amma BVF Azərbaycana bazar məzənnəsindən daha ucuz kredit verə bilərdi: “Deyək ki, 7 faizlə borc götürürük, ancaq bundan daha ucuz şərtlərlə maliyyələşmə imkanı var. Məsələn, BVF 1 faizlə ayıra bilərdisə, niyə də bundan faydalanmayım? Mənə görə bu, iqtisadiyyata yardım deyil, maliyyələşmə məsələsidir – mən daha ucuz maliyyələşmə əldə edərdim”.

Qəzet qeyd edir ki, BVF 2008-ci il maliyyə böhranından sonra yeni qabaqlayıcı kredit mexanizmləri yaradıb. Meksika, Keniya kimi ölkələr bunlara əl atıb, ancaq ümumilikdə çox istifadə olunur.

Samir Şərifovun sözlərinə görə, BVF məsələnin həllindən ötrü “dörd, ya beş yeni məhsul” üzərində işləyir. “BVF bir çox neftlə zəngin ölkəylə belə bir söhbət aparır. Onlardan bəziləri beynəlxalq bazarlardan borclanırlar. Amma eyni zamanda nağd pul üstündə oturub onu ayıra bilməyən bir qurum var”.

Azərbaycan tərəfi niyə böhranın miqyasını etiraf etmir? BVF və digər maliyyə qurumlarından alına biləcək kreditlərə görə niyə islahatlara gedilmir?

Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanın BVF-yə və Dünya Bankına kredit üçün müraciət etməsi xeyli müddətdir müzakirə olunur. Ə.Əliyevin sözlərinə görə, əslində BVF-yə kredit üçün müraciət etdikdə, təşkilatın maliyyəsi əvəzsiz verilmir. Əgər Dünya Bankı infrastruktur layihələrinə maliyyə ayırırsa, BVF sırf islahatlara vəsait ayırır: “BVF ölkə iqtisadiyyatında hansısa islahatların aparılmasına və ya müəyyən sektorda məhdudlaşdırıcı addımların atılmasına kredit ayırır. Bu da Azərbaycan hökumətinə sərf etmir. Azərbaycan hökuməti islahatlara getməkdə maraqlı deyil. BVF büdcə xərcləri ilə bağlı islahatların aparılmasını, büdcə xərclərinin azaldılmasını tələb edir. Eyni zamanda həm BVF, həm də Dünya Bankı kommunal sektorun özələşdirilməsi məsələsini ortaya qoyur”.

S.Əliyevin sözlərinə görə, bundan başqa özəl sektorun inkişaf etdirilməsi də tələblər sırasındadır. S.Əliyevin fikrincə, məhz bu tələblər yerinə yetirilmədiyindən BVF-dən kredit almaq indiki halda mümkün deyil.

Mədən Sənayesində Şəffaflıq məsələsində Azərbaycanın statusunun üzvlükdən, namizədliyə salındığını xatırladan S.Əliyev qeyd etdi ki, bu halda da vurğulanır ki, Azərbaycanın statusu itiriləcəksə, o zaman Dünya Bankı və BVF-dən kredit almaq imkanları məhdudlaşacaq.

Xəyal