Yox olan bir ümidin xatirəsinə ithaf

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Hardasa on-on iki il öncəyədək Azərbaycanda demokratik görüşlü xeyli insan üçün Türkiyənin fərqli bir anlamı vardı. Ümid edirdik ki, Atatürk və dava arxadaşlarının böyük məhrumiyyətlər sonucu yaratdığı Cümhuriyyətin pis-yaxşı hüquq, demokratiya düzəni Azərbaycanın da modern, çağdaş dünyanın bir parçasına çevrilə bilməsi üçün də bir fürsətdir.

Türkiyə insan hüquq və azadlıqlarının qorunması baxımından Azərbaycanın qonşu ölkələri arasında fərqlənirdi – hər halda, o, nə sərt şəriət qanunlarının hökm sürdüyü Iran, nə də avtoritarizmin ayaq səslərinin hər gün daha ucadan eşidildiyi Putin Rusiyası deyidi. Hər nə qədər Azərbaycanın demokratikləşmə mücadiləsində Türkiyə həmişə neqativ tutum sərgiləsə, ölkəmizin irtica caynağında çapalamasına daim seyrçi qalsa və hakim rejimdən yana davransa da, bu ölkədə xeyli dərəcədə bərqərar olmuş mütərəqqi sistemin bizim üçün də müəyyən müsbət imkanlar aça biləcəyinə dair içimizdə daim bir gözlənti vardı.

Amma hardasa 10 il öncədən başlayaraq, artıq Atatürkün qurduğu Cümhuriyyətin özünün varlığının böyük bir təhlükə qarşısında olduğu anlaşıldı.

Ərdoğanın öncüllüyündə AKP iqtidarının Türkiyə ilə bağlı planları getdikcə daha aydın görünürdü: bu ölkə böyük sürətlə tipik Orta Şərq ölkəsi olmağa sürüklənir, Türkiyədən yeni bir şəriət dövləti qurmaq istəyi hiss olunurdu.

Dinçi söyləmlərin arxasında gizlənən Ərdoğan və onun iqtidarı Atatürk Cümhuriyyətinin 80 il boyunca Türkiyəyə qazandırdığı bütün mütərəqqi uğurların üstündən xətt çəkir, layik (dünyəvi) dövlətin təməlləri sarsıdılır, din dövlət işlərinə alət edilir, üfüqdə yeni “Səudiyyə Ərəbistanı” olmağın işarətləri parlayırdı.

Təxminən 2010-2011-ci ildən isə Türkiyənin adı insan haqq və özgürlüklərinin durumu ilə bağlı beynəlxalq hesabatlarda utancverici şəkildə keçir, demokratiya və korrupsiya reytinqlərində yuxarı pillələrdə çəkilirdi.

Və bu gün Türkiyənin demokratik, modern, mədəni bir dünya ölkəsi olaraq gələcəyinə ən optimist adamların belə, ümidi ya çox azdır, ya da ümumiyyətlə yoxdur.

Və bu gün Azərbaycanda kimsə Türkiyəni azad, gəlişmiş, mütərəqqi dünyanın bir parçasına çevrilməyimiz üçün bir fürsət, bir vəsilə olaraq görmür. Necə deyərlər, “keçəl dərman bilsə, öz başına çəkərdi”.

Bu sətirləri niyə yazıram?

Bir neçə gündür Türkiyə hərbi çevrilişə cəhd qalmaqalı ilə çalxalanır. Yaşananların iç üzünü bilmirik. Mən anti-demokratik rejimlərdə belə çevriliş cəhdlərinə həmişə quşqu ilə baxmağın tərəfdarıyam. Bu cür rejimlərdə hər şey hakim güclərin təqdim etmədiyi kimi də ola bilər.

Amma bir həqiqət dəyişməz olaraq qalır. Türkiyə Tayyib Ərdoğanla Fətullah Gülənin siyasi dinçi ittifaqının möhkəm olduğu vaxtlarda da bunun bədəlini ağır şəkildə ödəyirdi, bu ittifaqın hansısa bilinməyən, amma təxmin edilməsi çətin olmayan səbəblərdən (məsələn, tərəflərdən birinin təkbaşına güc olmaq ehtirasından!) pozulmasının bədəlini də ağır ödəyir.

Bir daha aydın olur ki, dini dövlət işlərinə alət etməyin sonu istənilən ölkə üçün fəlakətin başlanğıcıdır.

Qərbi Avropada hardasa 500 il öncə kilsəni dövlət işlərindən uzaqda tutmaq qərarına gəldilər və bunu çətinliklə də olsa bacardılar. Indi oradakı yüksəlişin, gəlişimin əsas səbəbi də məhz budur.

Bunu bilə-bilə 21-ci əsrdə şəriət dövləti qurmağa çalışmağın nə qədər ziyanlı olması bir yana, bunda israr etməyin, inadkarlıq göstərməyin acı fəsadları da artıq gün kimi aydın ortaya çıxıb. Türkiyənin düşdüyü bataqlıqdan xilasının tək yolu Atatürk Cümhuriyyətinin on illər boyunca əgəmən qıldığı mütərəqqi dəyərlərə qayıdışdır. Türkiyə büründüyü şər qaranlığından ancaq yenidən modern hüquq, layiklik (dünyəvilik) kimi ilkələrdən ikiəlli yapışaraq sıyrılıb çıxa bilər. Baxmayaraq ki, AKP rejiminin işbaşında olduğu müddətcə Atatürk Cümhuriyyəti dəyərlərinə belə bir dönüş, qayıdış az ehtimal ediləndir.

Belədə isə bizim də işimiz çox ağır olacaq. Ölkə olaraq, özümüzdə haqsız bir idarəetmə sisteminin olması azmış kimi, ətrafımızdakı ölkələrdə də demokratiya canı ilə əlləşir, ölümlə çarpışır.

“Qonşuda bişər, bizə də düşər” – artıq belə bir ümidimiz də hardasa qalmayıb.