“Türkiyədəki hadisələr xalqı tarixin səhnəsinə çıxardı”

cemil-hesenli-evMilli Şuranın sədri Cəmil Həsənli Türkiyədə hərbi çevrilişə cəhd zamanı xalq kütlələrinin göstərdiyi dirənişi bütün avtoritar rejimlərə dərs kimi qiymətləndirib. C.Həsənli bu barədə feysbuk səhifəsində yazıb:

“Türkiyədə dövlət çevrilişi cəhdi haqqında hələ çox yazılacaq, çox deyiləcək, çox təhlillər aparılacaq. Amma istər Türkiyənin özü üçün, istər xalqı əzib öz milləti üzərində “qələbə” çalan digər avtoritar polis rejimləri (o cümlədən Azərbaycanın yarı avtoritar, yarı feodal rejimi) üçün 15-16 iyul hadisələri böyük dərs oldu. Bu, xalqın gücünün etirafıdır. İndi bu avtoritar – diktator rejimləri anlamağa başlayırlar ki, milyardlar hesabına bərqərar etdikləri polis rejimləri, xalqı qorxu altında saxlamaq üçün bəslədikləri daxili qoşun və digər çeşidli hərbi birliklər millətin iradəsi qarşısında çox gücsüzdür. Ölkəni başdan başa xəfiyyə – casus şəbəkəsinə çevirmək , demokratiya tələblərinə narkotika ilə cavab vermək, azad mətbuatı çokdürmək üçün min hiyləyə əl atmaq, ölkənin sivil toplum birliklərini dağıtmaqla xalqın gücünü inkar edənlərin yuxusu indi ərşə çəkilib. Onlar elə bilirdilər ki, din dəllallarının pişnamazlığı ilə öz xalqlarına cərşənbə axşamı cümə namazı qıldırmaqla millləti xalqdan uzaq olan hakimiyyətlərinə boyun əydirə biləcəklər. Onlar indiyə qədər öz xalqından başqa hamı ilə hesablaşırdılar, seçki saxtakarlığına millətdən oğurladıqları pullarla beynəlxalq dəstək alır, hakimiyyətlərin mənimsənilməsin ört-basdır edir, xalqın boğazından kəsib polis üçün yeni ştatlar açır, polis nəfərinə professordan artıq donluq verir, polisin millət üzərində bütün azğınlığına “hüquqi” şortik geyindirirdilər. Millətin seçim haqqını inkar edib hakimiyyəti mənimsəyənlər , bütün haqsızlıqlara rəğmən “xalq buna nə deyər təsadüfü sorğusuna” cavab olaraq: xalq …yeyir, qələt eləyir təşəxxüsü göstərənlər, onları güclü göstərən güc orqanlarının xalqın gücü qarşısında necə gücsüz duruma düşdüyünün şahidi oldular. Tarix ondan nəticə çıxarmaq istəyənlərə, öz xalqını adam yerinə qoymayanlara böyük dərs verdi. Sən demə xalqın gücü ortada olanda diktatorların söykəndiyi polis də, ordu da, xəfiyyə qurumları da, dövlət adından saxta ittihamları müdafiə edən prokurorluq da, polisin uzantısına çevrilmiş məhkəmə sistemi də ayaqları çöpdən olan “nəhənglər” imiş. Türkiyədə 15-16 iyul hadisələri xalqı tarixin səhnəsinə çıxarmaqla bu mühüm həqiqətləri ortaya qoydu”.