İlham İsmayıl: «Azərbaycanda «Nurçuların» çox zəif olduğu bir vaxtda ölkəmizdən hər hansı tələbin olacağı gözlənilmir»
Rəsmi Ankara Türkiyədə baş verənlərin, dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin dayandığını bəyan edir. Dövlət başçısı Ərdoğan artıq rəsmi şəkildə olmasa da, bəyanat formasında Gülənin ABŞ-dan təhvil verilməsini istəyib.
Ən sərt mövqe isə baş nazir Binali Yıldırım bəyan edib ki, kim Gülən camaatına dəstək verəcəksə, deməli o, Türkiyə ilə döyüşdədir.
Xatırladaq ki, bundan əvvəl Ərdoğanın istəyi ilə Azərbaycanda “Nurçulara” qarşı bir sıra addımlar atılmışdı. Məhz bu addımların nəticəsində bir sıra təhsil ocaqları bağlanmış, “Nurçularla” əlaqədə olduğu deyilən bir sıra məmurlar postlarını itirmişdilər. Bəs, bu dəfə necə olacaq?
Təhlükəsilik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, hazırda “Nurçuların” Azərbaycanda fəalığı görünmür. Ona görə Türkiyə hökuməti Azərbaycan qarşısında hələlik bir tələb irəli sürməyəcək: “Azərbaycanda ”Nurçuların” elə bir fəallığı olmadığına görə, ölkəmizdən bir sıra addımların atılması tələb olunmayacaq. Ərdoğan baş verənlərin demokratiya tərəfdarı olan hərbçilərin təqibi kimi qiymətləndirilməməsi üçün prosesləri Gülənlə bağlayır. Türkiyə ordusunun böyük bir qruppu Gülənlə bağlı ola bilməz və Gülənin göstərişi ilə bu addımı ata bilməzdilər. Ona görə də Azərbaycanda “Nurçuların” çox zəif olduğu bir vaxtda ölkəmizdən hər hansı tələbin olacağı gözlənilmir”.
I.Ismayıl bildirdi ki, əgər onlar tərəfindən hər hansı cinayət törədilmirsə, onlar barəsində tədbir görülə bilməz. Hələlik isə Azərbaycandakı “Nurçuların” nə Türkiyə, nə Azərbaycan əleyhinə addımları olmayıb.
Xəyal