Azərbaycan hökuməti Türkiyədə baş verənlərdən hansı nəticəni çıxarmalıdır?

erdogan-aliyev-ankara2016martVətəndaşla düşmənçilik, alternativləri sıradan çıxarmaq çıxış yolu deyil

Türkiyədə baş verənlər gündəmin əsas mövzusudur.  Mətbuat, sosial şəbəkələr, sadə vətəndaşlar bu mövzunu müzakirə edir. Saysız-hesabsız rəylər, mövqelər var. Nəticə budur ki, hərbi çevriliş baş tutmadı və planlar suya düşdü.

Amma Türkiyədə baş verənlərdən çıxarılacaq xeyli dərs var. Daha dəqiq desək, Azərbyacan hakimiyyəti 15 iyulda baş verənlərdən ciddi nəticələr çıxarmalıdır.

Birincisi, hakimiyyət başa düşməlidir ki, xalqa saymazyana münasibət, vətəndaşı zülmün məngənəsinə salmaq, xalqın haqqını oğurlamaq pis nəticələrə gətirib çıxaracaq. Ərdoğanın siyasətində bəyənmədiyimiz məqamlar olsa da, faktiki olaraq xalq hökumətin çağırışına cavab verdi.  Çünki, Ərdoğan hərbi çevriliş nəticəsində prezident seçilməyib, xalqın səsini alıb və əminliklə xalqa çağırış da etdi. Azərbaycan hakimiyyəti isə xalqda o qədər nifrət yaradıb ki, xalqı o qədər aşağılayıb ki, bu hakimiyyətin çağırışına heç kim səs verməz. Hətta YAP-ın vəsiqəsini daşıyanlar da partiya iclaslarına, tədbilərə məcburi aparılır. Partiya tədbirlərinə getməyənlər isə töhmət alır, işdən çıxarılır və s. Yəni, hakimiyyət 700 min YAP vəsiqəsini daşıyan adamın 10 faizini belə öz dəstəkçisinə çevirə bilməyib. Ölkədəki eybəcər vəziyyət hamını təhdid edir və YAP vəsiqəsi daşıyan da bundan sığortalanmayıb.

Ikincisi, Azərbaycan hakimiyyəti uzun illərdi alternativləri sıradan çıxarmaqla məşğuldu. Müxalifətə qarşı bu illər ərzində ən iyrənc mübarizə metodları işə salınıb. Ölkənin ən böyük müxalifət partiyasının qərərgahı yoxdur, kirayələnmiş qərərgah partladılıb, partiya liderinə pasport verilmir, partiyanın əsas funksionerləri şərlənərək həbsə atılıb və s.

Onu da xatırladaq ki, aprel döyüşləri zamanı müxalifət orduya birmənalı dəstək verdi, hakimiyyəti qətiyyətli olmağa və daxildəki siyasi vəziyyətdən narahat olmamağa səslədi. Yəni, müxalifət göstərdi ki, bu məsələdə həmrəylik zəruridir və bu həmrəyliyə qoşulur. Amma hakimiyyət orduya dəstəyini ifadə edən AXCP liderinin evin qarşısında iyrənc şoular təşkil etdi, orduya dəstək ifadə edən fəalları hədələdi və müxalifətin dəstəyini yanlış istiqamətdə tirajlamağa başladı.

Amma Türkiyə müxalifəti çevriliş cəhdinə birmənalı etiraz etdi və hökumət də bunu qiymətləndirdi. Ərdoğan şəxsən zəng edərək, müxalifət liderlərinə minnətdarlıq bildirdi, bu dəstəyi yüksək qiymətləndirdiyini ifadə etdi. Nəticə onu göstərir ki, Azərbaycan hökuməti dövlətin maraqları naminə də güzəştə getməyi, səmimi olmağı bacarmır. Əksinə, ən prinsipial, taleyüklü məsələlərdə də düşmənçilik aparmağa, şər-böhtan atmağa, rəqibləri gözdənsalmağa xidmət edir.

Üçüncüsü, azad mətbuatı sıradan çıxarmaq təhlükəlidir və nəticə etibarilə dövlətin zərərinə işləyir. Türkiyədə baş verənlər zamanı azad mətbuatın, internetin rolu əvəzsiz oldu. Hökumət xalqa müraciətini yeni texnologiyalar vasitəsilə etdi, cəmiyyətdə nüfuzu olan media orqanları ortaya mövqe qoydular. Yəni, mətbuat, internet hökumətin köməyinə çatdı, ölkəni daha böyük xaosdan xilas etdi. Sabah Azərbaycanda hər hansı təhlükəli hadisə baş versə, hökumətin muzdlu mətbuatına qulaq asan, o mətbuatın çağırışını ciddiyə alan olmayacaq. Çünki, uzun illər ərzində bu mətbuat orqanları AzTv-nin yazılı varinatı olub, müstəqil mətbuat sıxışdırılıb və vətəndaş üçün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs” kimi qəzetlər adi kağız parçası təsiri bağışlayıb.

Deməli, xalqla düşmənçilik etmək, alternativləri sıradan çıxarmaq, azad mətbuatı boğmaq nəticə etibarilə hökumətin özünü zəlil vəziyyətə qoya bilər. Eyni zamanada

Türkiyədə hərbi çevrilişlə hökuməti ələ keçirməyə cəhd edildi. Azərbaycanda isə hər gün “çevriliş” baş verir.  Təhsil, səhiyyə, iqtisadiyyat, hüquq sistemi “çevriliş”ə məruz qalıb. Faktiki olaraq zəngin bir ölkə səfalət yuvasına çevrilib. Bütün dəyərlər dəyərsizləşdirilib.

Hakimiyyət Türkiyədə baş verənlərə “müdrik” şərhlər vermək əvəzinə, ciddi nəticələr çıxarmalı və bu anti-xalq siyasətinə son qoymalıdır. Sabah Azərbaycanda da xoşagəlməz hadisələr baş verə bilər, daxildəki satqınlar hərəkətə keçə bilər və s. Belə məqamda hökumətin xalqa çağırış etməyə, müxalifətdən dəstək ummağa üzü olmalıdır. Cəmiyyətə o qədər nifrət toxumu əkilib ki, vətəndaş hansısa vəzifəlinin fəlakətli ölümünə, parlamentin, Prezident Aparatının dağıdılmasına ancaq sevinə bilər. Ona görə də hökumət bu çirkin gedişatı durdurmalı, demokratik ənənələrin inkişafına şərait yaratmalıdır.

İlham