Ərdoğana, yoxsa demokratiyaya dəstək?

11177729-941b-4dbf-ad52-146401f00d3e_292Biz xalqın iradəsinin zorlanmasına qarşıyıq

Türkiyədə baş verənlər Azərbaycanda da ciddi müzakirə edildi. Sosial şəbəkələrdəki statuslardan da görünürdü ki, Azərbaycan cəmiyyətində Ərdoğan hakimiyyətinə qarşı müəyyən incikliklər var, tənqidi yanaşmalar mövcuddur. Təbii ki, hər kəsin mövqeyinə hörmətlə yanaşırıq, Ərdoğanın siyasətində yanlış məqamların olduğunu qəbul edirik və bu incikliklərin səbəblərindən xəbərdarıq.

Amma məsələyə münasibət bildirəndə obyektiv və ədalətli olmaq lazımdır. Türkiyəyə verilən dəstəyi Ərdoğana verilən dəstək kimi qiymətləndirmək yanlışdır. Fakt budur ki, Türkiyə xalqı iradəsinin zorlanmasına, konstitusiya quruluşunun dəyişdirilməsinə, ölkənin xaosa sürüklənməsinə etiraz etdi. Bəli, Ərdoğan seçkidə xalqın səsini alıb və bu səs sahibləri də küçələrə axışıb mövqeyini ifadə etdi. Hətta Ərdoğan hakimiyyətindən narazı olanlar da hərbi çevrilişə etiraz etdilər. Müxalifət partiyaları birgə bəyanat yaydı. Hansıki, bu partiyaların da kifayət qədər dəstəkçiləri var və onlar da xalqdır. Yəni, hökumətə münasibətindən asılı olmayaraq hər kəs başa düşdü ki, hərbi çevriliş qeyri-demokratik, qeyri-konstitusion yoldur. Türkiyədəki ictimai fikir ortadadır. Biz də seçilmiş hökumətin məhz bu formada devrilməsinin əleyhinəyik və bu Türkiyənin zərərinə olardı.

Biz özümüz da çevrilişin, xalqın iradəsinin zorlanmasının zərərini çəkmirikmi? Xalqın seçmədiyi qüvvələrin hakimiyyətə gəlməsi ölkəni zəlil vəziyyətə salmayıbmı? Azərbaycandakı seçib-seçilmək ənənəsini bu hakimiyyət məhv etməyibmi?  Türkiyədə bir qrup hərbçi çevrilişə cəhd göstərib, Azərbaycan hökuməti də hərbi polis rejimi yaradıb və onun gücüylə avtortiarizmi çiçəkləndirir. Yəni, dövlətin gücündən  xalqa və dövlətə qarşı istifadə eləyir.

Bu baxımdan indiki situasiyada Ərdoğanın devrilməsini, hərbi xuntanın qələbəsini arzulamaq, hüququn tapdanmasına əl çalmaqdır.

Unutmayaq ki, Türkiyədə oturuşmuş sistem mövcuddur, parlament xalqın iradəsiylə formalaşıb, ədalətli məhkəmə var və s.

Türkiyə xalqı hərbi çevriliş təcrübəsi olan xalqdır və onun  nəticələrini dərk edir. Ona görə də MHP-çi də, CHP-çi də, sıravi narazılar da bu ssenariyə “yox” dedi. Bizim üçün də əsas olan Ərdoğanın qalib gəlməsi yox, Türkiyənin məğlub olmamasıdır. Seçki keçirilsin, seçkidə Ərdoğan məğlub olsun və biz də yeni hökuməti təbrik edək.

Ən mühüm mesaj budur ki, Türkiyə xalqı yalnız onun səsiylə hökumət qurulmasının tərəfdarıdı və bu hüququ heç kimə güzəştə getmək fikri yoxdur.

Akif