Əliyevin “çevir tatı-vur tatı” siyasəti

ilhamaliyev-shekide1Yeni yaradılan qurumlar yeniliyə xidmət edə bilərmi?

Hökumət 23 illik fəaliyyətsizlikdən sonra “hərəkət”ə gəlmək qərarı verib. Xalqa göstərmək istəyirlər ki, gecə-gündüz işlə məşğuldular, böhranın qarşısını almağa çalışırlar, islahatlar aparırlar və s.

Amma bu işlərin müsbət nəticəsini statistik rəqəmlər də, real həyatda müşahidə etdiklərimiz də təkzib edir. Hər gün hansısa fərmanın, sərəncamın, yeni yaradılan qurumun şahidi oluruq. Diqqətlə nəzər salanda isə bütün bu fəaliyyətin “yerində saymaq” olduğu aydın görünür.

Əliyevin tapşırığı ilə əvvəlcə Apelyasiya Şuraları yaradıldı, ardınca Maliyyə Bazarlarına Nəzarət Palatası, Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı, daha sonra ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya yaradıldı. Bugünlərdə isə ölkə başçısının tapşırığı ilə Maliyyə Sabitliyi Şurası yaradıldı.

Bəli, ard-arda qurumlar yaradılır və bu qurumların hansı uğura imza atması, hansı sahəni düzəltməsi haqqında məlumat yoxdur. Əvvəla ona görə ki, yeni qurumların başında duranlar da köhnə kadrlardı. 20 il nazir vəzifəsində çalışıb heç bir töhfə verməyən adam, yeni yaradılan qurumun üzvü kimi heç bir töhfə verə bilməz. Ikincisi, yaradılan bu qurumlar mövcud olan qurumların təkrarıdı. Dünənə qədər də bu funksiyaları yerinə yetirən qurumlar var idi.

Maliyyə sabitliyinə nəzarət üçün, maliyyə bazarlarına nəzarət üçün, biznes mühitinin yaxşılaşdırılması üçün yeni qurumlara ehtiyac yoxdur.

Ölkədə Hesablama Palatası varsa, Maliyyə Nazilriyi və onun müxətlif şöbələri varsa, məhkəmə sistemi varsa, Apelyasiya Şurasına, Nəzarət Şurasına ehtiyac yoxdur. Yəni, uzun illərdi bu fəaliyyəti həyata keçirməyə borclu olan təsisatlar var. Sadəcə olaraq bu təsisatlar fəaliyyət göstərməyib və yeni yaradılan qurumlara da eyni adamlar nəzarət edir.

Qısası, korrupsiya, monopoliya, hüqüqsuzluq hələ də qüvvədədirsə, heç bir qurumun yaradılması vəziyyəti dəyişə bilməz. Bu qurumların yaradılmasında məqsəd neqativləri aradan qaldırmaqdırsa, Hesablama Palatasının hesabatlarında bütün sahələrdəki korrupsiya faktları göstərilib və bunu aradan qaldırmaq üçün siyasi iradə lazımdır. Yaxud, Avropa Məhkəməsi saxtakarlıqları ifşa edib, qanunsuz mandat gəzdirənləri, qərəzli hökm çıxaran hakimləri göstərib və hökumət də buna adekvat addım atmalıdır. Ölkədə bu qədər aşkar qanunsuzluqlara, korrupsiya faktlarına, məmur özbaşınalığına göz yuman hökumət, hansısa şuranın müstəqil fəaliyyətinə şərait yaradarmı?

Maliyyə sahəsindəki yeyintilərdən, özbaşınalıqlardan danışanları, buna etiraz edənləri şərləyib həbsə atanlar, indi şəffaflıq naminə qurumlar yaratmağa başlayıb.  Çatışmazlıqları ən yaxşı, ən operativ ifadə edən qurum müxalifətdir ki, bunu da hökumət sıradan çıxarmaq üçün əlindən gələni edir. Vəziyyətin düzəlməsində maraqlı olan hökumət vəziyyəti düzəltmək istəyənləri sıradan çıxarmaz.

Göründüyü kimi yeni yaradılan qurumlar sadəcə aldatmaq metodudur. Əliyev bu addımlarla “çevir tatı-vur tatı” siyasəti yürüdür. Bundan sonra 200 qurum yaradılsa da vəziyyət yalnız pisləşməyə doğru dəyişəcək. Çünki, hökumətin özünün quruluşu, idarəetmə forması, yanaşması səhvdir.

Akif