Əli Kərimlidən Ərdoğan iqtidarına çağırış: “Əsgərlərin alçaldılmasını durdurun”

akarimli-2014“Uğursuz qiyam cəhdindən sonra təslim olmuş əsgərlərin alçaldılması qəbuledilməzdir və ikrah doğurur. Nə olur qardaş ölkədə? Biz axı Türkiyədə heç PKK-çılar və İŞİD-çilərlə belə davranıldığını görməmişik”.

Bu sözləri AXCP sədri Əli Kərimli Türkiyədə çevriliş cəhdində iştirak edən əsgər və zabitlərin linç edilməsi hallarına münasibət bildirərək yazıb. AXCP lideri feysbuk səhifəsində paylaşdığı növbəti yazıda xatırladır ki, hərbi çevrilişə qarşı olduğunu buna cəhd göstərilən ilk dəqiqələrdə bəyan edib. Lakin artıq təslim olmuş əsgər və zabitləri alçaltmağı da qətiyyətlə qınayır:

“Türkiyədə zorakı hakimiyyət dəyişikliyinə cəhd edilən zaman ilk saatlarda qiyama, xalq tərəfindən seçilmiş hakimiyyətin zorla devrilməsinə qarşı olduğumu yazmışdım. Xalqa təslim olmuş əsgərlərə işgəncə verilməsini, Türk Silahlı Qüvvələrinin bu şəkildə alçaldılmasını da Türkiyə dövlətçiliyini içindən dağıdan hərəkətlər olaraq qətiyyətlə qınayıram. O əsgərlərin mütləq əksəriyyəti millətin Vətən üçün ölməyə hazır olmuş, bir çoxu ölümdən təsadüfən qurtulmuş gənc övladıdır. Onları komandirləri qiyam cəhdinə hərbi əmrlə qoşmuşdu və onların mütləq əksəriyyəti xalqla üz-üzə qalınca, atəş açmadan təslim oldu. Ümumiyyətlə, indi dəqiq bilinir ki, qiyam cəhdinə Silahlı Qüvvələrin cəmi 2-3 min nəfəri qoşulubmuş. Bu rəqəm Türkiyə Silahlı Qüvvələrinin ümumi sayının heç yarım faizi də deyil. Həmin 2-3 min nəfərin içində isə zor tətbiq etmək, adam öldürmək qətiyyətilə bu yola çıxanların sayı onlarla, uzaqbaşı bir neçə yüz nəfər olub, qalan böyük əksəriyyət isə sadəcə əmr yerinə yetirib və xalqla üz-üzə qoyulduğunu görən zaman silahını, hətta tankını təhvil verib, millətinə təslim olub. Türkiyə Silahlı Qüvvələrini yıpratmaq elə Türkiyəni yıpratmaqdır. Türkiyə iqtidarını Silahlı Qüvvələri alçaldan və bununla da cəmiyyətdə qütbləşməni dərinləşdirən, qəzəb və kini artıran hərəkətləri durdurmağa çağırıram”.