Ölkəni zülmətə bürüyənlər

iqtisadi-felaketYaxud, işıq gələn yerə barmaq tıxamaq

23 ildir Azərbaycan xalqı üçün ölkənin hər yerində “qırmızı işıq”dır.  Vətəndaşa “qırmızı işıq” yandıranlar üçün isə hər yerdə “yaşıl işıq” yanır. Ona görə də 23 ildir vətəndaş zülmətdə, hökumət komandası işıqlıqda yaşayır. Amma hökumət hələ də fasilə verməyib, hələ də zülməti tündləşdirməklə məşğuldular.

Ötən gün Tarif Şurası ölçdü-biçdi və işığın qiymətinin 16 faiz qaldırılmasına qərar verdi. Tarif Şurasının məlumatına görə, elektrik enerjisi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin vəÿ”Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında qaldırılıb. “Azərenerji”, “Azərişıq” milyonları yeyib, dövlət zəmanətiylə xarici banklardan kredit götürüb və Tarif Şurasından xahiş ediblər ki, bu xərcləri xalq ödəsin. Yəni, “biz yemişik, ”şot”u ac vətəndaşdan alın” deyiblər. Tarif Şurası da “baş üstə” deyib, problemi həll edib.

Illərdi ölkə vətəndaşı bütün dövlət orqanlarına müraciət edir, illərdi vətəndaş hökumətdən ən cüzi güzəştlər tələb edir. Amma hökumət “olmaz”, “edə bilmərəm” deyib, vətəndaşı əliboş qaytarır.

Həmişə belə olub, vətəndaşı yükləməklə bağlı bütün müraciətlər dərhal qəbul edilib. Məsələ burasındadır ki, son 10 ildə ölkədən 95 milyard dollar çıxarılıb. 23 ildir büdcənin işığı söndürülür, dövlətin işığı zəiflədilir və bu zülməti 16 faiz artımla işıqlandırmaq mümkün deyil. Problemi həll etmək üçün işıq pulunun 16 faizinə yox, ölkədən oğurlanmış pulların 1 faizinə ehtiyac var.

Amma Ilham Əliyev müşavirələrdə harın məmurları hədələsə də, əməldə halsız vətəndaş hədəf seçilir. Dövlətin milyardlarını mənimsəyənlərə faiz qoymaq əvəzinə, qəpiyə güllə atanlara faiz tətbiq edirlər.

Vətəndaşa zərrə qədər qiymət verən heç bir hökumət belə ağır şəraitdə qiymət artımına getməz. Təbii ki, enerjinin qiymətinin qalxması bütün sahələrə təsir göstərəcək. Hər il məmurların xidməti avtomobillərinə 10 milyonlarla vəsait xərclənir. Işığın qiymətini qaldırmaq əvəzinə, məmurların xidməti avtomobilini ləğv etmək olmazmı? Hər il məmurların istirahət və müalicəsi üçün milyonlar ayrılır. Suyun qiymətini qaldırmaq əvəzinə, bu xərcləri ləğv etmək olmazdımı? Əlbəttə normal ölkədə məmurun xidməti avtomobili də olmalıdır, istirahətinə pul da ayrılmalıdır. Amma Azərbaycanda məmurlar milyonerə çevrilib, məmurun 50 avtomobili, 5 villası varsa, büdcədən əlavə pul ayrılmasına nə ehtiyac var?

Hökumət işığın qiymətinin 1 qəpik artırılmasına möhtac qalıbsa, Formula-1 yarışı keçirməyə, Avropa çempionatına sponsorluq etməyə, Avropa oyunlarına milyardlar xərcləməyə nə ehtiyac var idi? Erməni kilsələrinə pulsuz qaz verib, Azərbaycan vətəndaşının işıq pulunu artırmaq nə deməkdir?

Bir daha təsdiq olundu ki, bu hökumət yalnız işıq gələn yerə barmaq uzatmağı bacarır.

Amma baş verənlərdə xalqın da günahı var. Hökumət xalqın gözündə etiraz işığını görmədiyi vaxta qədər, ölkənin işığını söndürməyə davam edəcək. Acından ölən Ermənistanda minimum əməkhaqqı 115 dollar, Azərbaycanda 68 dollardırsa və vətəndaş bu təhqirə dözürsə, hökumət rahat şəkildə zülməti tündləşdirəcək.

Akif