Diktator getsə, dövlət dağılar

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Türkiyənin indi dünyalarca ünlü prezidenti Ərdoğan gerçək kimliyini göstərən ilginc çıxışda bulundu: “Mən getsəm, dövlət yıxılar”. Bu tezisin “yeni” Azərbaycan variantı belədir: “Mən getsəm, dövlət dağılar”. Ərdoğanın birbaşa uyarısı bizdə dolayısıyla edilir: 600 minlik YAP-KQB birliyi bütün ölkə boyu adamlara elə hey bunu aşılayır: “Ilham Əliyev getsə, dövlət dağılar”. Bir xanım deputat başda olmaqla onlar dövlətin dağılmasının konkret örnəyini də göstərirlər: Iraq, Liviya…

“Xanım deputat” dedim, yadıma Xocalı düşdü. Ona rejimin ən güvənli xanımlarından biri olaraq Xocalı soyqırımını dünyaya tanıtmaq tapşırılıb. O da dünyanı gəzib-dolaşır, Xocalı soyqırımını dünyaya tanıtmağa çalışır. Ancaq, nədənsə alınmır: dünya gerçək Xocalı soyqırımını tanımaq yerinə yalançı “erməni soyqırımını” tanıyır. I.Əliyevin dünyanı gəzib-dolaşıban apardığı çoxillik Qarabağı qaytarma danışıqları kimi o xanım deputata da eləcə dünyanı gəzib-dolaşmaq qalır.

Görünür, çağdaş dünyanın politika ustaları qurğunu belə qurublar: kimlərsə hansı adlar altındasa dövlətin (başqa cür desək, bizim) puluyla illərlə dünyanı gəzib-dolaşıb kef çəkməli, bizlərsə pulsuzluqdan evimizə qapanıb qalmaqla onların çoxillik, çoxsaylı yalanlarına dinməzcə qulaq asmalıyıq. Prezident danışır, xanım deputat danışır. Prezident az qala yüz ildi Qarabağı “dinc danışıqlar yoluyla qaytarır”, xanım deputat az qala yüz ildi Xocalı soyqırımını dünyaya tanıdır. Gerçəkdə nə o qaytarır, nə bu tanıdır.

Bu biri yandan da Iraqla Liviya dağılır. Nə etməli? Hər ikisinə barmaq tuşlayıb xalqı qandırmalı: ölün öldüyünüz yerdə, Azərbaycan da Iraqa, Liviyaya dönər! Aman allah, nə olur olsun, Azərbaycan Iraqa, Liviyaya dönməsin! Bilirsiz, elə Ərdoğanın da 79 milyonluq Türkiyə toplumuna qandırmaq istədiyi budur: mən getsəm, Türkiyə Iraqa, Liviyaya dönər. Baxın, uslu-ağıllı, uzaqgörən dövlət başçısı buna deyərəm: topluma öncədən uyarıda bulunur: mən getsəm, dövləti dağılmış, özünü yenilmiş bil!

Yazıq toplum, belədə dövləti içindən dağıtsa da, toplumu içdən yensə də, prezidentdən necə əlini üzsün, üz döndərsin?! Gözünün qabağında da Iraq, Liviya kimi dağılan ölkələr durur! Toplumun bilmək hüququ olsa da, kimsə özünün diktatorundan soruşmur: Iraqın, Liviyanın dağılması nədən oldu? Bax, burasını bildirmək diktatorların, televiziyaları başda olmaqla onların total propaqanda maşınlarının işinə yaramır. Necə deyəsən: Səddam Hüseyn də, Qəzzafi də dövləti, dövlət qanunlarını saymır, özlərini, yaxınlarını dövlət qanunlarından üstün tutmaqla dövlətin gec-tez içindən dağılmağına nədən olurdular.

Başqa diktator yandaşları kimi Ərdoğan da ölkəni hara, hansı çıxmaza gətirib çıxardığını gözəl bildiyindən belə deyir: “Mən getsəm, dövlət dağılar”. O getsə, Türkiyə dövləti, bu getsə, Azərbaycan dövləti dağılar. Bu nə düşük düşüncədir belə: birisinin gedişi, başqasının gəlişiylə dağılan dövləti gerçək dövlət saymaq olarml?! Avropada, Amerikada (bütün demokratik dövlətlərdə!) 4-5, uzağı 8-10 ildən bir dövlət başçısı dəyişir. Onlar niyə “mən getsəm, dövlət dağılar” demirlər? Onlar korrupsiya-repressiya yoluyla dövləti dağıtmadıqları üçün “məndən sonra dövlət dağılar” düşüncəsini ağıllarının ucundan belə keçirmirlər. Onlar belə düşünsələr, bu sayaq düşüncə yiyəsi olsalar, toplum onları dəli sayar.

Dostumuz Barak Obamadan soruşdum: “Çağı çatıb, prezidentlikdən gedirsən. Sən gedəndən sonra Amerika dövləti necə olacaq?” Nə demək istədiyimi əlüstü anlayan dostumuz Barak gülərək dedi: “Amerika kimlərinsə prezidentliyə gəlişiylə, kimlərinsə prezidentlikdən gedişiylə sarsılacaq, dağılacaq dövlət deyil. Mən prezidentlikdən gedəcəm, yerimə məndən üstün, məndən ərdəmli, məndən başarılı başqası gələcək. Amerika daha da güclənəcək, daha da çiçəklənəcək, daha da yüksələcək”.