Əliyev hökumətin iflasını etiraf etdi

ilham-mushavireBöhrandan çıxmaq üçün ard-arda yaradılan qurumlar effektiv nəticə göstərə bilmir; ölkə başçısı daha bir qurum yaratdı

Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu barədə iyulun 15-də ölkə başçısı Ilham Əliyev fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, yeni şura ÿölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılır.

Maliyyə Sabitliyi Şurasının sədri baş nazirÿ Artur Rasizadədir. Şuraya aşağıdakı vəzifəlilər daxil edilib.

Natiq Əmirov – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – maliyyə naziri

Şahin Mustafayev – iqtisadiyyat naziri

Elman Rüstəmov – Mərkəzi Bankının sədri

Rüfət Aslanlı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru.

Fərmanda bildirilir ki, Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Mərkəzi Bankına tövsiyə edilir.

Bundan əvvəl isə Apellyasiya Şuraları, Maliyyə Bazarlarına Nəzarət Palatası, Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya yaradılıb. Bu qurumların heç bir yeni kadrlara tapşırılmayıb. Yeni qurumlar da köhnə komandanın ümidinə qalıb. Digər tərəfdən böhran başlayandan ard-arda bir neçə qurumun yaradılması faktiki olaran hökumətin iflasının etirafıdır.

Digər tərəfdən, Maliyyə Sabitliyi Şurasının yaradılması gecikmiş addımdır. Böhran başlayandan təkcə Mərkəzi Bank 10 milyard itirib. Ona görə də böhrandan çıxış yolu kimi atılan addımların sadəcə imitasiya olduğunu söyləmək olar.

AXCP sədri Əli Kərimli də məsələ ilə maraqlı açıqlama verib: “Artur Rəsizadə, Samir Şərifov, Şahin Mustafayev, Elman Rüstəmov və hakimiyyət komandasının digər üzvləri maliyyə sabitliyi yaradan idilərsə, indiyə qədər niyə yaratmırdılar? Məgər bu ölkədə maliyyə sabitliyi yaratmaq onların vəzifəsi deyildi? Məgər onlar köməkləşərək manatı bir ildə 2 dəfə dəyərdən salmayıblar? Ilham Əliyevin hökumət üzvlərindən ibarət əlavə bir qurum – Maliyyə Sabitliyi Şurası yaratması etirafdır. Əvvəla, onun etirafıdır ki, ölkədə maliyyə sabitliyi yoxdur. Ikincisi, onun etirafıdır ki, bu hakimiyyət komandasından daha fərqli və yeni bir addım gözləmək lazım deyil. Bacardıqları söz oyunu, çoxsaylı mənasız və paralel qurumlar yaratmaqdır. Ölkə isə sürətlə böhranın dibinə yuvarlanır”.

Bir məqamı da qeyd edək ki, ard-arda yeni qurumların yaradılması hakimiyyət daxilində koordinasiyanın itməsini göstərir. Ilham Əliyev artıq komandaya inanmır. Ona görə biri digərinə nəzarət edən qurumlar yaradır. Amma bu qurumlar da yeni kadr təyin edə bilmir.