Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, müsabiqəyə yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə biləcəklər.
I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika”, “Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompyuter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.
Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan, Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar abituriyentlər iştirak edə bilərlər.
M.Abbaszadə abituriyentlərin düzgün ixtisas seçimi etməsinin vacib olduğunu bildirib. “Bəzən səhvlərə yol verilir. Məsələn, rus dili əvəzinə ingilis dili qeyd edilir və yaxud da əksinə. Sonradan bu cür səhvləri aradan qaldırmaq mümkün olmur. İxtisasları da valideynləri ilə məsləhətləşərək özləri seçsinlər. Başqa heç kim bu məsələni həvalə etmək olmaz. Bunun üçün onlara kifayət qədər vaxt verilir”. O, qeyd edib ki, bu il abituriyentlərə 15 ixtisas seçimi şansı veriləcək.
DİM rəsmisi abituriyentlərin keçid və ixtisas balını da qarışdırmamalaı olduqlarını qeyd edib.