Statistika Komitəsinin rəqəmləri Ilham Əliyevi təkzib edir

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Komitənin sənədlərində işləyənlərin sayındakı artım səslənən rəqəmlərdən xeyli azdır, muzdla işləyənlərin azalması isə  rəsmən etiraf edilir…

Iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş ənənəvi iclası keçirildi. Bu iclaslar bir qayda olaraq ölkədəki inkişafı tərifləməyə həsr olunduğundan, neftin ucuzlaşmasından və manatın kəskin dəyər itirməsindən sonra onun nə məzmunda keçəcəyi maraq doğururdu. Amma gördük ki, nə baş verməyindən asılı olmayaraq, Ilham Əliyev yalnız inkişafdan danışır, hər şeyin gözəl olduğunu deyir, yenə də çox sayda yeni iş yerinin açılmasını söyləyir. Hətta Ümumi Daxili Məhsulun azalmasını etiraf etdikdə də…

ÜDM azalırsa, inkişaf necə ola bilər? Necə olur ki, bizim ölkədə ÜDM artanda da, azalanda da inkişaf baş verir? Bu təzadı isə izah edən yoxdur.

Təzad isə tək bununla bitmir. Məsələn, yeni iş yerlərinin açılması ilə bağlı deyilənləri götürək. Artıq mətbuatda Dövlət Statistika Komitəsinin rəqəmləri ilə dövlət başçısının dedikləri arasında dəfələrlə fərq olduğunu yazıblar. Qeyd edilir ki, Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə yeni iş yerlərinin açılması Ilham Əliyevin dediyindən təxminən 13 dəfə azdır və bu zaman muzdla işləyənlərin sayı əsas götürülüb.

Məsələ ondadır ki, muzdla işləyənlərin sayı, ümumiyyətlə, artmayıb. Azalıb. Dövlət Statistika Komitəsinin “Iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə” iki məlumatına baxaq.

13 iyul 2016-cı il:

2016-cı il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olmuş, onlardan 891,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

13 yanvar 2016:

2015-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,0 min nəfər olmuş, onlardan 879,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Bu iki sənəddən bəlli olur ki, 2015-ci ilin dekabrın birində muzdla işləyənlərin sayı 1504000 nəfər, 2016-cı ilin iyunun 1-də 1501700 olub, yəni 2300 nəfər azalıb. Muzdla işləyənlərin sayı azalıbsa, bəs yeni iş yerləri nəyin hesabına artıb? Harada açılıb bu iş yerləri? Dövlət Statistika Komitəsi bunu niyə aydınlaşdırmır? Maraqlıdır ki,  normal ölkələrdə muzdla işləyənlər iqtisadi məşğul əhalinin 70-80 faizini təşkil edirsə, Azərbaycanda bu göstərici 30 faiz ətrafında fırlanır.

Yuxarıda muzdla işləyənlərin sayının azaldığını gördünüz, gəlin işləyən əhalinin ümumi sayı ilə bağlı Dövlət Statistika Komitəsinin rəqəmlərinə diqqət yetirək.

Komitə deyir ki, 2016-cı il iyulun 1-i vəziyyətinə iqtisadi fəal əhalinin ümumi sayının 4707,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir. Yəni işləyənlərin sayı budur (Azərbaycan Respublikasının  Dövlət Statistika Komitəsi, məruzə N 6, 14 iyul 2016-cı il).

Komitə də onu da deyir ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin ümumi sayının 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil etmişdir. Bu da ötən ilin sonunda işləyənlərin sayı. (Azərbaycan Respublikasının Dovlət Statistika Komitəsi, məruzə N 12 19 yanvar 2016-cı il).

Gəlin artımı tapaq: 4707900-4671600=36300. Dövlət Statistika Komitəsinin rəqəmlərinin özünə də inam və etibar üçün əlimizdə heç bir əsas yoxdur, amma yenə də Ilham Əliyevin müşavirədə dediyi rəqəmlə üst-üstə düşmür. Nə 90 min, nə 78 min daimi, nə də 26 min bağlandıqdan sonra yerdə qalan 50-52 minlə. Rəsmi rəqəm 36300-dür!