Komitə yaratmaqla ölkənin reytinqi qalxmayacaq

nemet-eliyev1Ekspertlərə görə, ölkədaxili şəraiti dəyişmədən, xaricdə heç bir nəticə əldə edə bilməz

Dövlət başçısından növbəti maraqlı sərəncam. Ilham Əliyev biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya və Komissiyanın Katibliyi yaradılıb.

Bəs ölkədə normal sahibkarlıq mühiti yaratmadan, məhkəmələri azad etmədən, korrupsiya və rüşvəti kökündən kəsmədən bu tədbir nəticə verə bilərmi?

Iqtisadçı Nemət Əliyev vurğuladı ki, gerəkən addımlar atılmayacağı təqdirdə hökumətin qəbul etdiyi yeni qərarın nəticəsi olmayacaq. Ötən müddət ərzində dövlət başçısının strukturların birləşdirilməsi, komitələrin ayrılmasıyla bağlı müxtəlif qərarlarının olduğunu deyən N.Əliyev vurğuladı ki, amma nəticə yoxdur: “Büdcə gəlir və xərclərinin yerinə yetirilməsində 30 faiz kəsir var. Konkret olaraq hökumətin atdığı addımlar bir nəticə vermir. Iyirmi beş milyardan 10 milyard kiçildilmiş büdcənin icrasında belə problemlər yaşanır. Fikrimcə, yeni yaradılan qurum xaricdə o ovqatı yaratmalıdırlar ki, Azərbaycanda sahibkarlığın inkişafı, investisiya yatırımı üçün hər bir şərait var. Yaxud da Azərbaycanda elə bir mühit yaradılıb ki, sahibkarın pul qazanması üçün geniş imkanlar var. Amma ölkədaxili şəraiti dəyişmədən, yeni yaradılan qurum xaricdə heç bir nəticə əldə edə bilməz”.

N.Əliyev vurğuladı ki, yeni yaranan komitə xaricdə Azərbaycandakı vəziyyətlə bağlı geniş mülahizələrlə çıxış edəcək. Amma Azərbaycana gəlmək istəyən investor ölkəmizlə bağlı internetdə axtarış verən kimi dövlətlə bağlı bütün reallıqlar üzə çıxacaq. “Bütün gerçəkliklər ortaya çıxandan sonra yeni yaranan komitənin təbliğatına kim inanacaq? Heç kimi bu cür yalanlarla inandırıb Azərbaycana daşımaq mümkün deyil”.

Xəyal