Bankın 7.5 milyardlıq ziyanın qapadılması üçün daha 6 milyard ayrılacaq
Nemət Əliyev: «Yeyintinin təkrarlanmayacağına əminlik yaradılmadan, bankın sağlamlaşdırılmasına külli miqdarda vəsait ayrılması məntiqsizlikdir»
Azərbaycan Beynəlxalq Bankına (ABB) dövlət dəstəyi zəif əməliyyat mühitindən yaranan riskləri kompensasiya edəcək.
Bu barədə açıqlamanı “Moody’s” beynəlxalq reytinq agentliyi verib. Agentliyin ABB ilə əlaqədar iyulun 14-də yaydığı hesabatda həmçinin bildirilib ki, bankın fiskal yükünün artmasına baxmayaraq Azərbaycan dövlətinin ABB-yə dəstəyi davam edir. Azərbaycan dövləti ölkədə yaranan mürəkkəb işgüzar mühit nəticəsində yaranan riskləri idarə edir. Agentlik hesab edir ki, iqtisadi geriləmə şəraitində Azərbaycan dövlətinin ABB-yə aktivlərinin keyfiyyətinin artırılması, kapitallaşma və likvidliyin təmin olunmasında dəstəyini davam etdirəcək.
“Dövlət dəstəyi davam edəcək”
“Moody’s”ə görə, ABB-nin dövlət dəstəyindən asılılığı yüksək qalmaqda davam edəcək. Dövlət ABB-nin problemli kreditləri “Azərkredit QSC” bank olmayan kredit təşkilatına ötürməklə bərabər 2016-cı ilin III rübündə bankın kapitalına 500 mln. manatÿ(333 mln. ABŞ dolları) həcmində dəstək verəcəyi hesabatda qeyd olunub.
Bundan başqa, ABB-nin hökumətlə açıq valyuta mövqeyinin hedc edilməsi ilə bağlı danışıqlar apardığı bildirilib. Hesabatda bildirilib ki, hedcinqlə bağlı tədbirlər alınmasa, bankın aktivlərinin keyfiyyəti və kapitallaşması yüksəlməyəcək. Agentlik, ABB-nin yaxın illərdə özəlləşdiriləcəyini gözlədiklərini qeyd edib.
Bahalı kreditlərini ödəyə biləcək
Agentlik ABB-nin maliyyə bazarlarından aldığı borcları bağlaması səbəbindən maliyyələşmə dərəcəsinin 2015-ci ilin sonuna 44%-ə qədər azaldığını, bunun 2014-cü ilin sonunda 50% olduğunu xatırladıb. Agentlik 2016-cı ildə də ABB-nin problemli kreditlərini hökumətə ötürərək ondan maliyyə vəsaiti alacağını bildirib. Bununla da ABB likvidlik “yastığını” artıracaq və ilin sonuna qədər bahalı xarici valyutada kreditlərini ödəməyə davam edəcək.
7,5 milyard manatlıq problemli portfel
“Moody’s” hökumətin 2015-ci ilin iyul ayında ABB-nin reabilitasiyası üçün tədbirlər planını hazırlayıb. Plana əsasən, hökumət ABB-nin problemli kreditlərinin ötürüldüyü “Aqrarkedit QSC”yə 2015-ci ildə 2,5 mlrd. manat vəsait verib. 2016-cı ildə isə daha 5,7 mlrd. manat veriləcəyinə razılaşıb. Faktiki məcmu problemli aktivlərin həcmi 7,5 mlrd. manat təşkil edib. Buna səbəb valyuta məzənnəsindəki dəyişikliklərdən yaranan fərq və “ABB Moskva” ilə “Coint Leasing”dən yaranan problemli kreditlər əlavə edilib.
Hazırda ABB-nin problemli aktivlərinin təmizlənməsi prosesi başa çatıb və o, “AqrarkreditÿQSC”dən əvəzində nağd vəsaiti ala bilib. Bundan başqa, hökumət ABB-nin I dərəcəli kapitalına il ərzində 500 mln. azn dəstək verərək bankda payını 95%-ə çatdıracaq.
Hökumətin yalanları ifşa oldu
Əslində, agentliyin hesabatı hökumətin bir neçə yalanını ifşa etdi. Birinci yalan problemli kreditlərin faizi ilə bağlıdır. Beynəlxalq təşkilatlar problemli kreditlərin ümumi faizinin 30 faizə yaxınlaşdığını bəyan etsə də, hökumət bu göstəricinin 7 faizi ötmədiyini vurğulayır. Halbuki təkcə Beynəlxalq Bankın toksit aktivləri 7.5 milyarddır.
Digər bir təzad isə onunla bağlıdır ki, hökumət iki devalvasiyadan sonra dollarla kreditləri olan vətəndaşların çıxılmaz vəziyyətinə kömək etmədi. Rəsmilər bəyan edib ki, vətəndaşlara bu cür dəstək maliyyə intizamsızlığına səbəb ola bilər.
Azərbaycanda bütün valyuta növləri daxil olmaqla, ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Problemli kreditlərin 1.05 kursu ilə ödənilməsi üçün dövlət üçün bir o qədər də böyük məbləğ tələb olunmurdu. Amma bu edilmədi.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, bankların normal fəaliyyətinin təmin edilməsi hökumətin üzərinə məsuliyyət qoyur. Yəni hökumət ölkədə elə bir mühit yaratmalıdır ki, ölkənin kreditləşməsində heç bir problem yaşanmasın: “Bunun üçün ölkədə hər şeydən əvvəl əlverişli biznes mühiti yaradılmalıdır. Dövlətin borcudur ki, banklarda toplanmış maliyyə vəsaitlərinin sərf olunmasına maliyyə nəzarəti həyata keçirsin. Onu da nəzərə almaq lazımdır ki, Beynəlxalq Bankın səhm paketinin 51 faizi dövlətə məxsus olub. Beynəlxalq Bankın idarəçiliyində Maliyyə Nazirliyi dövlətin təmsilçisi olub. Beynəlxalq Bank əhalini yüksək faizlərlə yükləyəndən sonra məlum oldu ki, Beynəlxalq Bankın 7.5 milyardlıq problemi yaranıb. Həmin kreditlərin böyük hissəsi girov təqdim olunmadan kimlərəsə verilib. Ona görə də Beynəlxalq Bankın sağ qalması gündəmə gəlib. Burada sual çıxır ortaya: belə bir vəziyyətin yaranmasında kim cavabdehlik daşıyır? Bankın rəhbərliyini həbs etməklə iş bitmir. Bəs, dövlətin adından danışmaq hüququ olan Maliyyə Nazirliyinin nümayəndəsini kim cəzalandıracaq? Axı, ən böyük məsuliyyət onun üzərinə düşür. Bankın rəhbəri baş verənlərə görə on il məhbəsə atılırsa, dövlətin adından bank səlahiyyət sahibi olan şəxsi nə gözləyir? Çünki bankın rəhbərindən daha çox məsuliyyəti məhz Maliyyə Nazirliyinin nümayəndəsi daşıyır”.
N.Əliyevin fikrincə, əvvəla bankla bağlı ciddi araşdırma aparılmalıdır. Boşluğun harada buraxıldığı aydınlaşdırılmalıdır. N.Əliyevin sözlərinə görə, növbəti dəfə ciddi maliyyə yeyintisinin təkrarlanmayacağına əminlik yaradılmadan, yenidən külli miqdarda vəsaitləri Beynəlxalq Bankın sağlamlaşdırılması adı altında banka ötrülməsinin heç bir məntiqi yoxdur: “Deməli, məqsəd əslində Beynəlxalq Bankı sağlamlaşdırmaqda deyil. Yaxud da hakimiyyətin yüksək eşalonunda yer alan və Beynəlxalq Bankı bu müflis duruma gətirən qüvvələr yenidən dövlət büdcəsindən vəsaitləri cəlb edərək mənimsəmək istəyirlər. Ona görə nə qədər ki, sağlam əsaslar yaradılmayıb, yeni vəsaitlərin ayrılmasına yol vermək olmaz”.
Xəyal