Yanğına görə tutulan həbsdə öldü

baki-bina-yanginKeçən il Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına görə tutulanlardan biri həbsdə vəfat edib.

Lent.az-ın xəbərinə görə, Nüsrət Muxtarov Bakı İstintaq Təcridxanasında qəfil vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Hadisə ilə bağlı Penitensiar Xidmət, hələlik, açıqlama verməyib.

N.Muxtarov CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

2015-ci il aprelin 10-da Xətai rayonundakı çoxmərtəbəli binada yanğın olmuşdu. Yanğına binaya vurulan tezalışan üzlük səbəb olmuşdu. Həmin hadisədə xəsarət alan olsa da, ölən olmamışdı. Bu hadisədən bir ay sonra, mayın 19-da isə Binəqədi rayonunda 16- mərtəbəli binada baş verən yanğında 15 nəfər həyatını itirmişdi. Onların arasında uşaqlar da vardı.