Şahmar Mövsümovun nikbinliyinə əsas varmı?

samir-eliyev-iqtisadciNeft Fondunun rəhbərinə görə, devalvasiya ilə bağlı söhbətlər ajiotajdır və bundan spekulyantlar qazanır

Samir Əliyev: «Dolların məzənnəsinin qalxmasının sırf spekulyasiyaya görə olması düzgün deyil»

Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankın bir yerdə 200 milyon dolları son dəfə hərraca çıxarması bazarlarda dollara olan tələbatı tam ödəmədi. Çünki bu addım dolların kursunda görünən dəyişikliyə səbəb olmadı. Iki yüz milyon vəsait 29 banka satılıb. Hökumətin dollara olan tələbatı azaltmaq və manatın dəyər itirməsinin qarşısını almaq üçün daha bir addım kimi pul köçürmələrinə nəzarəti nəzərdə tutub.

Bundan başqa dollara olan tələbatı artıran daha bir faktor idxalın artmasıdır. Bu ölkədən dolları çıxaran əsas amil  olaraq qalır.

Amma bütün bunların fonunda hakimiyyət təmsilçiləri yenə nikbin əhval-ruhiyyədədir. Birinci və ikinci devalvasiyada olduğu kimi yenə də hökumət öz ampluasındadır. Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov hesab edir ki, növbəti devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır. Ş.Mövsümovun fikrincə, dollara meyl edən vətəndaşlar uduzacaqlar. Xatırlayırsınızsa oxşar bəyanatlar dövlət başçısı Ilham Əliyev və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov tərəfindən də bir neçə də səslənib. Amma bu bəyanatlardan sonra biz iki ciddi devalvasiyanın şahidi olmuşuq.

Iqtisadçı Samir Əliyev hesab edir ki, öncə onu müəyyən etmək lazımdır ki, dollara tələbatın yaranmasının səbəbi nədir. Buna səbəb ölkədən kapital çıxarılmasıdır: “Ötən il ilə müqayisədə dollara tələbat azalıb. Yəni əhali əllərində olan vəsaiti dollara çeviriblər. Banklardakı əmanətlərin dollarlaşması 80 faizə çatıb. Üstəgəl əhali əllərində olan vəsaiti dollara çevirməyə başladı. Əhalinin dollara olan tələbatı demək olar ki, tam ödənilib. Hətta insanlar dolları manata çevirməyə başlayıblar. Amma dolların kursuna təsir edən faktor daha çox ölkədən kapital axını ilə bağlıdır. Əgər əhalinin yığdığı dollar ölkədə qalırsa və iqtisadiyyata yönəlirsə bu müsbətdir. Amma əgər bu kapital ölkədən çıxarılırsa, bu geri dönməz xarakter daşıyır. Rəsmi kapital axını dedikdə əsasən idxala yönələn vəsaitlər nəzərdə tutulur. 2015-ci il ilə müqayisədə idxal azalıb. Amma yenə də idxal üç aydır ki, idxal ixracı üstələyir. Yəni ölkədən çıxan valyuta, ölkəyə gələni üstələyir. Bu da ölkədə buna ehtiyac yarandığını göstərir. Eyni zamanda qeyri-rəsmi kapital axını var. bu da sahibkarların, məmurların ölkədən pul çıxarması ilə bağlıdır”.

S.Əliyevin sözlərinə görə, bu məqamlar dollara tələbatı artırır. Eyni zamanda bankların, şirkətlərin xarici borcları ödənilməlidir. Bu da dollara olan tələbatı artıran səbəbdir: “Iyunda keçirilən hərraclarda tələb təklifi on dəfəyə qədər üstələyib. Eyni zamanda yay mövsümü ilə əlaqədar ölkədən dollar çıxarılır. Azərbaycana turistin gəlmədiyini hamı bilir. Əksinə ölkədən çoxlu turist xaricə gedir. Ona görə ölkədən xarici valyuta axını gedir. Böyük Britaniyanın Avropa Birliyindən çıxması da bazarda gərginlik yaradıb və dolların məzənnəsinə təsir edib”.

MB-nin sonuncu dəfə fevralda dollar hərraclarında iştirak etdiyini deyən S.Əliyev bildirdi ki, hətta aprel, martda MB dollar alışı həyata keçirib. Dollara hazırkı tələbatın təbii səbəblərlə bağlı olduğunu söyləyən S.Əliyev vurğuladı ki, bazarda spekulyasiya həmişə olub. Üzən məzənnəyə keçiddə spekulyasiya həmişə olub: “Insanlar məzənnənin qalxıb-düşməsindən pul qazanırlar. Amma dolların məzənnəsinin qalxmasının sırf spekulyasiyaya görə olması düzgün deyil. Bunun fundamental səbəbi var. Bu da onunla bağlıdır ki, ölkədən çıxan valyuta gələndən çoxdur”.

Xəyal