herbi-cagirish

Ölkəni çalxalayacaq layihənin icrasına başlanılır

 

herbi-cagirishMaliyyə böhranına görə hüquq-mühafizə orqanlarında çalışanlar və hərbçilərin pensiyaya çıxma müddəti artırılır

Hüquq-mühafizə orqanları və silahlı qüvvələr qüvvələrdə xidmətkeçmə haqqında qanuna dəyişikliklərin icrasına başlanılır. Ölkə başçısı Ilham Əliyev ötən ay bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Qeyd edək ki, dəyişikliklərdə hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə xidmət müddəti artırılır. Bu, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlıdır.

“Azadlıq” hələ bir müddət əvvəl bildirmişdi ki, “mək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə baş nazir Artur Rəsizadəyə təqdim edilib. Həmin layihədə hüquq-mühafizə orqanları əməkdaşlarının və silahlı qüvvələrdə xidmətkeçmə müddətinin artırılması təklif olunur.

Məsələn, qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə 25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stacı olan, bu stacın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6 aya çatdırılıb.

Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə xidmətkeçmənin daha 10 il artırılması təklif olunur.

Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha çox ümumi iş stacı olan, bu stacın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib.

Qanunun 9.7-1-ci maddəsində deyilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stacı olan ədliyyə işçiləri əmək pensiyasına çıxa bilər. Dəyişikliyə görə isə qulluq stacı 35 il olmalıdır.

Miqrasiya və fövqəladə hallar orqanlarında çalışanların da qulluq stajı 25 ildən 35 ilə qaldırılıb.

Bundan başqa qanunun 20.8.1-ci maddəsində göstərilir ki, prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya verilə verilə bilər. Dəyişikliyə görə isə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya almaq üçün 15 il prokurorluq orqanlarında çalışmalısan.

20.8.2-ci maddədə isə bildirilir ki, prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya ala bilər. Bu maddə yeni redaktədə belə verilib: “Prokurorluq orqanlarında 15 ildən 20 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 15 ildən yuxarı prokurorluq işçisi stacının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stacı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla”.

Ekspertlər bu dəyişiklikləri maliyyə böhranı ilə əlaqələndirirlər: “Hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə xidmətini başa vuranlar aldıqları əmək haqqının 80 faizi qədər pensiya alır. Indik vəziyyətdə isə hökumətin buna gücü çatmır. Lakin bu layihə ciddi narazılıqlara səbəb ola bilər. Çünki yüzlərlə polis, hərbçi, prokuror işçisi var ki, xidmət müddətinin başa çatmasına sayılı günlər qalıb və onlar səbirsizliklə pensiyaya çıxmaqlarını gözləyirlər. Indi onlar pensiyaya çıxmaq üçün daha 5-10 il işləməlidir. Bundan başqa layihə yeni kadrların işə götürülməsinə də maneə yaradır”.