Elnur As elnurastanbeyli@gmail.com
Əksər azərbaycanlılar başqalarının həyatına müdaxilə etməyi çox sevirlər. Çoxluq bu ölkədə bir-birinin hər işinə, hətta nə geyindiyinə, kiminlə evləndiyinə çox asanlıqla qarışa bilir. Amma eyni çoxluq öz taleyi ilə bağlı məsələlərə yaddır, ögeydir. Məmləkətin ağrılı-acılı, taleyüklü məsələlərindən söz düşəndə “mən siyasətə qarışmıram” deyərək aradan çıxanlar başqalarının şəxsi işinə, seçiminə, həyat və düşüncə tərzinə rahatlıqla qarışırlar.
Bu yaxınlarda elektron poçtuma gələn bir məktubu ürəkağrısı ilə oxudum. Məktub müəllifi ailə üzvlərinin, qohum-qonşunun basqısından gileylənirdi. Basqının səbəbi isə 21-ci əsr üçün, yaşadığımız çağ üçün çox iyrəncdir. 26 yaşı olan gənc yazır ki, özündən üç yaş böyük bir xanımı sevir. Xanım 6 il evli olub və uşaqları olmadığı üçün keçmiş ərindən boşanıb. Bir müddət sonra isə haqqında bəhs etdiyim gənclə tanış olub. Gənc yazır ki, onlar iki ilə yaxındır birlikdədirlər, bir-birlərini dəlicəsinə sevirlər, xoşbəxtdirlər, o ata, xanımı isə ana olmaq arzusundadır, amma… Işin “amma”sı ondan ibarətdir ki, 26 yaşlı gəncin valideynləri şiddətli şəkildə bu cütlüyün evlənməsinə qarşıdır. Sitat (kiçik redaktə ilə): “Atam hədələyir ki, onunla evlənə bilərsən, amma bir şərtlə: əvvəlcə oğulluğumdan çıx. Anam deyir, harda görünüb cavan oğlan dul qadın alsın? O da deyir, səni oğulluqdan çıxaracam, südümü halal eləməyəcəm. Qohum-qonşunun əlindən təngə gəlmişəm. Hər gün üzümə min cür söz çırpırlar, deyirlər, ərdən çıxmış qadını almaq ilk dəfə ailə quracaq bir kişiyə yaraşarmı, özü də səndən neçə yaş böyükdür. Həyatım zəhərə dönüb. Nə edəcəyimi bilmirəm. Bircə yolum qalıb, o xanımı da götürüb bu ölkədən rədd olum gedim. Min dəfə demişəm ki, sizə mənim xoşbəxt olmağım lazım deyil?
Istəmirsiniz mən özümə mehriban bir ailə qurum? Deyirlər, istəyirik. Deyirəm, onda imkan verin, mən bu xanımla evlənim, çünki mənim xoşbəxtliyim ondadır. Bunu deyən kimi, eşitmədiyim töhmət, təhqir qalmır. Bu söhbətlərdən boğaza yığılmışam. Şəxsi problemimlə sizin başınızı ağrıtdığım üçün üzr istəyirəm. Amma qələminizə hörmət edən bir oxucunuz olaraq, fikirlərinizi öyrənmək istəyirəm. Nə məsləhət görürsünüz, mən bu vəziyyətdə nə etməliyəm?”
Kiməsə öyüd vermək həddimə deyil. Sadəcə, buradan istər o gəncə, istərsə də oxşar mental basqılarla üzləşən hər bir insana deyəcək iki-üç kəlmə sözüm var: kimsənin sizin şəxsi istəklərinizin, iradələrinizin üstünə çıxmağa icazə verməyin! Başqalarını yalnız xoşniyyətli tövsiyələr verəcək qədər yaxına buraxın. Amma imkan verməyin, onlar sizi öz mental basqıları, təhdidləri ilə istədikləri şəkildə idarə etsinlər. Imkan yaratmayın, onlar sizi öz istəklərinə, arzularına görə yönləndirsinlər. Öz həyatınızı özünüz qurmaqdan qorxmayın! Öz seçimlərinizi özünüz etməkdən çəkinməyin!
Bəli, bir üçüncü dünya ölkəsində buna nail olmaq, bunu bacarmaq o qədər də asan deyil. Amma bütün hallarda siz buna cəhd edin. Əmin olun, bacaracaqsınız. Artıq keçmişin zalım buxovlarını qollarımızdan qırmaq zamanı gəlmiş də, keçməkdədir. Artıq geriçiliyin, aqrarlığın qanqallarını yollarımız üstündən təmizləmək zamanı gəlmiş də, keçməkdədir.
***
Və sonda başqalarının şəxsi şəxsi seçimlərinə, şəxsi qərarlarına burun soxmağı vərdişə çevirən, bundan zövq alanlara da bir kəlmə sözüm var: kaş özgələrinin şəxsi həyatına qarışdığınız qədər siyasətə də qarışa biləydiniz. O zaman bu ölkə çoxdan xoşbəxtliyə, hüzura, aydınlığa, azadlığa qovuşmuş olardı!