Milli Şura ölkədəki iqtisadi fəlakəti göstərən sənəd yayacaq

milli-sura-rehberlikKoordinasiya Mərkəzi bir sıra mühüm məsələləri müzakirə etdi

Milli Şuranın Koordinsiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda bir sıra mühüm məsələlər müzakirə olunub.

Koordinasiya Mərkəzi İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının nəticələrini müzakirə edib. Təəssüf hissi ilə qeyd olunub ki, hökumət ölkədəki kəskin sosial-iqtisadi problemləri həll etmək, islahatların önünü açmaq əvəzinə yenə də problemləri gizlətmək, xalqa yalançı optimist məlumatlar vermək və islahatların imitasiyasını etməklə məşğuldur. Bildirilib ki, müşavirənin gedişində həm dövlət başçısı, həm də digər yüksək vəzifəli şəxslər ictimaiyyətə bir sıra məsələlərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar verib. Əslində ölkədə sosial problemlər kəskinləşir, iqtisadi vəziyyət günü-gündən pisləşir. Qərara gəlinib ki, Milli Şura yaxın günlərdə ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı bütün gerçəkləri ehtiva edən sənəd hazırlayıb yaysın.

İclasda eyni zamanda hökumətin ünvanlı sosial yardımı dayandırmağa hazırlaşmağı müzakirə edilib. Narahatlıqla bildirilib ki, ölkə başçısının təşəbbüsü ilə gündəmə gələn bu addım hər cür dolanışıq imkanından məhrum olub, ayda cəmi 150 manatın ümidinə qalan 112 min ailəni, 500 min nəfərə qədər azərbaycanlını bundan da mhrum edəcək. Koodinasiya Mərkəzi bunu olduqca insafsız və anti-insani hərəkət kimi qiymətləndirib.

İclasda NATO-nun Varşava sammitinnövbəti dəfə Azərbaycanın ərazi bütovlüyünə açıq dəstək ifadə olunması müsbət hadisə kimi dəyərləndirlib. Qeyd edilib ki, bu dəstək Avroatlantik istiqamətdə inteqrasiyanın milli maraqlarımıza uyğun olduğunu bir daha göstərir. Lakin hakimiyyət Azərbaycanı belə etibarlı müttəfiqdən məhrum edib, NATO ilə əməkdaşlığın qarşısını uzun illərdir süni şəkildə alıb.

Koordinasiya Mərkəzi siyasi məhbuslarla bağlı məsələni də növbəti dəfə müzakirə edib. Vurğulanıb ki. hakimiyyət, xüsusilə hüquq-mühafizə orqanları hələ də adam oğurlamağa davam edir. Belə ki, AXCP Gənclər Komitəsinin üzvü Xəqani Nəsirov 20 günə yaxındır yoxa çıxıb. Onun harada olması barədə mətbuatın və AXCP-nin çoxsaylı sorğularına baxmayaraq, heç bir rəsmi məlumat verilmir. Yalnız sosial şəbəkələrdə Xəqani Nəsirovu alçaltmaq məqsədi ilə yayılmış şəkillərdən belə qənaətə gəlmək olar ki, o, məhz hüquq-mühafizə orqanlarının girovluğundadır. Milli Şura Xəqani Nəsirova qarşı anti-insani hərəkətə qəti etirazını bildirir, onun dərhal azadlığa buraxılmasını, hüquq-mühafizə orqanlarındakı adam oğurluğu praktikasına son qoymağı tələb edir.

İclasda Tale Bağırzadənin rəhbərliyi ilə Müsəlman Birliyi Hərəkatının fəallarına qarşı Nardaran işi üzrə gələn həftə başlayacaq məhkəmə prosesi də müzakirə olunub. Yada salınıb ki, bu işə süni şəkildə AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlı da daxil edilib. Bu, Milli Şura adından narahatlıqla qarşılanıb və hakimiyyətdən tələb edilib ki, Fuad Qəhrəmanlıya qarşı əsassız ittihamlar geri götürülsün. Eyni zamanda Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatının digər fəallarına qarşı irəli sürülən terrorçuluq, adam öldürmə və sair ağır ittihamların əslində qurama olduğuna inam da ifadə edilib. Milli Şura adından tələb olunub ki, bu məhkəmə prosesi açıq keçirilsin və cinayət işinin nə dərəcədə əsaslı olub-olmadığının üzə çıxmasına imkan yaradılsın. Koordinasiya Mərkəzi Milli Şuranın üzvü Natiq Kərimovun həmin Nardaran işi üzrə uzun müddətdir ev dustağı kimi saxlanmasından da narahatlığını ifadə edib.

İclasda ölkənin siyasi həyatına aid olan bir sıra digər məsələlər də müzakirə edilib.