Hakimiyyətin “barama əməliyyatı”

alliyev-korrupsiya-kollajİlham Əliyevi aldadıblar, yoxsa ölkə başçısı özü yeni korrupsiya mənbəyi yaradır?

Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin ykunlarına həsr olunmuş iclasındakı çıxışında diqqətçəkən məsələlərdən biri də onun baramaçılıqla bağlı fikirləridir. Ölkə başçısının həmin fikirlərini təqdim edirik: “Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir.

Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq”a bildirib ki, Ilham Əliyevin dediklərinin reallaşması çətin məsələdir: “Çünki baramaçılıqla bağlı sovetdən qalma təsərrüfat məhv edilib. Indi toxumu da, tutu da Irandan gətirirlər. Baramaçılığı inkişaf etdirmək üçün yeni çəkilliklər salınmalıdır. Bundan isə 4-5 ildən sonra istifadə olacaq. Digər tərəfdən hazırda dünya bazarında ipəyə tələbat o qədər də çox deyil. Bazar isə Çin kimi baramıçılığın inkişaf etdiyi ölkələrin nəzarətindədir. Azərbaycanın bu bazarda rəqabətə davam gətirəcəyi inandırıcı deyil”.

Digər ekspertlər isə hesab edir ki, bu, yeni korrupsiya mənbəyindən başqa bir şey deyil.