ismayilli-rayonu

Basqal əhalisi İlham Əliyevdən nə istəyir?

ismayilli-rayonuIsmayıllı rayonunun Basqal kəndinin sakini Şükür Məmmədli üzləşdikləri problemlər barədə dövlət başçısı Ilham Əliyevə məktub ünvanlayıb. Məktubun surətini “Azadlıq”a da göndərən Şükür Məmmədli yazır ki, Basqal Ismayıllının 12 kəndindən biridir. Sovet dövründə orada əhalinin ehtiyacı olan bütün məntəqə və təşkilatlar fəaliyyət göstərirdi. Lakin hazırda kənddə tibb məntəqəsi, aptek, bankomat belə yoxdur və əhali bütün bunlardan ciddi əziyyət çəkir.

“Kənd əhalisi xəstələnəndə bir sistem qoşdurmaq üçün rayon mərkəzinə getməli olur. Onlar bir dərman almaq üçün 40 kilometr yolu gedib-gəlməyə məcbur olur. Kənddə yanğın hadisəsi olanda əhali çox əziyyət çəkir. Yanğınsöndürən gəlincə hər şey kül olur. Ismayıllı raynunda bir neçə park və heç kimə gərək olmayan ”Saat meydanı” tikiblər. Dörd tərəfdə olan saatların hərəsi də bir vaxtı göstərir. Regionların inkişafı adıyla belə mənasız işlər görülür. Amma əhalinin əsas problemləri həll edilməmiş qalır. Bir kəndin əhalisi ki, pensiya almaq üçün rayon mərkəzinə gedir və aldığı azacıq təqaüdünün də bir hissəsi yol xərcinə çıxır, hansı inkişafdan söhbət gedə bilər?!”, – deyə məktubda yazılıb.

Basqal sakini deyir ki, kənddə bir yanğınsöndürən maşın olsa, bankomat qoyulsa, feldşer-mama məntəqəsi açılsa, yaxşı olar: “Əhalinin belə vacib problemlərin həllinə çox ehtiyacı var”.

Sosial şöbə