Samir Şərifovun adamından ölkə başçısına növbəti müraciət

samirMaliyyə nazirinin kadrı məcburi köçkünün pulunu niyə vermir?

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkün ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a göndərib. Məcburi köçkün yazır: “Azəroğlu” yol idarəsinin nəzdində 69 saylı idarənin rəisi Əliheybət Şirinov mənə veriləsi əmək haqqını iki ildir vermir.

Ona maşın sahiblərinin pullarını istədiyini deyərək xahiş etsəm də məni aldadaraq yola salır. Son dəfə isə məni hədələyərək dedi ki, pulu hazırda “Dəmiryolu” ASC-nin sədri Cavid Qurbanov verməlidir. Onu tanımadığımı və pulumu tələb edəndə isə Əliheybət məni qovaraq öldürəcəyilə hədələdi.

Mənim öhdəmdə azyaşlıdan tutmuş təqaüdçüyə qədər  9 nəfər insan var. Heç kim də işləmir və evə bir manat da gətirmir. Evdə məndən başqa işləyən yoxdur. Dolanışıq pulumuz məcburi köçkünlərə verilən “çörəkpulu” və anamın 150 manat təqaüdüdür. Bununla 9 nəfər necə yaşasın?

Bir neçə yerə müraciət etsəm də cavab almamışam. Hamı sanki Əliheybətdən qorxur. “Azadlıq” qəzetinə müraciət etdim və 23 iyun 2016-cı ildə “Samir Şərifovun adamı məcburi köçkünü hədələyir” başlıqlı məqalə dərc edildi. Lakin bu da Əliheybətə təsir etmədi. Havadarı güclüdür ki, ondan sonra məni neçə dəfə hədələyib. Onsuz da canımdan keçmişəm, neçə qohumum şəhid və girov olub. Onlardan artıq deyiləm. Sabah müharibə başlasa, Əliheybətin oğlu burda tapılmayacaq. Amma mən qohumlarım və qardaşlarımla müharibəyə getməyə hazırıq. Bir cana borcluyam və heç kimdən qorxmuram. Hər yerə şikayət edəcəm. Cavab almasam xarici dövlətlərə, hətta düşmənimiz Ermənistana belə şikayət edəcəm. Haqsız ölkədə yaşamaqdansa, ölmək yaxşıdır.

Onun obyektlərinin sayı-hesabı yoxdur. Bütün bunları hardan qazanıb? Məni kimiləri, dövləti aldadıb sərvət yığıb. Bəs qanun keşikçiləri hara baxır?”