“ASAN-Xidmət”, yoxsa hüquqi-demokratik dövlət?

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Dünən xəbər lentlərindən oxudum ki, Azərbaycanda indi də “ASAN qatar” sistemi fəaliyyətə başlayacaq, yəni qatarlar vasitəsilə xidmət göstəriləcək.

Açığı, mən bundan bir şey başa düşmədim. Başa düşdüyüm odur ki, yaptokratlar hüquqi-demokratik dövlət qurmamaq üçün hər gün bir asan tamaşa düzəldirlər.

Nə demək istəyirəm? Indiki çağda “ASAN Xidmət” layihəsini az qala analoqsuz bir uğur kimi sırımağa çalışmaq xeyli gülməlidir. Əlbəttə, siz həyata, dünyaya, zamana daha geniş açılmış gözlərlə, daha ayıq, soyuq başla baxır, “buna da şükür!” düşüncəsi ilə yaşamır, ölkənizdə olub-bitənlərə “bu da olmasa, onda neyləyərdik?” bucağından yanaşmırsınızsa!

Ən azı ona görə ki, hüquqi-demokratik dövlət qurulduğu təqdirdə hər hansı “ASAN”-masan xidməti gərəksizdir. Bu zaman hökumətin də işi asanlaşır, vətəndaşın da. Süründürməçilikdən tutmuş rüşvətxorluğacan bütün pisliklər arxivə qaldırılır, məmur heyvərəliyi, yağmaçılığı keçmişdə qalır. Yoxsa iri büdcə pullarını şəxsi ciblərə yönəldib, amma vətəndaşa hansısa arayışı 3-5 manat rüşvət almadan verməklə öyünmək, hələ buna görə bir də camaatın boynuna minnət qoymağa çalışmaq komediyadır.

Yaşadığımız çağda, təqvim 21-ci əsri, 2016-cı ili göstərərkən tutaq ki, kimlik sənədini tez və rüşvətsiz almağı nəhəng uğur kimi təqdim etməyə çalışmağın özü Azərbaycanın gerçək durumunu çox yaxşı anladır! Bəli, biz çağın dəhşətli dərəcədə gerisindəyik və bunun ən böyük səbəbi ölkədəki yanlış idarəetmədir.

“ASAN Xidmət”in mənim üçün yeganə müsbət tərəfi onun xalq barədə rejimin bilərəkdən yaratdığı təsəvvürləri alt-üst etməsidir. Yaptokratlar illərdir belə fikir formalaşdırırdılar ki, rüşvət verən olmasa, rüşvət alan da olmaz, yəni guya orta statistik vətəndaş rüşvətsiz yaşaya bilmir, rüşvətsiz iş görməyə hazır deyil, guya rüşvət bizim qanımızdadır, falan-filan. Amma “ASAN Xidmət” göstərdi ki, xalqla rüşvət arasında paralellər aparmaq cəhdi filfilodur, ölkədə normal, çağdaş idarəetmə reallaşsa, rüşvət də çox asanlıqla aradan qalxar.

Bəli, “ASAN Xidmət” Azərbaycanda müsbət dəyişimlərin qarşısında tək əngəlin hazırkı rejimdən başqası olmadığının inkaredilməz dəlilidir!  O sübut edir ki, rejimdən fərqli olaraq sadə xalq çağdaş yaşam şərtlərini qəbul və həzm etməyə, onlar əsasında yaşamağa dünəndən hazırdır.

Yenidən o fikirə qayıdaq ki, bundan kənarda sözügedən layihəni şişirtməyə gərək yoxdu, o əslində hüquqi-demokratik dövlət arzusunu, xəyalını arxa plana atmaq üçün düşünülüb. Bir az da açıqlayım: bu xidmətin gerçək mahiyyəti ondan ibarətdir ki, məsələn, asanlıqla kimlik kartı ala bilirsənsə, bu qədər bəsindir. Əvəzində isə rejim bütöv bir ölkənin, onun sərvətlərinin, onun insanlarının üzərində təkbaşına, alternativsiz söz sahibi olaraq qalır! Hansısa arayış üçün alınan qəpik-quruşluq rüşvətdən sadəcə ona görə imtina edilir ki, məmləkətin yüz milyard manatlarla ölçülən qazanclarını rahat, təhlükəsiz, daha uzun müddət talamaq, sonra da oturub onu qorxu-hürküsüz, xımır-xımır yemək   mümkün olsun. Hansı ki, hüquqi-demokratik dövlətdə bu, əsla mümkün deyil!

Məsələ bax bu qədər sadə və bəsitdir.

Bir az dərindən düşünəndə görəcəksiniz ki, o xidmət heç yetimin papağını alıb, sonra da özünə qaytararaq sevindirmək belə deyil.

O – yetimin geyindiyi hər şeyi alıb sonra da ancaq papağını özünə qaytararaq sevindirmək, buna görə hələ bir minnətdarlıq, təşəkkür qazanmaqdır.