ABŞ-da polisləri silahlı robotlar əvəzləyəcək

robotÇoxfunksiyalı robotların qiyməti 100 min dollardan yuxarıdır

ABŞ-da Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanlarının  istifadəsi üçün robotların istehsalını artırırlar. Robot istehsalçısı Sean Bielatın Dallas polisinin ötən həftə qətliam törədən silahlı şəxsi zərərsizləşdirmək üçün bombalı robotdan istifadə etməsinə müsbət yanaşır.

“Endeavor Robotics” şirkətinin baş icraçı direktoru olan Bielat deyir ki, robot məhz bu cür fövqəladə vəziyyətlərdə lazım olur. Dallasda da insan tələfatına, konkret olaraq polis əməkdaşlarının ölümünə yol verməmək üçün istifadə edilib.

“RE2 robotics” şirkətinin baş direktoru və Milli Müdafiə Sənayesi Assosiasiyasının rəhbəriÿ Coergen Pedersen isəÿhesab edir ki, robotun öldürücü gücündən ən sonuncu çıxış yolu kimi istifadə olunmalıdır.

Dallas meri ÿMike Ravlings ÿəməliyyata xeyir-dua verib: “Polis rəisinin iki çıxış yolu var idi və o bunu seçdi. Mən onu tamamilə dəstəklədim, çünki bu ən təhlükəsiz yol idi”.

Hərbi sahədə araşdırmalar genişləndikcə robotların qiymətləri aşağı düşür. Pentaqonun yürütdüyü siyasət, xüsusilə də onun 1033 proqramı sayəsində döyüş robotları ölkədaxili hüquq-mühafizə agentliklərində geniş istifadə olunmağa başlayacaq. Bu isə o deməkdir ki, Amerika küçələrində silahlı polis robotları görə biləcəyik. Ucuz və faydalı polis robotları hər yerdə olacaq.

Dallas polisinin istifadə etdiyi robot partlayıcı maddəni silahlı adama maksimum yaxınlaşdıraraq onu məhv edib. Bielat hesab edir ki, bu növ robotların gündəlik istifadəsi gözlənilmir. Çünki bu robotun qiyməti 100 min dollardan yuxarıdır. Ancaq o deyir ki, istehsal xərcləri azaldıqca, 3D çapının verdiyi imkanlar artdıqca hərbi robotlar ucuzlaşacaq və daha bacarıqlı olacaq.

Artıq Sean Bielatın şirkəti ordunu 4100 robotluq piyada birləşməsi ilə təchiz etmək üzərində işləyir. Bielat dəniz piyadalarının, hətta başqa hərbi birləşmələrin də bu proqrama qoşulacağını gözləyir: “Müştərilər öz vəzifələrinə uyğun olaraq robotların fərqli versiyalarını istəyə bilərlər. Bura məhvedici tapşırıqları yerinə yetirmək bacarığı da daxildir. Necə ki, indi hər bir polis maşınında noutbuk və kameralar var, eləcə də hər bir polis maşınında kiçik robot olacaq. Onun üzərində elektroşok qurğusu da ola bilər. Robot vaxta qənaət etməyə və bir çox şeyləri məsafədən eləməyə imkan verir. Operator öz kürsüsündə oturaraq səsötürmə cihazı vasitəsilə saxlanılmış şəxsə “silahı yerə at” deyə, robot da elektroşok cihazından istifadə edə bilər”.

Bielat deyir ki, robotu silahlandırıb-silahlandırmamaq barədə qərarı da son nəticədə müştəri verir. Onun sözlərinə görə, müştəri işin gedişində robotdan istifadə etdikcə anlayacaq ki, ona hansı əlavə bacarıqların verilməsi işi asanlaşdıra və daha təhlükəsiz edə bilər.

Amerikada hər 61 saatda bir polis nəfəri ölür. Ancaq həm də hər gün üç nəfər polis tərəfindən öldürülür. Özünü daimi təhlükə altında hiss edən polisin də öz növbəsində fərdlərə xəsarət yetirmək ehtimalı artır.

Amerikada belə bir fikir var ki, polisin silahdan istifadə etməsi ehtimalını artıran amillərdən biri də əllərdə külli miqdarda qanuni silahın olmasıdır. Polis hətta xırda cinayətləri törədənləri də təqib edəndə ona qarşı silah işlədilməsi ehtimalının olmasını bilir.