Yaxud iki fərqli reputasiyanın qarşıdakı toqquşmasından doğa biləcək nəticələr
İyulun 19-da AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə və daha 17 nəfərin ittiham olunduğu iş üzrə məhkəmə prosesi başlayacaq. Yerli media bunu “Nardaran işi” adlandırır, ona görə ki, 2015-ci ilin noyabrında Nardaranda bir neçə polis və mülki şəxsin həlak olduğu xüsusi əməliyyatla bağlıdır.
Hansı zərurətdən və hansı şəraitdə həyata keçirildiyi heç qarşıdakı məhkəmədə də doğru-dürüst açılamayacaq Nardaran əməliyyatından sonrakı həbslər içində ən təəccüblüsü Fuad Qəhrəmanlının həbsi oldu. Əvvəla, Fuad Qəhrəmanlını Nardarana və Tale Bağırzadənin hərəkatına heç nə bağlamır. İkincisi, onu ibtidai istintaqda da rəsmiləşdirildiyi kimi, feysbukda yazdığı statuslara görə həbs etdilər.
Əlbəttə, Fuad Qəhrəmanlının həbsi üçün verilən siyasi sifarişin məntiqi aydındır. Plan belə olub ki, hakimiyyətin baş ağrısına çevrilmiş AXCP dini təmayüllü olduğunu gizlətməyən bir təşkilatla eyni uydurma cinayət əməlində birləşdirilsin. Yəni siyasi hakimiyyətin arzusuna görə, AXCP Müsəlman Birliyi Hərəkatı ilə birlikdə Azərbaycanda dini dövlət qurmaq üçün çevriliş hazırlamışdı və buna da Nardarandan başlamışdı. Fuad Qəhrəmanlı da guya AXCP-ni “Nardaran işi”nə bağlayası kilid fiqurdur.
Şübhəsiz Prezident Administrasiyasının kabinetlərində yazılmış, ya da təsdiqlənmiş bu ssenarinin uydurmadan başqa bir şey olmadığı müəlliflərdən icraçı müstəntiqlərə qədər hamıya bəllidir. Və yəqin ki, bütövlükdə cəmiyyətdə olduğu kimi, oralarda da gülüş doğurur. İndi komediyanı davam etdirmək növbəsi məhkəmənindir. İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ən yeni tarixinin neçəsə gün davam edəcək növbəti siyasi komediyalarından biri başlayır.
Əslində, siyasi hakimiyyətdə rasional düşüncə qabiliyyətini itirməmiş bir söz sahibi varsa, məhkəmə başlamadan işə xitam verilər, Fuad Qəhrəmanlı da, o biri günahsız insanlar da sərbəst buraxılardı. Amma bunu gözləməyə dəyməz təbii ki. Azərbaycanın siyasi rəhbərliyi bir az da artıq hakimiyyətdə qala bilmək üçün bütün rüsvayçılıqları üzərinə götürməyə, özünə qarşı kinayə və nifrəti, eləcə də beynəlxalq təzyiqləri artırmağa hazır olduğunu çoxdan isbat eləyib. Bu baxımdan qarşıdakı məzhəkə-məhkəmə də tam formal ciddiyəti ilə başa çatdırılacaq və ibtidai istintaq materiallarındakı uydurmaların həqiqət olduğuna Azərbaycan Respublikası adından hökm veriləcək. Respublika adı altında şahlıq rejimi quranlar üçün bu adi şeydir.
Amma siyasi hakimiyyətin bütün hazırlıqlarına baxmayaraq, Fuad Qəhrəmanlı hakimlər qarşısına xeyli üstünlüklərlə və ittiham tərəfindən bir neçə addım öndə çıxacaq. Əvvəla, Fuad Qəhrəmanlının siyasi hazırlığı onu həbs etdirənləri belə, mat eləməyə yetəcək səviyyədədir. İkincisi, ibtidai istintaq nə qədər saxtalaşdırmağa çalışsa da, Fuad Qəhrəmanlının Nardaran əməliyyatı ilə bağlı yazılarında qanundan kənar bircə söz də tapmaq mümkün deyil. Yəni Fuad Qəhrəmanlı və vəkilləri məhkəmədə ittihamları darmadağın etməyə əziyyət çəkməyəcəklər. Üçüncüsü və heç də az əhəmiyyətli olmayanı isə budur ki, Fuad Qəhrəmanlı (eləcə də Tale Bağırzadə) artıq beynəlxalq səviyyədə vicdan məhbusu elan edilib və onun getdikcə güclənəcək müdafiə kampaniyası təkcə Azərbaycanla məhdudlaşmayacaq. Bu prosesə və şəxsən Fuad Qəhrəmnlıya ciddi beynəlxalq diqqət olacaq.
Hakimiyyət bu məhkəmə ilə Fuad Qəhrəmanlı və o biri ittiham olunanları həbsxana divarları arxasına göndərə bilər. Amma bununla özünə qarşı artan beynəlxalq təzyiqlərdən və xalq nifrətindən yayına bilməz. Əksinə, ictimai çəkisi ağır olan bir neçə nəfəri həbsdən buraxandan sonra özünə qarşı münasibəti yumşaltmaq üçün imkan qazanmışdı ki, bu növbəti repressiya ilə o imkana da zərbə vurur. Xalqın nifrəti öz yerində, o indi daha çox sürətli iqtisadi tənəzzülə görə körüklənir. Amma həm də bu tənəzzülün qarşısını almaq üçün yardımına hədsiz ehtiyac olan Qərblə sırf ölkədəki siyasi hüquqsuzluq və repressiyalara görə pozulan münasibətləri daha da korlamağı hansı məntiq diqtə edir? Onsuz da beynəlxalq birlik Leyla Yunusdan, İntiqam Əliyevdən tutmuş Xədicə İsmayıla qədər bir neçə xüsusi diqqət altında olmuş ictimai xadimlərin həbsdən buraxılması ilə Azərbaycan hakimiyyətinə qarşı mövqeyini yumşaltmadı. Əksinə, onlar azad edildikcə, hər dəfə bunun yetərli olmadığını, bütün siyasi məhbusların azad edilməsini gözlədiklərini açıqladı. Lap bugünlərdə ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar layihəsinin müəllifi, konqresmen Krostofer Smit bir daha təkrarladı ki, bütün siyasi məhbuslar azad olunmasa və bundan da ötə, siyasi motivli həbslər dayandırılmasa, hazırladığı layihə qəbul olunacaq. Bu, sanksiyalar dəyənəyinin Əliyevlər rejiminin başı üzərində asılı qaldığını açıq-aşkar bəyan etmək idi. İndi AXCP kimi hakimiyyətin bir nömrəli rəqibi olan və yaranandan bəri Qərbyönlü mövqeyi ilə tanınan təşkilatın əsas simalarından birini guya hansısa “dini məzmunlu” işə qarışdırıb həbsxanaya göndərmək dəyənəklə baş arasındakı məsafəni qısaltmaqdan başqa nəyə xidmət edəcək ki?
Bu yerdə Qərbin iri kalibrli “demokratiya silahlarından” biri Corc Sorosun bugünlərdə verdiyi bir açıqlamanı da xatırlamağa dəyər. Məşhur maliyyəçi, adı avtoritar ölkələrdə xüsusi siyasi həssaslıq doğuran Soros Azərbaycandakı vəziyyətdən danışarkən şəxsən ölkə başçısı İlham Əliyevi hədəfə gətirmişdi. Demişdi ki, Əliyev ölkədəki repressiyanın məsuliyyətini haralardasa üzərindən ata bilər, amma onunla söhbətlərdə siyasi məhbusların hansı ittihamlarla və hətta hansı şəraitdə həbsdə yatdığını da dərindən bildiyini nümayiş etdirib. Soros bununla heç də Əliyevi məlumatlı və komandasının fəaliyyətinə nəzarət edə bilən biri kimi göstərməyib. Anlatmaq istəyib ki, ölkədəki bütün siyasi həbslər birbaşa İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Soros açıq mətnlə İlham Əliyevi diktator adlandırıb və onun Qərb dünyası ilə davranışlarını riyakarlıq kimi qiymətləndirərək, ona qarşı sərt addımlara çağırıb.
İndi bu səviyyələrdə ifadə olunan xəbərdarlıqlar qarşısında uğursuz bir siyasi ssenarini tamamlamaq üçün Fuad Qəhrəmanlını “Nardaran işi”nə qatıb, məhkəmə önünə çıxarmaq ikiqat səhvdir – bir tərəfdən Fuad Qəhrəmanlı və təmsil elədiyi AXCP hakimiyyəti ifşa üçün əlavə imkanlar qazanır, o biri tərəfdən rejim, birinci şəxs də daxil olmaqla, özünü beynəlxalq sanksiyalara yaxınlaşdırır. Hakimiyyətin bu səhvi axıra qədər etməyəcəyini deməyə isə əvvəlki təcrübələr imkan vermir, hərçənd, ziyanın yarısından qayıtmağa onun imkanı var.
Beləliklə, bir həftədən sonra Azərbaycanda iki fərqli siyasi reputasiya tarixi məhkəmələrdən birində üz-üzə gələcək – dünyanın korrupsioner diktator kimi tanıdığı İlham Əliyev vicdan məhbusu elan olunmuş Fuad Qəhrəmanlını mühakimə etdirəcək.
Akif