Avropa çempionatı, Məşədi İbad və neft

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Avropanın siyasi təsisatlarının Azərbaycana, daha doğrusu, YAP iqtidarına münasibəti, nə gizlədək, heç də ürəkaçan deyil. Münasibətlər olduqca ziddiyyətlidir və qarşılıqlı ittiham müstəvisindən kənara çıxmır. Hakimiyyət bu günədək Qərbin, başda demokratiya, azad seçki  və söz azadlığı olmaqla, bir çox prinsipial tərəfdaşlıq təkliflərini açıq şəkildə rədd edib və Azərbaycan cəmiyyətinin bütün bunlara hələ “hazır” olmadığını sübut etməyə çalışır.

Lakin elə sahələr var ki, hakimiyyət əməkdaşlığa canla-başla hazır olduğunu dəfələrlə sübut edib, etməkdə də davam edir. Təki onlar siyasi xarakterli olmasın. Götürək elə idmanı…

Yəqin siz də şahidsiniz ki, hakimiyyət istənilən səviyyədə idman tədbirlərini keçirmək üçün maksimum dərəcədə fədakarlıq göstərir. Hətta yarışın əhəmiyyətli olub-olması rejimi əsla düşündürmür, təki yarış olsun və iştirakçılar ölkəmizdən məmnun geri dönsünlər. Götürək elə birinci Avropa Oyunlarını. Çox yüksək səviyyədə təşkil olundu. Lakin gəlin bu acı həqiqəti də etiraf edək ki, bu oyunlar idman dünyası üçün heç də prioritet yarış sayılmır. Və hazırda ikinci Avropa Oyunlarına sadəcə “yiyə duran” yoxdur. Ən əsası isə, bu oyunlardan sonra Avropanın Azərbaycana münasibəti dəyişmədi. Yenə demokratiya, yenə azad söz, yenə şəffaf və ədalətli seçki tələbi…

Külli miqdarda pul xərcləndi, dəyərdimi? Tək təsəlli geridə qalan infrastruktur oldu ki, ondan da istifadə olunmur. Daha doğrusu, təyinatı üzrə istifadədə “problemlər” yaranıb. Yəqin ki, xatırlayarsız, təxminən bir milyard manata başa gələn Olimpiya stadionunda toy mərasimləri üçün sifariş qəbulu elanları verilmişdi. Gülməli səslənsə də, etiraf edək ki, kədərli idi.

Götürək elə “Formula-1″ yarışlarını. Gəlin etiraf edək, ehtiyac zənbilinin maaşı bir neçə dəfə üstələdiyi ölkədə bu yarışı keçirmək kimə və nəyə lazımdır? Bəlkə hakimiyyətə? Xeyr. Əzizlərim, ”Formula-1″in prezidentini Avropada küçədə gedəndə heç kim tanımır. Onun tərifinin Azərbaycan üçün hansı əhəmiyyəti var?

Bugünlərdə futbol üzrə Avropa çempionatı başa çatdı. Bu münasibətlə AFFA prezidenti Rövnəq Abdullayev Parisdə ziyafət verdi. Buraxın Azərbaycanın çempionatda iştirak etməməsini, biz seçmə yarışlarında ən az xal toplayan 3-5 komandadan biriyik. Ayıb olmasın, haramıza yaraşır?

Futbolumuzu bu kökə salıb Avropa futboluna pul xərcləməyin adını bilsəm də, etik çərçivələr bunu yazmağa imkan vermir. Yumşaq dillə ifadə etsəm, bu, sadəcə, o taylı-bu taylı Azərbaycanın qüruru ilə oynamaqdır.

Ziyafəti haradasa anlamaq olar, qoy yeyinti ilə birlikdə bir neçə yüz min də “… aparan” olsun! Lakin…

Normal məntiqlə SOCAR-ın çempionatda milyonlarla avroya başa gələn reklamını anlamaq mümkün deyil. Bütün aləmə məlumdur ki, bizim neftimiz var və onun da bəlli və məhdud sayda alıcısı var. Bu günə qədər də demək olar ki, 80 faizini satıb qurtarmışıq, indi də “hanı neft pulları” deyə-deyə qalmışıq.

Bu heç Məşədi Ibadlıq etmək də deyil. Məşədi Ibad pulu gözəllər gözəli Gülnaza qovuşmaq üçün xərcləyirdi. Alınmadı. Amma razılaşaq ki, alına da bilərdi.

Ölməz Üzeyir bəy sağ olsaydı, yəqin ki, mənə irad tutardı. Analogiyaya görə…