AXCP özünün üzvlərindən biri Xəqani Nəsirovun yoxa çıxması ilə bağlı bəyanat verib. Partiyanın facebook səhifəsində yayılan bəyanatda deyilir:
AXCP-nin gənc fəalı, Nəzimi rayon şöbəsinin üzvü Xəqani Nəsirovdan artıq 2 həftədir ki, xəbər yoxdur. Onun siyasi baxışlarına görə saxlandığı və müvəqqəti saxlanma təcridxanalarından birində olduğuna dair tutarlı şübhələr var. Belə ki, sosial şəbəkələrdə X.Nəsirovun qapalı yerdə sanitar qovşaqda təmizlik işlərinə məcbur edildiyi vəziyyətdə çəkilmiş şəkilləri yayılıb və əvvəlki təcrübələr belə çəkilişlərin adətən polis nəzarətində, müvəqqəti saxlanma təcridxanasında aparıldığını göstərir.
X.Nəsirovun yoxa çıxması haqda ölkə mediasında və sosial şəbəkələrdə bir neçə dəfə məlumat yayılsa da, dövlət orqanlarından hər hansı reaksiya olmayıb. Bu müddətdə onun davam edən axtarışı nəticə verməyib. Hüquq-mühafizə orqanlarından, o cümlədən polsidən X.Nəsirovun taleyinə dair suallara cavab almaq mümkün olmayıb. Ölkədə siyasi fəallardan birinin taleyinə dair narahatlıq doğuran xəbərlər qarşısında belə rəsmi susqunluq təkcə dövlət orqanlarının məsuliyyətsizliyi deyil, həm də bu hadisədə onların iştirakçılığına əlavə dəlil sayıla bilər.
AXCP öz üzvünün belə qanunsuz şəkildə təcrid edilməsini faktiki adam oğurluğu kimi qiymətləndirir və buna görə hakimiyyət strukturlarını, o cümlədən hüquq-mühafizə orqanlarını suçlu bilir. Rəsmi dairələr konkret bu halda özlərini dövlət orqanları kimi yox, reket qrupları kimi aparır. Azərbaycan hakimiyyətinin qanunlara hörmətsiz münasibəti ölkə əhalisinə artıq çoxdan bəllidir. Lakin buna qədər belə hallarda dövlət orqanları quru rəsmiyyət xatirinə, gösdən pərdə asmaq üçün olsa da, özlərini qanuna hörmət edirmişlər kimi aparmağa çalışıblar. X.Nəsirovla bağlı vəziyyətdə isə elə rəsmi mövqe seçilib ki, sanki, Azərbaycanda dövlət yoxdur və cəmiyyət cəngəllik qanunları ilə idarə olunur. AXCP bunu dövlətin əsaslarına vurulan sarsıdıcı zərbə hesab edir.
Sosial şəbəkələrdə X.Nəsirovla dost olan bir çox istifadəçilər onun Facebook-da ölkə başçısının xanımı Mehriban Əliyevanın səhifəsində yazdığı tənqidi rəyə görə cəzalandırıldığını güman edirlər. Onlar öz gümanlarını, həmin rəyin fotosurətini əlavə etməklə, bölüşüblər. AXCP bu ehtimalı xüsusi narahatlıqla qarşılayır. Partiya bəyan edir ki, belə bir halın mümkünlüyü müxalif fəallara qarşı qanunsuzluq və zorakılıqların birbaşa hakim ailədən verilən təlimatla edildiyi demək olar. Əgər dövlət orqanları X.Nəsirovun faktiki oğurlanması ilə bağlı bundan sonra da susqun və hərəkətsiz qalacaqsa, yalnız bu təhlükəli ehtimalın doğruluğuna inamı artırmış olacaq. Bunu təkzib etməyin yolu isə ancaq X.Nəsirovu dərhal sərbəst buraxmaqdan, onun faktiki oğurlanması ilə bağlı cəmiyyətə izahat verməkdən və bu oğurluğa görə məsuliyyət daşıyanları cəzalandırmaqdan ibarətdir.
AXCP dövlət orqanlarından X.Nəsirovla bağlı yaranmış vəziyyətə təcili aydınlıq gətirməyi tələb edir. Partiya yerli və beynəlxalq hüquq müdafiəçilərini, vətəndaş cəmiyyətini bu qanunsuzluq qarşısında susmamağa, etiraz səsini ucaltmağa və gənc fəalın azadlığına nail olmaq üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır.