Obama: «Qərbə heç vaxt olmadığı qədər birlik lazımdır»
Dünən Polşanın paytaxtı Varşavada NATO-nun sammiti işinə başlayıb. NATO baş katibi Yens Stoltenberq ötən zirvə görüşündən sonra görülən işlər barədə məlumat verərək bildirib ki, Estoniya, Latviya və Litvada Alyansın fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb: “Biz düzgün istiqamətdə irəliləyirik və irəliləyəcəyik”.
“Demokratik dəyərlər təhlükə altındadır”
Polşa prezidenti Andjey Duda bildirib ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir: “Bu gün xalqlarımız bizdən üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini gözləyir”.
“NATO-nun addımları onun beynəlxalq öhdəlikləri ilə üst-üstə düşür. Mövqeyimiz kifiayət qədər aydındır: NATO qarşıdurma və yeni ”soyuq müharibə” istəmir. “Soyuq müharibə” tarixdir və tarix olaraq qalmalıdır. Rusiya bizim ən böyük qonşumuz və Avropa təhlükəsizliyinin ayrılmaz hissədir. Dialoq çox vacibdir”.
Bunu Yens Stoltenberq Varşava sammiti çərçivəsində ekspertlər forumunda çıxışı zamanı deyib. Baş katibin sözlərinə görə, Varşava sammiti həlledici bir zamana təsadüf edir: “Alyansın şərq cinahında – Estoniya, Latviya, Litva və Polşada rotasiya qaydası əsasında çoxmillətli batalyonların yerləşdirilməsi barədə qərar qəbul edəcəyik. Kanada, Almaniya, Birləşmiş Krallıq və ABŞ-a bu qüvvələrə rəhbərlik etməyə razılıq verdikləri, Polşa və Baltikyanı ölkələrə isə bu qüvvələrə ev sahibliyi edəcəkləri üçün təşəkkür edirəm. Bu sammitdə hibrid və kibertəhlükələrə qarşı qüvvələrimizi artırmaqla bağlı qərarlar qəbul edəcəyik. Biz Əfqanıstan qüvvələrinə təlim keçilməsi öhdəliyimizə sadiqik. Və sammitdə IŞID əleyhinə koalisiyanın dəstəklənməsi üçün AWACS təyyarələrinin göndərilməsini təsdiqləyəcəyik”.
Ukrayna, Gürcüstan və Moldova kənar təzyiqlərdən qorunacaq
Stoltenberq qeyd edib ki, NATO Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsində və islahatlar keçirməsində yardımını davam etdirəcək.
Sammitdə Avropa Ittifaqı (AI) və NATO arasında birgə bəyannamə imzalanıb. Sənədə AI Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Can Klod Yunker və NATO baş katibi Yens Stoltenberq imza atıb.
Imzalanma mərasimindən sonra çıxış edən D.Tusk bildirib ki, NATO-nun 2014-cü ildə Nyuportdakı son sammitdən sonra dünya dramatik şəkildə dəyişib:ÿ “Bu gün NATO və Avropa Ittifaqı istər şərqdən, istər cənubdan, istərsə də daxildən eyni təhdidlərlə üzləşir. Bu yeni reallıqda bizim vətəndaşlarımız daha güclü təhlükəsizlik tələb edirlər”.
D.Tusk deyib ki, NATO və Avropa Ittifaqının daxili və xarici təhlükəsizliyi bir-biri ilə bağlıdır:ÿ “Bu gün Avropa Ittifaqı-NATO strateji tərəfdaşlığının güclənməsinə dair çağırış edirik. Bizim ən böyük gücümüz dəyərlərimizin və məqsədlərimizin birliyinə əsaslanır”.
Daha sonra çıxış edən Avropa Komissiyasının prezidenti Can Klod Yunker isə qeyd edib ki, daha güclü NATO daha güclü Avropa Ittifaqı, daha güclü Avropa Ittifaqı isə daha güclü NATO deməkdir.
Sonda çıxış edən Yens Stoltenberq bəyan edib ki, birgə bəyannamənin imzalanması NATO-Avropa Ittifaqı əlaqələrinə yeni təkan verəcək: “Nə NATO, nə də Avropa Ittifaqı mövcud təhdidlərə ayrılıqda cavab verə bilər. Lakin birlikdə biz güclü komanda ola bilərik. Hər iki qurum arasında həmrəylik və əməkdaşlıq heç vaxt olmadığı qədər vacibdir”.
NATO və AI-nin Rusiyaya münasibətdə vahid mövqeyə malik olduğunu diqqətə çatdıran Y.Stoltenberq alyansın Ikinci Dünya müahribəsindən indiyədək kollektiv müdafiə tədbirlərini ən yüksək səviyyəyə çatdırdığını bildirib.
Obamadan yeni mesajlar
Sammit öncəsi “Financial Times”da dərc olunan məqaləsində ABŞ prezidenti Barak Obama bildirib ki, Qərb dünyası və ümumilikdə NATO bir çox təhdidlərə – ekstremistlərin hücumlarına, Suriyadan Əfqanıstana qədər qaynar nöqtələrdəki hərbi münaqişələrə duruş gətirməlidir: “Rusiyanın Ukraynaya qarşı aqressiyası da vahid, azad və dinc Avropa anlayışını təhlükəyə atıb. Bununla yanaşı, Britaniyadakı referendumun nəticələri Avropa inteqrasiyasının gələcəyi ilə bağlı suallar yaradır. Varşavada növbəti dəfə qətiyyətlə bəyan etməliyik ki, NATO-dakı hər bir müttəfiqimizi müdafiə etməyə hazırıq. Bütün bunların fonunda Qərbə heç vaxt olmadığı qədər birlik lazımdır. Ilk növbədə ABŞ, Avropa Ittifaqı və Britaniya arasında sıx əməkdaşlıq olmalıdır. Eyni zamanda Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizin müdafiəsini gücləndirməliyik. Onları yeni hücumlara duruş gətirməsini və kiberhücumlardan qorunmasını təmin etməliyik. Qarşıda bizi asan olmayan dövr gözləyir. Lakin ötən illər ərzində öyrəndiklərimiz göstərir ki, bir və güclü olsaq, demokratik dəyərlərimizə sadiq qalsaq, bizi zəfər gözləyir”.



