Başqa yol yoxdur…

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Ilham Əliyevin “Böhrandan şərəflə çıxmışıq” sözlərinin sədası qulaqlarımızdan çəkilməmiş dünyaca məşhur “Bloomberg” Azərbaycan manatının ağır durumda olduğunu yazıb. Elə hörmətli iqtisadçı dostumuz Natiq Cəfərli də dünən manatla bağlı bəd proqnozlar verib, onun dəyərdən düşməyə davam edəcəyini ağıllı şəkildə əsaslandırıb. Sitat: “Neftin qiymətinin yenidən enişə keçməsi və gələcəkdə daha da aşağı düşməsi ehtimalı Azərbaycanda makroiqtisadi göstəricilərin tamamına təsir göstərəcək. O sıradan manata basqıları artıracaq. Manatın dəyərdən düşmə prossesi sürət alacaq” (qaynarinfo.az).

Bütün bu bəd proqnozlar fonunda YAP hakimiyyəti nə işlə məşğuldur? Şapalaqla üz qızartmaqla! Ətək-ətək pul xərcləyib, qısa vaxtda iki dəfə devalvasiyaya uğramış manatı diri saxlamağa çalışırlar. Yeganə ümidləri neftin yenidən bahalaşacağınadır. Ki, bu heç üfüqdə də görünmür.

Bəli, illərdir yazmaqdan əlimiz, söyləməkdən dilimiz qabar olub: bunların ölkədə taxt-taca yiyələndiyi 23 il Azərbaycan üçün itirilmiş illərdir. Arxada qalan 23 ildə ölkəni xeyli irəli aparmaq olardı, bunun üçün sadəcə, ölkədə hüquq və azadlıqları təmin etmək, demokratik dövlət, açıq cəmiyyət yaratmaq kifayət idi. Amma bunlar bir şəxsin iradəsinə hesablanmış, avtoritar, basqıçı, yağmaçı idarəçilik sistemi qurdular, milli iradə və ölkənin yeraltı-yerüstü bütün var-yatırları üzərində hegemon güc olmaq yolunu seçdilər. Nəticə ortadadır. Təkcə son 10 ildə Azərbaycana yüz milyard dollardan artıq neft pulu daxil olub, əldə var sıfır. Indi buyurun, illərdir inkişafın göstəricisi kimi camaatın gözünə soxduğun “Alov qülləsi” ilə ac xalqın qarnını doyurun görək, necə doyurursunuz!

Yapçılar qışda isti, yayda sərin kabinetlərində oturub, iş-güc, biznes sahibi etdikləri qohum-əqrəbalarının qayğısız, şən həyatına baxaraq elə zənn edirlər ki, ölkədə hər kəs kef-damaq içindədir. Osa kaş nağıllarımızdakı kimi, təğyiri-libas olub, camaatın arasında dolaşalar! Bax onda sadə vətəndaşın hansı zülm, zillət, məşəqqət içində olduğunu, onları bunca məhrumiyyətə düçar edənlər barədə gerçəkdə nə düşündüklərini, nə söylədiklərini gözləri ilə görüb, qulaqları ilə eşidərdilər.

Artıq adamların üzündən təbəssüm qəhətə çəkilib. Gözlərdən həyat eşqi, yaşamaq şövqü yerinə qəm-qüssə, ümidsizlik, çarəsizlik yağır. Kiminlə hal-əhval tutsan, sənə min cür dərd-azar sadalayacaq. Hər kəs qaş-qabaqlı, hər kəs əsəbi, hər kəs qəzəbli, hər kəs narazıdır. Bu gün o qəzəb, o narazılıq küçələrə daşmırsa, o demək deyil, belədə davam edəcək. Xalqın etirazını proqnozlaşdırmaq heç kimə nəsib olmayıb: o ən gözlənilməz, ağlagəlməz vaxtda püskürə bilər!

Bunu anlamaq yerinə hələ də ölkənin real problemlərini inadla inkar etmək, o problemləri dilə gətirənləri şərləyib, qondarma ittihamlarla, siyasi sifarişlərlə cəzalandıraraq mümkün inqilabi təhlükəni önləyə biləcəyini düşünmək xətaların ən böyüyüdür. Doğru olan 23 ildir gedilən yanlış yoldan dönməkdir. Etiraf etməkdir ki, 23 ildir Azərbaycan xalqına “xilaskarlıq kursu” kimi təlqin edilən siyasi kurs blefdən başqa bir şey deyilmiş, məmləkətin tək qurtuluşu  insan hüquqlarını və özgürlüklərini öz təməl prinsipi elan edən, gücünü milli iradədən alan, bəşəri dəyərlərə sahib çıxan, mədəni, modern dünyanın bir parçası olmağı hədəfləyən demokratik dövlət qurmaqdır.

Başqa yol yoxdur! Vallah da yoxdur, billah da yoxdur, tillah da yoxdur.

***

Artıq xeyli dərəcədə şablonlaşmış, amma danılmaz həqiqət olan, yaşadığımız zamanın ruhunu çox aydın ifadə edən bir deyim var: “Biz sürət çağında yaşayırıq”. Indi yalnız hər il yox, hər gün, hər saat qiymətlidir. Ona görə də ən qısa vaxtda zamanın sürətinə uymalı, onunla ayaqlaşmağı bacarmalıyıq. Yoxsa hər bir vicdanlı, ləyaqətli, dürüst vətəndaşın arzuladığı gözəl, işıqlı, azad Azərbaycan qurmağa sərf etməli olduğumu zamanı ay-ay, il-il yox, qərinə-qərinə, əsr-əsr, era-era itirəcəyik.