Sürükləndiymiiz bataqlıq

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Təzəlikcə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında 36 min nəfərdən çox şagird Ana dili fənnindən “2″ qiyməti aldığını açıqladı. Əlbəttə, ağlı başında olan hər kəs üçün bunda təəccüblü heç nə yoxdur, ölkədə təhsil sistemi faktiki olaraq, ləğv edilib, o, ən yaxşı halda ”şəxsiyyətə pərəstiş”lə məşğuldur, gələcəyin yeni anarlarını, siyavuş novruzovlarını, fikrət qocalarını yetişdirir.

Məsələ yalnız Ana dili fənnindən “2″ alanların sayında da deyil. Digər fənlərlə bağlı göstəricilər də üç aşağı, beş yuxarı eynidir. Buna da, yuxarıda dediyimiz kimi, təəccüblənməmək lazımdır, qoruq müdirinin təhsil naziri təyin edildiyi ölkədə başqa nəticəyə ümid etməyin özü təəccüblü olardı.

Mənim bu barədə yazmaq ehtiyacı hiss etməyimin səbəbi isə başqadır: deməli, keçən il 11-ci sinif şagirdləri arasında Ana dilindən “2″ və ”3″ qiyməti alanlar 44 faiz imişsə, bu il 52 faiz olub! Bu nə deməkdir? Bu həm ölkədə total savadsızlaşmanın miqyasının ilbəil nə qədər böyüdüüyünü təsdiq edir, həm də məmləkətin problemlərinin kökündə hansısa vəzifəli fiqurun deyil, bütövlükdə hazırki idarəetmə sisteminin dayandığını gözlər önünə sərir. Bir daha aydın olur ki, hansısa Misir Mərdanovu işdən çıxaranda bununla nəyinsə dəyişəcəyinə ümid etmək mənasız, gülməli, filfilo söhbətdir. Belə sistemlərdə yeni vəzifəyə gələn ən yaxşı halda gedənə rəhmət oxutmaq üçündür, müsbət nəyəsə nail olmaq üçün öncə sistem dəyişməlidir.

Iki gün əvvəl isə məlum oldu ki, partiya və hökumətimiz ölkədə 100-150 il öncə var olmuş mollaxanaları bərpa etməyə hazırlaşır. Bu haqda xəbərdə deyilirdi: “”Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq”. Bunu “Report”a açıqlamasında Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib: “Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları Idarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə göstəriş verib. Dövlət Komitəsi bu prosesdə iştirak edir. Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür””.

Bəli, ölkədə modern təhsilin başına daş salıb, topluma kütləvi savadsızlıq toxumları əkib, gəlişmiş Avropa ölkələrində təhsil almağı az qala yasaqlamaq fikrinə düşənlərin mollaxanaları diriltmək istəməsinə təbii baxmalıyıq. Sistemə dünyəvi təhsilli, çağdaş təfəkkürlü, açıqgörüşlü gənclik lazım deyil. Rejim belə gəncləri özünə təhlükə olaraq görür. Onları bütün mümkün vasitələrlə sıradan çıxarmağa çalışır. Əvəzində isə elə bir gənclik yetişdirmək istəyir ki, onlar çağdaş dəyərlərdən, bəşəri ideallardan mümkün qədər uzaq olsunlar, güclərini ən yaxşı halda boks rinqlərində, güləş döşəklərində, ya da meyxana, mahnı yarışmalarında sınasınlar, potensiallarını bu cür xərcləsinlər. Mollaxanaların bərpası da əslində eyni niyyətin davamıdır, hədəf yenə bəllidir: kim olursan ol, çağdaş elmdən, bilgidən uzaq ol!

Bəziləri deyirlər ki, bunda başqa niyyət axtarmaq yersizdir, guya bizə müsəlmanların dinini dərindən bilən mollalar lazımdır ki, camaat zərərli dini təmayüllərin təsiri altına düşməsin, cəhalətə yuvarlanmasın, falan-filan.

Boş söhbətdir. Əgər bir ölkədə müasir elmin, dünyəvi təhsilin başına daş salınıbsa, o ölkədə nə cənnətə düşmək üçün Suriyaya-zada cihada gedənlərin önünə keçə, nə də ümumiyyətlə, sekulyarlığı, çağdaşlığı, modern, mədəni yaşamı qura və ya qoruya bilərsiniz.