Hökumətin 175 milyonluq Monteneqro səxavəti

montenegro2Vətəndaşa manat qıymayanlar, şəxsi bizneslərini böyütmək üçün büdcədən milyonlar xərcləyirlər

Bildiyiniz kimi Azərbaycanın xarici borcu sürətlə artır, valyuta ehtiyatlarımız azalır və sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Artıq elə vəziyyət yaranıb ki. Iri məmurlara məxsus holdinqlər də zərərlə işlədiklərin elan edirlər, kütləvi ixtisarlara start verirlər. Azərbaycan hökuməti dünyanın müxtəlif maliyyə qurumlarından külli miqdarda kredit götürür və bu proses davam edir.

Amma ölkənin bu qədər ağır durumda olmasına baxmayaraq SOCAR Avropa çempionatına 120 milyon manat, hökumət Formula-1 yarışına 100 milyon manat pul xərcləyir, dünyanın müxtəlif yerlərində xeyiryyə layihələri həyata keçirilir.

İndi də xəbər yayılıb ki, Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır. Vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir. Kreditin məbləği 175 milyon avro, müddəti isə 15 il təşkil edir.

Bəli, 2.5 milyon ölkə vətəndaşı kredit borcu ödəyir, problemli kreditlərin həcmi 1 milyardı ötüb, hökumət dövlət zəmanəti ilə 12 milyard xarici borc alıb, işsizlik və yoxsulluq səviyyəsi sürətlə artır və belə bir vaxtda hökumət Montenqroya 175 milyon avroluq səxavət göstərir.

Monteneqro sevgisinin arxasında nə dayanır?

“Azmont Invesments” adlı şirkət 2015-ci ili uğurla başa vurduğunu açıqlayıb. Bu şirkətin adı ilk dəfə 2013-cü ildə diqqət çəkib. Monteneqro şirkətlərinin rəsmi məlumat bazasında qeyd olunur ki, hazırda “Azmont Investments” şirkəti səhmlərinin 99,99 faizi “Azerbaijan Global İnvestments” (AGI) ASC-yə məxsusdur. Amma SOCAR-ın da bu şirkətdə payı var. Monteneqrodakı mənbələr yazır ki,  turizmlə məşğul olan  “Portnovi resort” kompleksinin inşasına Azərbaycan tərəfi 2013-cü ildən bəri 150 milyon 450 min avro sərmayə yatırıb.

Monteneqro dövlət qeydiyyatı orqanının ictimaiyyətə açıq məlumatlarına görə, “Azmont Investments”i 2012-ci ilin iyulunda Niderlandın “Saiph Holding BV” şirkəti qurub. Bu şirkət də, tikinti işləri üçün haqqı əvvəlcədən ödənilmək şərtilə Monteneqro hökumətindən 2013-cü ildə 90 illiyə icarəyə götürülən torpaq sahəsinin icarə müqaviləsində adı keçən “Cooperatief Saiph Holding U.A.” da SOCAR-ın Hollandiyada (Niderlandda) qurduğu çoxsaylı şirkətlərdəndir.

Diqqətçəkən məqamlardan biri də budur ki, həm AGI, həm “PSG Resort”, həm də ötən ilin dekabrında açılan “Azmont Investments”in Bakı nümayəndəliyi eyni ünvanı (Süleyman Rüstəm küçəsi, 9) paylaşırlar.

Monteneqrodakı layihə 2013-cü ilin noyabrında yaradılan “Azerbaijan Global İnvestments” ASC-nin ilk rəsmi yatırımıdır. Şirkəti Azərbaycanın üç ən iri holdinqi: “AtaHolding” ASC (33%), “Synergy Group” ASC (32%) və “Paşa Holding” MMC (35%) qurublar. Onun Müşahidə Şurasına Ahmet Erentok, Mir Camal Paşayev və Rəşad Əliyev daxildir.

Azərbaycan hökumətinin Monteneqro əməliyyatı haqqında əvvələr də araşdırmalar olub və bu araşdırmaları geniş şəkildə qəzetmizdə dərc etmişik.  Bütün bunları xatırlatmaqla diqqətə çatdırmaq istəyirk ki, Azərbyacan hökumətinin  indiki vaxtda Monteneqroya 750 milyon avro kredit verməsi təsadüfi deyil. Yuxarıda yazılanlar da göstərir ki, 175 milyon avro şəxsi maraqların təminatı üçün verilir.  Bəli, ölkənin bu qədər ağır vəziyyətində də öz bizneslərini qorummaqla mşğuuldular və  büdcəni şəxsi məqsədlər üçün talan edirlər.

Bir daha aydın olur ki,  hökumətin anti-böhran tədbirləri yalnız hökumət komandasının  biznesini böhrandan çıxarmağa xidmət edir. Dünya dağılsa da, vətəndaş dəfil vəziyyətə düşsə də,  hökumət öz  problemlərinin həlliylə məşğul olur.  Büdcəni son qəpiyinə qədər  xərcləmək hesabına, öz ciblərini doldururlar.

Dollarla krediti olanlara güzəşt etmədilər, şəhid ailələrinin qan pulunu vermədilər, kredit faizlərini aşağı salamdılar, amma Monteqnerdoka bizneslərini qorumaq üçün 175 milyon avronu tərəddüd etmədən xərclədilər.

Bu hökumət öz maraqları naminə xalqı da kreditlə satışa çıxarar. Bunlar üçün dövlət və xalq anlayışlarının heç bir əhəmiyyəti yoxdur.

Samir