“Smitin çıxışı ABŞ-ın növbəti xəbərdarlığıdır”

gultekin-hacibeyli-yeniGültəkin Hacıbəyli: «Siyasi məhbusların yaranmasını mümkün edən siyasi şərait aradan qaldırılmayınca təzyiqlər davam edəcək»

Tbilisidə ATƏT PA-nın sessiyası zamanı Azərbaycanda insan haqlarının vəziyyətinə dair ayrıca dinləmədə səslənən fikirlər bir daha ABŞ-ın baş verənlərə münasibətini təsdiqləyir. Xəbər verdiyimiz kimi, dinləmədə ABŞ-ın tanınmış konqresmeni Kristofer Smit də çıxış edib.

Smit bəyan edib ki, Azərbaycanda repressiyalar dayanmasa, Əliyev hakimiyyətinə qarşı sanksiyalar mütləq tətbiq ediləcək, həm də daha sərt formada: “Sizi əmin edə bilərəm ki, biz öz təbliğatımızı davam etdirəcəyik və bunu daha da sərt formada  edəcəyik. Ümid edirəm ki, bu qanun layihəsi qəbul ediləcək. Bu zamana qədər isə həmin layihənin  bəzi məhbusların azadlığa buraxılmasında ən azı müəyyən qədər  təsirinin olduğunu deyə bilərəm. Bəli, bu  layihənin də əsasında ”Belarusiya Demokratiya Aktı”nın prinsipləri dayanır. Bu da faktdır ki, Əliyev Birləşmiş Ştatlardakı ən yaxşı hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb və onlar bu qanun layihəsinin qarşısını almaq üçün çalışırlar. Amma bu, əvvəl də baş verib. Mənim həmkarlarım əmin etməyə çalışacaqlar ki, bu cür qanunlar zəruridir və onlar işləyir…”

Smitin sözlərinə görə, qanunda  müddəalar var ki, əgər hər şey yaxşılaşsa, sanksiyalar da təbii ki, ləğv olunacaq. “Sanksiyalar yalnız hamımızın bildiyi kimi, müsbət nəticə çıxarmaq üçün ağıllı istifadə olunanda əhəmiyyətlidir və biz bunu təmin etməyə çalışacağıq”, deyə Smit vurğulayıb.

Azərbaycan tərəfinin ABŞ-da ən bahalı hüquq şirkəti ilə əməkdaşlıq etməsinə diqqət çəkən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycana qarşı aktın əngəllənməsinə çalışılması perspektivsiz işdir. G.Hacıbəylinin sözlərinə görə, çünki bu akt nə Smitin, nə də başqa senatorun, konqressmenin təşəbbüsüdür: “Bu cür akt yalnız ABŞ siyasi hakimiyyəti dəstəklədiyi halda ortaya çıxa bilərdi. Nəzərə alsaq ki, Helsinki Komissiyasında istər Pentaqonun, istərsə də Dövlət Departamentinin təmsilçiləri var. Belə bir komissiya tərəfindən dəstəklənən akt ABŞ siyasi rəhbərliyinin ümumi fikrini ifadə edir. Siyasi qərar olacağı təqdirdə hətta ən bahalı hüquq şirkətinin bunu əngəlləməsi mümkünsüz olacaq. Smitin sərt çıxışı ABŞ-ın növbəti dəfə xəbərdarlığıdır. Bir qrup siyasi məhbus azad olundu. Amma hələ də həbsdə yüzə yaxın siyasi məhbus var. Onlar arasında Fuad Qəhrəmanlı var. Onun konkret olaraq facebook paylaşımına görə həbs olunmasını hətta istintaq da etiraf edib. Eyni zamanda barəsində Avropa Məhkəməsinin qərarı olan Ilqar Məmmədov da siyasi məhbuslar siyahısına daxildir. Avropa Şurası Nazirlər Kabinetinin Ilqar Məmmədov haqqında altı qərarı var. Eyni zamanda inanclı kəsimin təmsilçiləri, AXCP üzvləri, NIDA-dan gənclər də siyasi düşüncələrinə görə həbs olunanlar sırasındadır”.

G.Hacıbəyli vurğuladı ki, hazırda həbs olan siyasi məhbuslar ən qısa zamanda azadlığa çıxmalıdır. G.Hacıbəylinin sözlərinə görə, Smitin mesajı həm də ona yönəlir ki, Azərbaycan hakimiyyəti X.Ismayılı azad etməklə işini bitmiş saymamalıdır: “Düzdür, ”Azərbaycan demokratiya aktı” ilk növbədə Xədicə Ismayıl aktı idi. Həmin aktın əsas vurğusu Xədicə Ismayılın azadlığa çıxmasıyla bağlı idi. Amma bu akt daha geniş mahiyyət kəsb edir və bütövlükdə Azərbaycanda demokratiya problemlərini önə çıxarır. Düşünürəm ki, Smit son bəyanatı ilə onu vurğulamaq istəyir ki, hökumət bu sahədə hələ çox iş görməlidir. Bir neçə nəfərin azadlığa çıxması ilə arxayınlaşmaq üçün zəmin yaratmır. Əksinə, Azərbaycanda siyasi məhbusların yaranmasını mümkün edən siyasi şərait aradan qaldırılmayınca bu təzyiqlər davam edəcək. Təsadüfi deyil ki, Smit özü də çıxışında bunu vurğuladı ki, məhz siyasi məhbus istehsalı şəraiti aradan qalxmayınca, bu qanun layihəsi aktuallığını itirməyəcək”.

Xəyal