Qaranlıqdan qeydlər – 10

elnuras-kitabteqdimElnur As
elnurastanbeyli@gmail.com

Şərhsiz

27 aprel, 2011-ci il. Ilham Əliyev: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynayıb. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.
4 iyun, 2016-cı il. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası: “Bu il iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında 36 min nəfərdən çox şagird Ana dili fənnindən ”2″ qiyməti alıb”.

Elmlər Akademiyası prezidentinin dönmə sürəti

31 may, 2016-cı il. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə: “Elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin ”Elm haqqında” qanun layihəsindən çıxarılması tamamilə düzgün addımdır. Azərbaycan müharibə şəraitində olduğundan gənclərə magistratura və doktoranturada təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməməsi düzgün qərardır”.
Bundan 3 gün sonra – 3 iyun, 2016-cı il. Xəbər lentlərindən: “Ilham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə ”Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanuna dəyişiklik təklif olunur. Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur…”
Və 7 iyun 2016-cı il. Söz yenidən Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir: “…Prezidentin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq. Bu qərar təhsilə, kadr hazırlığına böyük zəmin yaradacaq”.

Hanı əsl Hacı Qalibdir?

4 iyun, 2016. Bizimyol.info: “Qafqaz Müsəlmanları Idarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğluna vəzifə verilib. Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadəni Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Adil Vəliyev icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir təyin edib.
Məlumatı saytımıza təsdiqləyən Haci Qalib Salahzadə oğlunun xeyli vaxtır bu vəzifəyə təyin olunduğunu, Icra başçısı ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Bir çox saytlar yazır ki, guya mənim icra başçısı ilə münasibətlərim yaxşı deyil, bu yalandır”.
Indi isə gəlin cəmi iki il əvvələ, daha dəqiq desək, 19 avqust, 2014-cü ilə qayıdaq. Axar.az: “Milli Məclisin deputatı Hacı Qalib Salahzadə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev ilə arasında qarşıdurma olması xəbərini təsdiq edib. Lakin bu barədə hələki ətraflı danışmaq istəmədiyini deyib: ”Problem var, amma nədən qaynaqlanıb, hələki bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə Sabunçu rayon Icra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı geniş müsahibə verəcəm”.