Vidadi Mirkamal: «Atəşkəsin kövrək olduğunu» daxildə deyil, Rusiyada aparılan danışıqlar zamanı səsləndirmək lazımdır»
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov yenə Qarabağ problemi ilə bağlı maraqlı açıqlama verib. Bundan əvvəl Sankt-Peterburqda Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm qərarlar qəbul olunuduğunu və razılaşma əldə edildiyini bildirən N.Məmmədovun dedikləri dərhal təkzib olundu. Həm Ermənistan, həm Rusiya N.Məmmədovun söylədiklərinin reallıqla əlaqəsi olmadığını vurğuladılar. Bu dəfə isə N.Məmmədov sülhün hər an pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Bütün dünya gördü ki, Qarabağ məsələsi dondurulmuş münaqişə deyil və hər an alışıb yana bilər. Son hadisələr bunu bir daha sübut etdi”.
Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir canlanma var. Aprel hadisələrindən sonra ABŞ, Rusiya Federasiyası və eləcə də Fransanın özü də prezidentlər arasında görüşlərin keçirilməsi istiqamətində ciddi səylər göstərir.
Məsələ burasındadır ki, Qarabağa dair aparılan danışıqlarda tərəflər üzərinə götürdüyü öhdəliklərdə birmənalı şəkildə bəyan edirlər ki, atəşkəsi pozmayacaqlar. Amma N.Məmmədovun, heç şübhəsiz, daxili auditoriyaya hesablanmış açıqlaması reallıqla ziddiyyət təşkil edir. Çünki Azərbaycan tərəfi danışıqlarda atəşkəsə sadiq olacaqlarını bəyan edirlər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal vurğuladı ki, N.Məmmədovun söylədiklərini, yəni “atəşkəsin olduqca kövrək olduğunu” lazım olan yerdə söyləmək gərəkdir: “Bu fikirlər ATƏT-in Minsk qrupu çərçivəsində və ya Rusiyada aparılan danışıqlar zamanı səsləndirilməlidir. Novruz Məmmədovun daxili auditoriya üçün səsləndirdiyi fikirlərin Qarabağ probleminin həllinə heç bir təsiri olmayacaq. Bu olduqca qeyri-diplomatik bir jestdir. Bu, Azərbaycanın daxili ictimai rəyini ələ salmaqdır”.
V.Mirkamalın sözlərinə görə, hakimiyyət 23 ildir danışıqları elə bu formada aparıb ki, nəticə əldə olunmayıb. Eyni zamanda Məmmədyarovun “biz bundan sonra Qarabağ məsələsi ilə çox ciddi məşğul olacağıq” fikrini xatırladan V.Mirkamal bildirdi ki, bu bir daha göstərir ki, Azərbaycanın gələcəyini həll edən məmurlar yerlərində deyillər. “Novruz Məmmədovun bu fikirləri əksinə, Qarabağ problemi ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyini zəiflədən faktordur”, deyə V.Mirkamal vurğuladı.
Xəyal