Vahid Məhərrəmov: «Bir artezian quyusunun qazılması 30 min manata başa gəldiyi halda, büdcədən 2 dəfədən artıq vəsait ayrılıb»
Dövlət başçısı Ilham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə bir sıra addımların atılması nəzərdə tutulub.
Bəs, bu sərəncamın aqibəti necə olacaq? Sərəncam “Aqrolizinq”in aqibətini yaşaya bilərmi? Kənd təsərrüfatının ən böyük problemlərindən biri olan suvarmanı aradan qaldırmaq bu cür tədbirlərlə mümkün olacaqmı. Ekspertlərə görə, bu sahədəki problemləri həll etmək üçün məsələyə kompleks yanaşmaq lazımdır.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, əvvəla onu qeyd etmək lazımdır ki, istehlakçıların istifadə etdikləri suyun qiymətinin 35 faizdən çox artırılmasından sonra bu sahəyə dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılması dövlət vəsaitlərindən qeyri səmərəli istifadə olunmasından xəbər verir. Ikincisi, sərəncamda bir sıra ziddiyyətli məqamlar var: “Belə ki, sərancamda qeyd olunur ki, ”suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılmış, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılmışdır. Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın”. Sərancamda qeyd olunduğu kimi 150 subartezian quyusunda qazma işlərinə başlandığı halda, həmin quyuların layihələndirilməsi və qazılması məqsədi ilə 10 milyon manat maliyyə vəsaitinin ayrılması absurddur. Bu o deməkdir ki, həmin artezian quyuları tam əhalinin hesabına qazıldığı halda, dövlət büdcəsindən bu istiqamətə maliyyə resursları ayrılır və digər məqsədlər üçün istifadə olunur”.
V.Məhərrəmovun sözlərinə görə, orta hesabla bir artezian quyusunun qazılması xərci 25-30 min manata başa gəldiyi halda, büdcədən ayrılan vəsait bu rəqəmdən 2 dəfədən də çoxdur: “Orta hesabla hər bir quyu üçün ayrılan vəsait 66 min 666 manat 66 qəpik təşkil edir. Ümumiyyətlə artezian quyularının qazılması əsasən yerli əhali və kəndlilərin maliyyə hesabına başa gəlsə də, bütün hallarda dövlət büdcəsindən maliyyə vəsaitləri ayrılır. Bu da sual doğurur”.
Xəyal