YAP-ın da əlləri əsir…

sahveled_cobanogluŞahvələd Çobanoğlu

…ölkənin damarlarını kəsir

Azərbaycanı bütünlüklə naftalin iyi bürüyüb. Əslində, bizdə naftalin iyi söhbətinin real tarixçəsi var. Bir vaxtlar Ilham Əliyev deyirdi ki, müxalifət naftalin iyi verir. Müxalifət çıxıb getməlidir, məhv olacaq və s.

“Naftalin iyi vermək” nə deməkdir bəs? Nə zaman bu ibarəni işlədirlər? Kimyəvi maddə olaraq naftalin (S10N8ÿ) həqiqətən də xarakterik iyə sahibdir. Lakin “Naftalin iyi vermək”  ifadəsi hərfi məna daşımır, naftalin qoxumağı nəzərdə tutmur. Adətən əşyaları uzun müddət saxlamaq və köhnəlməkdən qorumaq üçün onun yanına naftalin qoyulduğundan, “naftalin iyi verirsən” frazası “köhnəlmisən” mənasını verir ki, bu da elə “naftalin kimi pis qoxuyursan” mənasından da ağırdır.

Sözün qısası – “naftalin iyi verirsən” söyləyirlərsə, köhnəlmisən, vaxtın keçib, çoxdanınsan deməkdir.

Müxalifətin köhnəldiyini deyən Ilham Əliyev Azərbaycanı hara gətirdi? Yenilədimi?

Ölkə mənən köhnəlib – idarəetmə üsulu və düşüncəsi, dövlət və vətəndaş münasibətləri, xalqa yanaşma, haqlar və hüquqların durumu göstərir ki, Azərbaycan naftalin iyi verir. Çoxdan dəyişməli, təzələnməli, çağın tələblərinə, xalqın haqlarına uyğun hala gəlməlidir.

Bu günlərdə səhiyyə xəbərləri Azərbaycan təranələrinə dönüb. Sumqayıtda yaşlı bir həkim əli əsdiyi üçün bilmədən xəstənin damarını kəsib və atasız qalmış üç uşağın anası da bu səbəbdən ölüb. Söhbət həkimin qocalmağından getmir, o qədər yaşlı mütəxəssislər dünyanın dörd bir yanında çalışır və onların təcrübəsi qızıldan qiymətli sayılır. Onların cavan köməkçiləri, dəqiq iş üsulları var. Amma sumqayıtlı həkimin o təcrübəsi də yoxdur, elə bizim səhiyyənin də yaşlı peşəkardan faydalanmaq təcrübəsi yoxdur.

Bizim səhiyyənin özünün əlləri əsir. Ona görə ki, bizim ölkənin idarəçiliyi də əlləri əsən, mənən qocalmış, köhnə tarixə aid sistemdir. Əli əyridir, amma istəsə belə heç bir işi dəqiq yerinə yetirə bilməz. Hökmən kiminsə damarlarını kəsəcək.

Ilham Əliyev də ölkəni zəngin neft səltənətindən, əngin problemlər məkanına çevirdi. Ölkəmiz dolma, mürəbbə festivalı keçirir, idman və mahnı yarışlarına dünyanın heyrət etdiyi qədər pul xərcləyir, guya müasir bir ölkədir, amma orta əsr feodal düşüncəsi ilə idarə olunur, xalqın durumu da çağın tələblərinə qətiyyən cavab vermir. Ədalət məhkəməsi sistemi yoxdur, səhiyyə, təhsil bugünün tələblərinə cavab vermir, ölkədə tərəvəz “parnik”lərindən başqa heç nə inkişaf etməyib, hələ o da məhsulu dünya bazarlarına çıxarmağın müasir imkanlarına sahib olmadan.

Yeni Azərbaycan Partiyası köhnəliyin, geriliyin simvoludur həm də…

Ana harayı…

“Səhəri gün polis şöbəsinə yenə gəldim. Gördüm Turalı tualetə aparırlar. Oğlumu tanımadım, nə gündə idi?! Elə bil ki, o Tural adında oğlan deyilmiş. Gözün altı şiş, ayaqları, qolları, bədənləri, paltarları nə gündə… Iməkləyə-iməkləyə, bərbad gündə gedirdi. Dedi, mama, bax, məni nə günə qoyublar. Məni toka veriblər. Səbəbini soruşanda tez maşına basdılar, apardılar”.

Bu sözləri bir neçə gün öncə Təranə Xanəlizədə Meydan TV-də yayılan videoda söyləyir. Bu, hansı zamanın istintaq üsuludur? Naftalin iyi gəlirmi bu üsuldan? Qan iyi və zülm sədası gəlirmi bu olayın baş verdiyi Azərbaycandan?

…Oğlunuz varmı, əziz oxucu?