Rasif Bağırov: «Ölkədə həyat şəraitinin ağır olması xəstəliklərin meydana çıxmasına münbit şərait yaradır»
Uşaq ölümlərinin statistikası hər zaman cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdəndir. Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev “facebook” səhifəsində azyaşlıların ölüm statistikası barədə məlumat yayıb.
Məlumata görə, 2015-ci ildə 1 yaşa qədər ölən uşaqların sayı əvvəlki ilə nisbətən 23 faiz artıb. Oğlan uşaqları arasında ölənlərin sayı daha çox – 25 faiz olub. Qız uşaqları arasında ölüm həddi isə 20 faiz çoxalıb.
Iqtisadçı vurğulayır ki, ölüm hallarının doğumun azaldığı şəraitdə artdığını da nəzərə almaq lazımdır. 2014-cü ildə 170.5 min, 2015-ci ildə 166.2 min körpə dünyaya gəlib.
Bu, 2010-2015-ci illərin ən pis göstəricisidir.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov yerlərdəki poliklinikalarda uşaqların nəzarətdə saxlanmasının köhnə üsullarla aparıldığını deyir. Mütəxəssis poliklinikaların müəyyən xəstəlikləri diqqətdə saxlaya bilməməkləri səbəbindən azyaşlıların ölüm hallarının çoxaldığını diqqətə çatdırır: “Elə problemlər var ki, onları vaxtında aşkar etmək lazımdır. Müəyyən dərman vasitələrindən istifadə edəndə bəzi reaksiyalar baş verir. Dövlətin uşaqlara qayğısının istənilən səviyyədə olması da vacibdir. Həyat şəraitinin asan, yaxşı olması da əsas şərtdir. Bəzən uşaqlar ağır əməyə cəlb olunur, bu da orqanizmin yüklənməsinə, bəzi xəstəliklərin yaranmasına gətirib çıxarır. Əslində, ölkədə həyat şəraitinin ağır olması təbii ki, xəstəliklərin meydana çıxmasına münbit şərait yaradır. Uşaqlara hər yaş dövrü üzrə hərtərəfli qayğı göstərilsə, onlar arasında ölüm hallarının sayı da çox aşağı düşər”.
Nigar