Əliyev niyə ölkədə istirahət etmir?

ilham-eliyev-bodrumÖlkə başçısı turizmə töhfə vermək üçün şəxsi nümunə göstərə bilməzmi?

Türkiyə mətbuatı ölkə başçısı Ilham Əliyevin Bodrumdakı təmtəraqlı istirahətindən yazıb. Ölkə başçısının xanımı ilə istirahət etdiyi məkanın görüntüləri də yayılıb. Fotolardan görünür ki, ölkə başçısı istirahətin dadını çıxarır. Varlığa darlığ olmadığı üçün Ilham Əliyev geniş ərazini istirahəti üçün zəbt edib. Təbii ki, hər kəsin istirahət hüququ var və Ilham Əliyevin də istirahət etməsində heç bir qəbahət yoxdur.

Amma Əliyevin bodrum istirhətindən yola çıxaraq bir neçə məqama toxunmaq istəyirik.

Əvvəla, qeyd edək ki, ölkə başçısının istirahət fotoları sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Yazılan statuslarda, şərhlərdə aqressiya hiss olunur, adamlar sadə vətəndaşın uzun illərdi istirahətdən məhrum olduğunu, acın toxdan xəbərsizliyini, ölkənin iflic vəziyyətə salındığını xatırladırlar və buna görə də Əliyevin istirahətini təbii qarşılamaq istəmirlər. Ümumi rəydə “nə əziyyət çəkdin ki, istirahət də edirsən” fikri hakimdir.

Amma biz daha mühüm məqama toxunmaq istəyirik. Bildiyiniz kimi, ölkə başçısı çıxışlarında Azərbaycanın turizm potensialından danışır, xarici turistləri ölkəyə çağırır, istirahət üçün ölkədə hər bir imkanın yaradıldığını vurğulayır. Amma hər dəfə məlum olur ki, ölkə başçısı xaricdə istirahət edir, ölkə daxili onun tələblərinə cavab vermir. Hansıki, ölkənin ağır vəziyyətində, qeyri-neft sektorunun inkişafının zərurətə çevrildiyi bir dövrdə ölkə başçısı şəxsi nümunələr göstərməlidir. Əgər Ilham Əliyev istirahətini ölkənin bir neçə rayonunda həyata keçirsə, bu məkanlardan fotolar yayılsa, bu daha məqsədəuyğun olar. Ilk növbədə imkanlı şəxslər, məmurlar da ölkədə istirahət edər, digər tərəfdən, bu, ölkə xarcindəkilərə bir mesaj olar. Yəni ölkə başçısı dediklərini əməliylə də sübuta yetirmiş olardı. Indi isə ölkə başçısı 12 avtomobillik qoruma, helikopter müşayiəti altında Bodrumda istirahət edir.

Ümumiyyətlə, hökumətin təbliğatında ziddiyyətlər həmişə qabarıq görünüb. Səhiyyənin inkişafından danışıb, müalicələrini Avropada ediblər, xaricdəki iş adamlarını ölkəyə çağırıb, özləri xaricdə şirkətlər qurublar, təhsilin inkişafından dəm vurduqları halda, övladları Avropada təhsil alıb və s.

Indi də Azərbaycanın turizm potensialından, ölkənin istirahət üçün ən ideal yer olduğundan danışıb, özləri ölkə xaricində dincəlirlər.

Yəni aparılan təbliğatı ilk növbədə ölkə başçısı təkzib edir. Faktlar da göstərir ki, ölkədə turizmin inkişaf etdirilməsi üçün heç bir real addım atılmayıb. Qiymətlər baha, xidmət aşağı səviyyədə. Ona görə də ölkə vətəndaşı istirahət üçün qonşu ölkələrə pənah aparır. Bu yay da istisna deyil. Artıq turizm şirkətlərində kifayət qədər müraciətlər olunub, vətəndaşlar ölkə xaricində istirahət edəcəkləri hotelləri bron ediblər. Vətəndaşların istirahət üçün xaricə üz tutması hökuməti də narahat edib. Çünki, bu ölkədən valyuta axını, dollar çıxışı deməkdir. Amma pulu ölkədə saxlamaq üçün də heç bir stimulverici addımlar atılmır.

Xülasə, Ilham Əliyev özünə rəva bilmədiyini, başqalarına tövsiyə edir. Amma Azərbaycanın həqiqətən də gözəl guşələri var və ölkəni turizm nəhənginə çevirmək mümkündür. Bunun üçün sadəcə olaraq Bodrumda istirahət edənlərin Azərbycanda cənnət yaratmaq istəyi olmalıdır.

Samir