Əliyevin Bodrum istirahəti və dolma festivalı – Xalq nə düşünür?

fb-rubrika“Xalq nə düşünür” rubrikasında bu dəfə günün ən çox müzakirə olunan mövzuları – İlham Əliyevin Bodrum istirahətinə və Azərbaycanda keçirilən dolma festivalına sosial şəbəkə istifadəçilərinin münasibətini təqdim edirik.

 Bodrum şəkilləri

Prezident İlham Əliyevin Bodrum istirahəti zamanı çəkilən şəkilləri sosial şəbəkə istifadəçiləri arasında ən çox müzakirə edilənlərdən olub. Şəbəkə istifadəçiləri arasında bunu normal qarşılayanlar olsa da, prezidenti tənqid hədəfinə çevirənlər də az olmayıb.

“Zatən Azərbaycanda bütün dənizləri xalqın üzünə hasarlayıb, mənimsəyiblər. Bodruma getmək nəyə lazımdır ki, hələ bir şəkilini də çəksinlər?!”, – Əbülfəz Sadıqov qeyd edir.

Aynurə Heydərova yazır ki, “Bunun siyasi tərəfi var, Əliyev Türkiyənin yanında olduğunu göstərir. Bombalı saldırılardan sonra turistlərin axını dayanıb. Məncə bu dəfə doğru olanı edir”.

“Bodrumda niyə? Bəs Avropa nə oldu? Maliyyə böhranı deyəsən Əliyevin istirahətinə də təsir elədi”, – Tamara Qriqoryeva qeyd edib.

Gülər Mehdizadə istehza ilə yazır ki, “Prezident çox gərgin işləyir. Adam narahat olur. İstirahət etdiyini gördüm, ürəyim yerinə gəldi”.

Xəyalə Ağayeva isə deyib ki, “Asan deyil, bu boyda korrupsioner sistemin başında durmaq. Xoş istirahətlər, cənab prezdentimiz!”

«Xalq aсından qırılsın, İlham Əliyev də Bodrumda xalqın pulları ilə dincəlsin», – Nicat Əmiraslanov belə düşünür.

Lalə Əliyeva isə məsələyə başqa cür yanaşır: “Məncə, panikaya əsas yoxdur. Heç bir ölkənin prezidenti guya gedib dincəlmir?”

Təranə Heydərova sual edir ki, “İl boyu 1 tikə çörək üçün gecə-gündüz çalışan, amma bunun müqabilində 130 manat alan kəslər necə gedib dincəlsin?”

Nərmin Belen prezidentə xoş istirahət arzulayaraq bildirir ki, “Adam ilin 11 ayı sərvət toplayır, 1 ay dincəlməsin yəni?”

“Bizim istirahətimiz isə 12-13 saatlıq işdə olur”, – Fəxrəddin Verdiyevin münasibəti belədir.

“Biz müəllimlər də 200 manat maaş alırırq. Bu pulla aeroporta çata bilsək, təyyarənin quyruğunda istirahətə gedəcəyik, inşallah”, – Rəşad Məmmədov ironiya ilə qeyd edir.

“Əliyevin tərəfini saxlayıb, onun istirahət hüququnu müdafiə edənlər, bir az da öz haqlarını tələb etsə idilər, indi özləri də ən azından ölkə daxilində istirahətdə idilər”, – Aytən Həsənova bu cür düşünür.

Vahid Məhərrəmov isə mövzuya dair belə şüarla çıxış edir: “Sən çox pis durumda, o isə Bodrumda”.

Aqil Ali Məhərrəmov sual edir ki, “Madam gedib Bodrumda, digәr ölkәlәrdә dincәlәcәksiniz, daha ölkәdәki sahil boyu çimәrliklәri niyә hasarlayırsınız?”

Xədicə İsmayıl yazıb ki, “Deyirəm, vətənpərvər olsaydılar, xeyiri ölkədəki istirahət mərkəzlərinə verərdilər. Pullarını da ofşorlarda gizlətməzdilər o zaman”.

“Yazıq, məzlum nə etsin? Xəzəri bütün hasarlayıblar deyə, o da gedib Bodrumda çimir”, – Ehram Quliyev istehza ilə belə bildirib.

Dolma festivalı

Xırdalanda keçirilən I Beynəlxalq Dolma Festivalı sosial medianın gündəm mövzularından birinə çevrilib. Sosial media istifadəçilərinin böyük əksəriyyəti festivala tənqidi yanaşıb.

Cesur Kaplan adlı şəbəkə istifadəçisi yazıb: “İndi də büdcədən əcnəbilərə milyonlar ayıracaqlar ki, gəlin dolma yeyin. Bükməyi də bizə qalacaq”.

“Yapon danışan robot festivalı keçirir, biz də dolma festivalı”, – Elvin Quliyev qeyd edib.

“Ailə var dolmanı bayramdan bayrama bişirib yeyir, bunlar da dolmadan festival keçirir”, – Samiq İskəndorov fikrini belə ifadə edib.

Gülşən Mehdiyeva isə bildirir ki, “Ermənilər dolma festivalı keçirəndən sonra ayıldıq ki, biz də keçirək”.

“Dolma yox, dolama. Milləti dolayıblar, bu, onun festivalıdır”, – Cavid Səməndərovun şərhi bu cürdür.

“Dolma bükən könüllülər haradadır? Gözə dəymirlər”, – Elçin Yusifbəyli ironiya ilə şərh edib.

“Vətəndaş dolma bişirməyə ət tapmır, bunlar dünyaya dolma pozaları verirlər”, – İlham Hüseyn deyib.

Zülaləddin Rzayev evdə aylarla dolma yemədiyini bildirərək yazır ki, “Görəsən, festivalda camaata dolma verəcəklər?”

“Hazırda ön cəbhədə, Xırdalandayam, burada dolma uğrunda şiddətli festival gedir. Yaxşı xəbərlər var, yaza bilmirəm, ürəyim partlayır, gözləyirəm rəsmən təsdiqlənsin”, – Elnur As ironiya ilə yazır.

“Formula-1 dən sonra, dolma yarışına hazırlaşın”, – Bəhruz Həsənli belə düşünür.

Vüqar Uğurluoğlu qeyd edir ki, “Bizimkilər Qarabağı da dolma, “Sarı gəlin” qədər müdafiə etsə idilər, dərdimiz qalmazdı”.

“Üzdəniraq qonşulardan öyrəndilər? Belə festivallardansa, millətin hayına yanmaq lazımdır”, – Akif Cəfərov deyib.

Nika Lika adlı istifadəçi yazır ki, “Orucluqda da dolma festivalı keçirərlər?”

“Azərbaycanda rüşvətxorluq və yaltaqlıq festifalı keçirmək lazımdır”,  – Əli Vəliyevin festivala münasibəti belədir.