Siçovuldan qabaq gəmini tərk edirsənsə…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Iyun ayı özünü bu il heç yaxşı aparmadı. Yalnız son həftə ona çatdı ki, yay ayıdır və həmkarı iyulun qarşısında başıaşağı olmamaq üçün son günlərdə azacıq da olsa, qeyrətə gəldi. Bu ay həm də müharibələr ayıdır…

Sanki cəmiyyətimiz də bu il iyundan nümunə götürdü – adət etmədiyimiz qalmaqallar, sərsəm açıqlamalar, əcaib qərarlar  gündəmi demək olar ki, zəbt etdi. Bir neçə məqamı çıxsaq, iyunu “iqtidardaxili didişmələr ayı” kimi xarakterizə etmək mümkündür. Və çəkişmələr daxili olduğundan, tərəfləri etika və mərifətə dəvət edir, eyni zamanda, ittiham edirlər.

Bəli əziz oxucu, aprel ayında müxalifət liderinin evi qarşısında, prezident seçkiləri ərəfəsində Hafiz Hacıyevin hoqqaları zamanı yada düşməyən etika hazırda çox aktualdır. Hətta qanun da hazırlayırlar. Hələlik Milli Məclis deputatları üçün. Niyəsini açıqlamayacam, çünki zarafat bir yana, bu elə bir mövzudur ki, müəyyən çərçivələri zorlamasan, heç nə yazmaq mümkün deyil. Yalnız onu deyə bilərəm ki, 115-i tamamilə təsadüfi olan 125 nəfərlik məclis üçün bu kodeks, yəni özünü necə aparmaq qaydaları çoxdan lazım idi.

Iyun ayında diqqətimi cəlb edən çoxsaylı qalmaqallardan ikisinin üzərində dayanmaq istəyirəm. Hər iki qarşıdurma o qədər ciddi olmasa da, yuxarı dairələrdə narahatçılığa səbəb oldu. Bu qalmaqalları xarakter etibarilə mərkəzdənqaçma  kimi də qiymətləndirmək olar. Söhbət Oqtay Əsədov-Zahid Oruc və Arif Alışanov-Qulu Məhərrəmli toqquşmalarından gedir.

Milli Məclisin spikeri Oqtay Əsədov iqtidarın ən səbirli nümayəndələrindən biri hesab olunur. Hətta mən deyərdim ki, Oqtay Əsədov hakim komandanın ən mistik, xarakteri tam olaraq çözülməmiş fiqurlarından biridir. Arabir qohumları ilə gündəmə gəlir və gedir. Bəlkə də Oqtay müəllim uzun müddət su işində çalışdığı üçün bu qədər sakit və təmkinlidir. Bu, mənim subyektiv fikrimdir, razılaşmaya bilərsiniz.

Bir neçə gün əvvəl, Oqtay müəllim Zahid Orucla mübahisədə çox aqressiv təsir bağışladı. Hətta özünü saxlaya bilməyib ona “səviyyəsiz” dedi. Əslində, Oqtay müəllim Amerika-filan kəşf etmədi, həqiqəti dolayı yolla söylədi. Nədir həqiqət?

Həqiqət odur ki, saxta yolla seçilən deputat sağa-sola reverans etməməli, cəmiyyətə “bax, görürsünüz, mən bunlardan fərqlənirəm” mesajı verməməlidir.

Obrazlı desək, heç siçovulların belə, tərk etməyi düşünmədiyi bir gəmidə hərdən əlində çemodan dolaşanı sorğu-sual etmək kapitanın vəzifə borcudur. Bu üzdən Oqtay müəllim haqlıdır.

Onun su səbri tükənməsin, neyləsin?!

Zahid Orucun savadlı deputat hesab edildiyi parlament milli faciəmiz olsa da, bu gün rejimə sadaqətlə xidmət edir. Oqtay müəllim mümkün panikanı məharətlə önlədi və matı qurumuş deputatlara dolayı yolla dedi ki, buna fikir verməyin. Avropa-filan dağılmır. Necə dağılır ki, biz ondan pul istəyirik.

Ikinci qalmaqalda söhbət uzun müddət AzTV və “Xəzər” telekanallarında çalışan, Milli Elmlər Akademiyasının şöbə, BDU-nun isə kafedra müdiri Qulu Məhərrəmlinin Arif Alışanovla çəkişməsindən gedir.

Alışanov hakimiyyətin etalon hesab edilə biləcək məmurudur. Onun rəhbərlik etdiyi AzTV hakimiyyətin ən önəmli təbliğat maşınıdır. Onu sonradan “zay çıxan” adlandıran adamdan, əlbəttə, hesab sorarlar. Qulu müəllimə böyük hörmətim olsa da, onun keçmiş dostu Arif Alışanovun rəhbərliyi altında işləyib, daha sonra isə yerdən-göyə vurmasını anlaya bilmirəm. Daha dəqiq desək, rejimə rəğbət bəsləyib, Alışanovu “yaramaz”, “içi boş”, “feodal düşüncəli” adlandırması bir professor üçün çox.., özü də lap çox gecikmiş bir etirafdır.

Bir töhmətlə canını qurtaran Zahid Oruca baxanda Qulu müəllimin məsələsi bir az qəlizdir. Könül istərdi ki, Qulu müəllim bu münaqişədən az itki ilə çıxsın. O biri alimlərimizə də bir örnək olsun.

Bircə bu iyun bitsəydi…