Valyuta ehtiyatlarımız 12 milyard dollar azalıb

neft-fondu

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub.

İl ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. “Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub”, – deyə hesabatda bildirilir.

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb.

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.

Fonda indiyə kimi daxil olan 124.9 milyard dollardan yalnız 33.57 milyardı yığıma yönəldilib

Hesabatda qeyd edilir ki, 2015-ci ildə fondun gəlirləri azaldığına görə, ümumi yığım səviyyəsi də 9,5 aşağı düşüb: “2001-2015-ci illər ərzində DNF-nin daxilolmaları 124 milyard 900 milyon ABŞ dolları səviyyəsində olub. Bu vəsaitin 33,57 milyard ABŞ dolları (26,9 faizi) yığıma yönəldilib”.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib.