Oqtay Şirəliyev istefa verəcəkmi?

oqtay-sireliyev2Yarıtmaz idarəçilik səhiyyəni necə xəstələndirib

Tam məsuliyyətlə demək olar, ölkəni iflic vəziyyətə salıblar. Səriştəsiz, acgöz, məsuliyyətsiz hakimiyyət komandası ölkənin bütün sahələrini məhv edib. Öyünə biləcəyimiz, etibar edə biləcəyimiz, təsəlli tapa biləcəyimiz heç nə yoxdur. Hansı sahəyə baxsaq, dəhşətin, faciənin şahidi oluruq.

Bu mənada Azərbaycan səhiyyəsi daha ağır durumdadır və bu vəziyyət milyonlarla vətəndaşı təhdid edir. Son günlər baş verən 3 faciəli hadisə isə səhiyyənin özünün xəstə vəziyyətdə olduğunu göstərdi.

Əvvəlcə məlum odu ki, Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb. Belə ki,  xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır. Məsələ bundadır ki, xəstəxanalarda generator olmalıdır və elektirk enerjisi kəsilən kimi generator dövriyyəyə girməlidir. Xəstəxanadan isə bildiriblər ki, generator olsa da işləməyib. Amma belə söz-söhbətlər də yayıldı ki, generatoru xəstəxananın baş həkimi başqa məqsədlər üçün istifadə edirmiş. Istənilən halda iki körpə uşaq səhlənkarlığın, məsuliyyətsizliyin qurbanı oldu.

Ardınca dəhşətli hadisə Bakıda baş verdi. Həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsdi. Daha sonra məcburən xəstənin sol ayağı da kəsilib. Deməli, həkim məsuliyyətsizliyinin nəticəsində xəstə iki ayağını da itirdi.

Nəhayət, 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində öldü. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. Iki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanlarını zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. Bəli, Günay Həşimovaya səhv diaqnoz qoyulub və nəticə də göz qabağındadır.

Əlbəttə, Azərbaycan səhiyyəsinin məhv etdiyi insanlar bu 3  nəfərdən ibarət deyil. Bugünə qədər yüzlərlə belə hadisə baş verib. Sadəcə olaraq son günlər baş verən bu 3 hadisə ölkəni yenidən silkələdi və bir daha səhiyyənin vəziyyətini göz önünə gətirdi.

Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, Irana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Hamı başa düşür ki, bu ölkədə vətəndaşın həyatı deyil, verdiyi pul önəmlidir. Hamı bilir ki, xəstəyə qazanc kimi baxılır və sağlam adama xəstə diaqnozu qoyulur. Bir sözlə, Azərbaycan səhiyyəsi öz funksiyasını itirib və milyonlarla insanın sağlamlığı təhlükə altındadır.

Ancaq büdcədən bu sahəyə milyardlar ayrılıb, dəbdəbəli diaqnostika mərkəzləri tikilib, bahalı avadanlıqlar alınıb və s. Bir daha təsdiq olunur ki, əsas dəbdəbəli xəstəxananın tikilməsi deyil, o xəstəxananın içində savadlı kadrların olmasıdır.

Sadəcə olaraq bu ölkədə insan həyatı o qədər ucuzlaşıb ki, xəstəyə səhv diaqnoz qoymaq, xəstəni ölüm həddinə çatdırmaq qeyri-adiliyini itirib. Iqtisadiyyatımız, təhsilimiz, hüquq sistemimiz hansı vəziyyətdədirsə, səhiyyəmiz də həmin vəziyyətdədir.

Bu hakimiyyətin yürütdüyü siyasət hər yerdə vətəndaşı öldürür. Hakimiyyətin siyasətində vətəndaşı yaşatmaq naminə hər hansı məqam hiss olunmur.

Bu qədər biabırçılığa görə cavab verilməlidir. Səhiyyənin “şirə”si çəkildiyinə görə Oqtay Şirəliyev istefa verməlidir.

Samir