“Bizdə yeni maarifçi hərəkata ən azı  50-200 il əvvəlki qədər ehtiyac var”

elnuras-kitabteqdimElnur As: «Azərbaycanın azad, modern dünyanın bir parçasına çevrilmək potensialı başqa türk və müsəlman ölkələrindən qat-qat çoxdur»

Şair-publisist Elnur Asla müsahibəni təqdim edirik.

– Elnur bəy, sayca üçüncü olan kitabınız – “Qələm, qadın, qədəh” iki bölümdən ibarətdir. Kitabın ilk bölümü, özünüzün də qeyd etdiyiniz kimi, Azərbaycanın son 200 illik tarixinin ən parlaq dönəmlərindən biri olan 1900-cü illəri anladır. Niyə bu dövr haqqında yazmaq ehtiyacı hiss etdiniz?

– Əslində kitabın özündə bu sualın cavabı verilib. 1900-cü illər haqqında tarixi etüdlərə kiçik giriş yazısında da yazdığım kimi, tariximizin heç bir dövrü mənəvi mənada 1900-cü illər qədər qaynar, dinamik, rəngarəng olmayıb, özündən sonrakı onilliklərə işıq tutmayıb. Hətta şəxsi düşüncəmə görə, 1918-ci ildə Cümhuriyyətin ilk dəfə elanının kökləri də xeyli dərəcədə 1900-cü illərlə, o dövrün qaynar, dinamik ictimai, mədəni həyatı ilə bağlıdır. Cümhuriyyəti yaradanların və ona yön verənlərin, onun simasını təşkil edənlərin böyük hissəsi məhz həmin illərdən başlayaraq aktiv fəaliyyətlə məşğul idilər, aydınlanma və təşkilatlanma işləri görürdülər. Bu, 1900-cü illərin yaxın tariximizdə lokomotiv rolu oynadığını göstərən ən önəmli, bu mənada da ayrıca araşdırılması lazımdır, çünki o illərdə baş verən proseslərdən öyrənəcək, dərs alacaq çox şeyimiz var. Ilk növbədə o qədər ağır şərtlər altında – istər maddi çətinliklər, istər siyasi-ictimai əngəllər mənasında! – onlarla irəligörüşlü, yurdsevər insanın Azərbaycanda fədakarcasına, yorulmadan, usanmadan apardığı aydınlıq mücadiləsi hər kəsə görk olmalıdır.

– Amma Azərbaycanda maarifçilik hərəkatının kökləri daha əvvələ gedir…

– Şübhəsiz. 1900-cü illər Mirzə Fətəli Axundzadə ilə başlayan və Azərbaycanın sonrakı mədəni, mənəvi taleyində müstəsna rol oynayan dalğanın əsəridir. Prosesin keçən yüzilin əvvəllərində daha bitkin və yetkin şəkil almasında ondan öncəki dönəmlərə möhürünü basmış bir çox insanların, – Axundzadədən tutmuş Həsən bəy Zərdabiyəcən! – əməyi var. Yeri gəlib, dəyərli tarixçimiz Altay Göyüşov “1900-cü illər” tarixi etüdləri barədə sosial şəbəkədə təqdiredici qeydlərində maraqlı bir məqamı vurğulamışdı. Yazmışdı ki, “Niyə bütün bu naliyyətlər o dövrdə mümkün idi? Çünki tarix elə gətirib ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvəlləri Rusiya imperiyası tarixində azadlıqların nisbətən ayaq açıb yeriməyə başladığı dövrdür. Azad mühit isə hətta imperiyanın uzaq müsəlman ucqarında belə təşəbbüslərə və təşəbbüslərin çətinliklə də olsa, basqılar altında da olsa, tərəqqiyə yol açmasına imkan verirdi”. Bəyin sözünə qüvvət, mən Sovet Rusiyası ilə müqayisədə çar Rusiyasının Azərbaycan üçün daha faydalı olduğuna inanıram, bunu ən azı bir nümunədə görə bilərik: çar dövründə bu ölkədə Axundzadələr, Üzeyir bəylər, Haqverdiyevlər, Rəsulzadələr, Nemanzadələr yetişdi, sovetdən qalan miras isə Anardı, Fikrət Qocadı, Artur Rəsizadə, Hacıbala, nə bilim, Abid Şərifovdu.

– Bir az əvvəl ötən yüzilin əvvəllərindəki maarifçilik hərəkatından öyrənməli çox şeyin olduğunu dediniz. Amma bu gün Azərbaycanda maarifçi hərəkata ehtiyac olduğunu düşünənlər də var.

– Mən belə fikirlərə rast gəlməmişəm, əgər doğrudan da belə düşünənlər varsa, onların arqumentləri ilə tanış olmaq maraqlı olardı. Azərbaycanın indiki gerçəkliyində yeni aydınlanma hərəkatına duyulan ehtiyac 150-200 il əvvəllə müqayisədə az deyil, bəlkə də çoxdur. Şübhəsiz, ənənəvi maarifçilikdən getmir söhbət. Bu gün bizə kifayət qədər geniş imkanlar tanıyır, məktəblər, universitetlər var, KIV imkanları böyükdür, sosial şəbəkə kimi inanılmaz bir texnoloji meydan var. Yəni topluma çıxmaq fürsətləri müqayisəyə gəlmir. Amma internet istisna olmaqla, bu resurslar cəmiyyət üçün nə qədər faydalı rol oynaya bilir? Məsələn, məktəb bu gün nə öyrədir? Şəxsiyyətə pərəstiş, ya da “fondpulu”, “süpürgəpulu”, “təmirpulu” adı altında rüşvətlə ilkin tanışlıqdan başqa nə verir uşaqlarımıza? Ya da telekanallar… Insanların beynini çağdışı, geriçi fikirlərlə zəhərləməkdən, onları ictimai-siyasi təslimçiliyə, mənəvi köləliyə sürükləməkdən başqa nə işlə məşğul olurlar? Demək istədiyim odu ki, resurslar ilk baxışda boldur, amma Azərbaycanı çağdaş, modern dünyaya qovuşdurmaq imkanları yenə də azdır, çünki onların üzərində mövcud idaretmə sisteminin iradəsi var. Bu mənada quşqu yoxdur ki, öncə sistem dəyişməli, son 23 ildə ardıcıl şəkildə qapadılan nəfəsliklər açılmalı, bütün resursların xalq üçün yararlılıq, faydalılıq əmsalı yaranmalıdır. Onda biz bütün mənalarda tərəqqiyə daha tez qovuşa biləcəyik. Amma indi sistem dəyişikliyinə gücümüz çatmırsa, neyləməliyik? Barışmalıyıq vəziyyətlə? Əlbəttə, yox. Həqiqəti əldəki imkanlarla yaymağa davam etməliyik. Bir insanı belə, mənəvi köləlikdən azad etmək, onun qaranlığa təslim olmuş beynini bəşəri dəyərlərin işığı ilə aydınlatmaq az iş deyil. Gertsen deyirdi ki, “inqilab onsuz da olacaq, amma o vaxtadək çalışıb sağlam vətəndaşlar yetişdirmək lazımdır”. Çox dəqiq deyilib. Əgər bu gün Azərbaycanda sistem dəyişikliyinə gücümüz çatmırsa, heç olmasa çalışıb, müasir görüşlü, modern təfəkkürlü, yüksək savadlı, bəşəri dəyərləri mənimsəmiş adamların sayını çoxaltmalıyıq. Bunu mövcud vəziyyətdə aydınlanma hərəkatından, insanları kitaba, elmə, oxumağa, öyrənməyə həvəsləndirməkdən qeyri necə etmək olar? Necə ola bilər ki, 150 il əvvəllə müqayisədə çox şeyin dəyişmədiyini, Axundzadənin, Mirzə Cəlilin, Sabirin, Ömər Faiqin, Əbdürrəhim bəy Haqverdiyevin yazdıqlarının hələ də aktual olduğunu az qala çoxumuz deyirik, amma həm də onların mücadilələrini davam etdirməyə gərək qalmadığını fikirləşirik? Neyləyək, boş verək, çəkilək duraq kənarda,  bunların məktəbləri, universitetləri, telekanalları, daha nə bilim nələri toplumu son nəfərinədək zəhərləməyə davam etsinlər?!

– Yəni inanırsınız ki, maarifçilik bu gün də aktual məsələdir?

– Əlbəttə. Mənə hətta bunu müzakirə etməyin özü belə gülməli gəlir. Maarifçilik nədir? Bilgi, kültür paylaşımı! Bu necə öz aktuallığını itirə bilər, özü də sürətlə, məqsədli şəkildə total savadsızlığa, kütləvi cəhalətə sürüklədilən bir ölkədə?! Kamyunun çox sevdiyim və tez-tez təkrarladığım bir sözü var: “Cəhalət bütün pisliklərin anasıdır”. Bunu indi hakimiyyətdə olanlar da yaxşı bilirlər, bildikləri üçün də ölkəni cahilliyə təslim edirlər. Yalnız belədə onlar öz səltənətlərini daha rahat qoruyub-saxlaya, daha çox çapıb-talaya, daha asan hökm edə bilərlər. Reallıq budursa, biz necə maarifçiliyi mübahisə mövzusuna çevirə bilərik, anlamıram. Quşqum yoxdur ki, 98 il öncə olduğu kimi, Azərbaycanda Respublika yenə də irəligörüşlü insanların, çağdaş, modern ruhlu insanların aydınlanma mübarizəsinin, fədakarlığının əsəri olaraq meydana çıxacaq. O insanlar Mirzə Cəlillər, Sabirlər, Nemanzadələr, Haqverdiyevlər kimi yenə də sistemin yetişdirdiyi, çoxaltmağa və daim formada saxlamağa çalışdığı kütlənin qəzəbli hücumlarına, ən yaxşı halda laqeyd, ögey münasibətinə məruz qalacaqlar, necə ki, qalırlar, amma hər şeyə rəğmən mücadilə davam etməli və bəşəri dəyərlər, Respublikanın bərpası sayəsində bu torpaqlar üzərində əbədi – qalıcı qələbəsini qazanmalıdır.

– Elnur bəy, maraqlıdır, tarixi etüdlərinizin davamı olacaqmı?

– Bəlkə də… Axundzadədən başlayan aydınlanma dalğası bütün mərhələləri ilə mənim üçün çox cəlbedici mövzudur, amma ictimai dəyəri baxımından da hesab edirəm ki, hamımız üçün gərəkli prosesdir. Onu öyrənmək və başqalarına da anlatmaq ümumi işimizə yararlı ola bilər deyə düşünürəm. Bu mənada gələcəkdə mövzunu davam etdirməyim istisna deyil. Bir məsələni də gərək ayrıca vurğulayım. Biz bəzən Azərbaycanın mədəni-mənəvi gücü haqqında xeyli bədgüman oluruq. Amma məncə, istər 1900-cü illərədək, istər onda, istərsə də ondan sonra yaşananlar, ortada olan simalar sübut edir ki, Azərbaycanın azad, modern dünyanın bir parçasına çevrilmək potensialı, başda da Türkiyə olmaqla, başqa türk və müsəlman ölkələrindən qat-qat çoxdur. O ölkələr içərisində demokratiyanın, dünyəviliyin, Respublikaçılığın, çağdaşlığın zəfər çalma gücü ən çox bizdədir. Son 150-200 illik keçmişə dərindən baxanda bunu görməmək mümkün deyil. Bu ölkədə hüquq və azadlıq institutlarının işləməsi kifayətdir ki, o, tərəqqipərvər təşəbbüslər meydanına çevrilsin, dünyanın hər mənada, hər sahədə gəlişmiş ölkələrinin sırasına qoşulsun. Biz bir Səudiyyə Ərəbistanı, ya da bir Banqladeş, Əfqanıstan, lap elə Türkmənistan-filan da deyilik. Bu sizə xirda məsələ kimi görünməsin. Bu ciddi məsələdi və biz buna məhz yüz il əvvəlki mənəviyyatca, dünyagörüşcə sağlam insanların – aydınların sayəsində nail olmuşuq. O potensialı qorumaq lazımdır ki, bu ölkə nə indiki siyasi irticaya tam təslim olsun, nə də gələcəkdə hansısa zəhərli, zərərli, təhlükəli meyllərin (məsələn, dinçi-şəriətçi dövlət xəyalı quranların!) ağuşuna düşsün.