Hikmət Hacızadə: «Danışıqlar prosesində heç nə dəyişməyib, hər şey ənənəvi olaraq qalır»
Qarabağ danışıqlarının nəticə verməməsi artıq tərəfləri bir sıra etiraflara məcbur edib. Sankt-Peterburq görüşündən öncə Ilham Əliyev bundan sonra səmərəsiz danışıqlar aparmaqda maraqlı olmadığını bildirdi. Amma bu görüşün Rusiya tərəfindən təşkil olunması Ermənisan və Azərbaycanın üzərinə müəyyən yükü qoyur.
Ona görə tərəflər Rusiya görüşünün müəyyən irəliləyişə səbəb olduğunu əsaslandırmağa çalışır. Artıq uzun müddətdir ki, danışıqlar prosesi “Mərhələli həll” variantı üzərində gedir. Yəni danışıqların əsas predmeti məhz burada toplanıb. Amma Sankt-Peterburq görüşündən sonra rəsmi Bakıdan maraqlı açıqlama gəlir.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarı ilə razılığa gəldilər”.
Sonuncu cümləyə diqqət edin. “Bu istiqamətdə tərəflər prinsip etibarı ilə razılığa gəldilər”. Bu tip razılıqlar dəfələrlə olub. Amma ortada nəticə yoxdur.
Politoloq Hikmət Hacızadə bildirdi ki, danışıqlar prosesində heç nə dəyişməyib, hər şey ənənəvi olaraq qalır. Danışıqlar prosesinə məhz Rusiyanın nəzarət etdiyini deyən H.Hacızadə vurğuladı ki, Rusiya öz qoşunlarını Azərbaycana qaytarmağı hələ planlayır: “Azərbaycan Rusiyanın şərtlərinə razılıq verməyincə, danışıqlarda heç bir irəliləyiş olmayacaq. Rayonlar da geri qaytarılmayacaq. Əslində, bütün bunlar böyük oyunun tərkib hissələridir. Tutalım Azərbaycan Rusiyanın təkliflərinə razılıq verdi. Amma Ermənitsan buna razılaşmadı. O zaman Rusiya aprel döyüşlərinin oxşarını yarada və Azərbaycanı Ermənistana hücum etməyə vadar edə bilər”.
Xəyal