Səssiz soyqırım

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Ölkədə 1993-dən bu yana soyqırım gedir – səssiz soyqırım! Bir neçə gün qabaq Səlyanda baş verən körpə ölümü o soqırımın daha bir faktıdır. Səlyan Mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm uşaq doğulub. Uşaqları “modern” qutulara qoyublar. Işıq sönüb, uşağın ikisi oksigen çatışmazlığından ölüb. Işıq sönüb, bəs generator? Generator işləməyib. Elektrik, generator- suç bunlarda, ölüm faktının bunlarla bağlılığında deyil. Suç başlanğıcdan ANTIMILLI, ANTIDEMOKRATIK xarakter daşıyan əliyevçi rejimdədir.

Dönə-dönə yazmışıq: BMT göstəricilərinə görə, Azərbaycan ana-uşaq ölümü sarıdan Afrikanın ən geridə qalmış ölkələriylə bir sırada durur. Ölkədə ana-uşaq ölümlərinin sayı durmadan artır, bu artım geniş faciəli statistikaya çevrilir. Prezidentin, prezident ailəsinin vecinə deyil. Prezident dediyimiz bəllidir, bəs nə üçün prezident ailəsi? Çox saya bir nədənə görə: televiziyalardan, rejim qəzetlərindən (eləcə də rejimə satılmış qəzetlərdən) göründüyü kimi, prezident ailəsi təkbaşına ölkənin yiyəsinə çevrilib. Onlar Rusiyadan Vatikana, Luvr muzeyinə, Petka kilsəsinədək dörd bir yana milyonlar, milyardlar səpələyirlər – öz pulları kimi! Azərbaycanın pullarını, Azərbaycan xalqının pullarını öz pulları kimi bütün dünyaya səpələyirlər. O pullarla ölkənin hər yerində uşaq bağçaları, məktəblər, xəstəxanalar tikdirmək, o pullarla bilikli müəllimlər, həkimlər yetişdirmək olardı. Onlarsa Azərbaycan xalqına – soyub-yağmalamaqla yoxsullaşdırdıqları xalqa – anlaşılmaz nifrətləri üzündən xalqın pullarını sonunadək mənimsəyir, göyə sovurur, çölə tökürlər!

Hələ bir-birindən boşuna, dövlət büdcəsini yeyib-dağıdan idman oyunları! Bunlar yalnız bir ailənin kefi, bir ailənin xalqa yanğı verməsi üçün keçirilən oyunlar deyil, Əl ATILAN OYUNLARDIR! Iyunun 17-də Formula-1-in, belə desək, içini görmək üçün Istiqlaliyət küçəsinə getdim. Oradakı tanış balkonlardan birinə çıxıb gözlədim görüm bu Formula-1 nə oyundur. Birdən: “Vıyyy!” Birdən: “Vıyyy!” Birdən: “Vıyyy!” Başqa nə? Başqa – başda gurultu! Bir də qapı-pəncərələrdə güclü titrəyiş. Bu hələ dörd il də olacaq (bunlar qalsalar). Bütövlükdə on illik bir OYUN! Sonra bizə nə qalacaq? Sinirlərimizi sarsıdan vıyıltı etkisi, uçulub-dağılmış Içərişəhər, bomboş dövlət büdcəsi!

Formula-1-in ardınca yükü bütünlüklə Azərbaycan xalqının üzərinə düşən başqa bir oyun gəlir. Gələn il isə Islam oyunları. Azərbaycan xalqına nifrət üzərində qurduqları, belə bir nifrət üzərində sürdürdükləri hakimiyətlərini qoruyub saxlamaq üçün bizi bir yandan Xristian güclərinə satırlar, o bir yandan Islam güclərinə. Bir yandan Vatikana tapınırlar, o biri yandan Məkkəyə. Bir yandan Avropa oyunları OYNAYIRLAR, o biri yandan Islam OYUNLARI! Oynadıqları bütün oyunlarsa bu xalqı, bu ölkəni, bu dövləti soyub-yağmalamaqla əzib-yenmək üçündür! 1993-dən ölkədə açıq soyqırım siyasəti yürüdülür: sosial-ekonomik, mənəvi-psixoloji soyqırım! Korrupsiya-monopoliya-repressiya rejimi qurmaqla sürdürülən soyqırım!! Xalqın əl-ələ verib, birləşib-birgələşib qarşı çıxacağı çağadək sürdürüləcək soyqırım!!!

Deyilənə görə, Səlyan “Mərkəzi xəstəxanası”nın həkimləri bacarıqsız olduqlarından qabaqcadan ata-anaya Bakıya getməli olduqlarını bildiriblər. Onlarsa həkimləri “eşitməyiblər”. Nədən? Sözsüz, yoxsulluqdan. Bakı doğuşu (özü də üçəm doğuşu!) onlara o başdan bu başa beş-on min manata başa gələcəkdi! Budur Əliyevlərin başdan ayağa soyğunçuluğa bürünmüş sosial dövləti. Onlar korrupsiya-repressiya-monopoliya rejimi üzərində qurduqları bu “sosial” dövlətlə Yer üzünün milyarder ailələrindən birinə, Azərbaycan xalqı bir belə doğal resursla Yer üzünün ən yoxsul xalqlarından birinə çevrilib. Bu üzdən IŞIĞI sönən, GENERATORU işləməyən yalnız Səlyan xəstəxanası deyil, bütün Azərbaycandır!