Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev “Sovetski”də aparılan söküntü ilə bağlı danışarkən görün nə deyib? Sitat: “”Qorqud” Assosiasiyasının prezidentinin də orada 3 mərtəbəli binası var. Çağırdım kabinetimə, söhbət elədik. Dedim ki, bu bina sökülməlidir, yolun üstünə düşür. 1500 manatdan hesabladıq ki, buna təxminən 950 min manat pul düşür. Deyir ki, yox, bu pul mənə azlıq edir. Soruşuruq bəs nə istəyirsən? Dedi ki, sən kənara dur, mən bu işi verəcəyəm məhkəməyə, məhkəmə yolu ilə buradan milyon yarım pul alacağam. Dedim ki, sən bir az ağıllı ol, dövlətin hesabına varlanmısan, indi də dövlətin əleyhinə gedirsən. Belə insanla nə etmək lazımdır?! Evinə gedən qazı, suyu, işığı kəsdik. Səhəri gün gəldi ki, bağışla, səhv eləmişəm. Razılaşdı, pulu aldı, çıxdı getdi. Ona görə də bizə başqa yol buraxmırlar. Məcburuq həmin adamların işığını, suyunu, qazını kəsək ki, gəlsin razılaşsın”.
Buyurun, bu da Azərbaycanın necə, hansı dəyərlərlə idarə edildiyinin növbəti görsənişi! Tipik yaptokrat düşüncəsi, üslubudur. Ölkə 23 ildir bax belə idarəetmə təfəkkürünün girovudur. Sonra da “hüquqi-demokratik dövlət quruculuğundan” basıb-bağlayırlar. Müşfiqin məşhur şeirində deyildiyi kimi: “Adamın üzündə həya gərəkdir”.
***
Hələ bu xəbərə baxın, siz allah: “Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib və dövlət ittihamçısı çıxış edib. O, R. Məmmədovun və Isfəndiyar Isfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatdığı hesab edilməsini, R.Məmmədovun məhkəmə zalından azadlığa buraxılmasını istəyib”.
Hakim təbii ki, prokurorun istəyini yerinə yetirib və sabiq rəis məhkəmə zalından azadlığa buraxılıb!
Ölkədə məhkəmə sisteminin necə məzhəkəyə çevrildiyini görürsünüzmü!
R.Məmmədov haqqında ilyarımdır rejimin öz mediasında yazılmayan qalmamışdı, onun dağıdıcı-yırtıcı əməlləri haqqında faktın biri bir qəpik idi. Bütün bunlardan sonra isə indi onu komik cəza ilə dəmir barmaqlıqlar ardından azad ediblər. Gözləyək, bəlkə “Şöhrət” ordenindən, “Tərəqqi” medalından-zaddan da verdilər. Xirtdəyəcən çirkaba bulaşanların belə gülməli şəkildə yarğılandığı bir ölkənin həbsxanaları isə haqqı, hüququ, həqiqəti müdafiə edən, Azərbaycanda ədalətin, azadlığın təntənəsini arzulayan, buna görə də qondarma, əldəqayırma, saxta, siyasi sifarişli ittihamlarla mühakimə edilən insanlarla ağzınacan doludur. Absurddurmu? Rejimin mahiyyətini nəzərə alsaq, əlbəttə, yox!
Və bütün bu baş verənləri, olub-bitənləri gördükcə insan hansı zamanda yaşadığını da unudur, özünü orta çağlarda – feodal zehniyyətin qılıncının dalının da, qabağının da kəsdiyi qaranlıq yüzilliklərdə hiss edir. Hətta bir az da dərinə getsək, elə bil, mağara dövrüdür! Amansız, vəhşi yaşam savaşı, sağ qalma mücadiləsi – haqlının deyil, güclünün hökmü altında!
***
“Adam bəzən düşünür ki, artıq dünya alimlərinin neçə illərdir üzərində baş sındırdıqları zaman maşınına da ehtiyac yoxdur heç. Bunun üçün elə şanlı vətənimizə təşrif buyurmaq kifayətdir. Bəli, burada keçmiş hələ keçməyib. Hər addımda arxaizm. Hər addımda köhnəlik. Hər addımda aqrarlığın, zorbalığın, geriçiliyin qanlı və qaranlıq izləri. Hər addımda çağdışı idarəetmə tərzi və təfəkkürü.
Öz aramızdı, zaman boyu səhayət üçün başqa nə lazımdır?!

Azərbaycan adlı zaman maşını
•
•