Yüksək maaş alan məmur yüksək təqaüd, dilənçi maaşı alan müəllim dilənçi təqaüdü almalıdır?
Azərbaycan vətəndaşı o qədər ağır sınaq qarşısında qalıb ki, yalnız bu günlə yaşamağa məhkum olub. Yəni vətəndaş elə məngənəyə salınıb ki, gündəlik tələbatları ödəmək, həftəni orta səviyyədə yola vermək böyük uğur sayılır. Məhz bu günədlik çətinliklər vətəndaşı gələcək haqqında düşünməkdən məhrum edib. 30, 40, 50 yaşında adam qocalanda hansı təqaüd hesabına dolanacağını, ömrünün ahıl vaxtlarında necə yaşayacağını düşünmür.
Insanların sabaha ümidi o qədər azalıb ki, haqq etdiyi gələcək haqqında narahat olmur. Bu gün dilənçi maaşına möhtac qalan həkim, müəllim, elmi işçi, fəhlə, əzab-əziyyətinin bəhrəsini sabah da görə bilməyəcək.
Məsələn, Iran qanunvericiliyə görə, hökumət məmurunun ən yüksək maaşı ən aşağı hökumət maaşının 10 mislini keçməməlidir. Amma Azərbaycanda məmurlar ən aşağı hökumət maaşından 20-30 dəfə çox əmək haqqı alır. Bu adamlar sabah təqüdə çıxanda da yüksək miqdarda təqaüd alırlar. Indiki Azərbaycan reallığına nəzər salanda ədalətsizliyin miqyası daha da artıq görünür.
Əvvəla ona görə ki, bu ölkədə yüksək dövlət maaşı deputatlara, icra başçılarına, komitə sədrlərinə, nazirlərə və bu qəbildən olan adamlara verilir. Azərbaycan reallığında da bu adamların “xidmət”i göz qabağındadır. Belə çıxır ki, bu gün saxta yolla mandat alan deputat, rayonu şəxsi mülkiyyətə çevirən icra başçısı, dövlət büdcəsini talan edən nazir, vicdanlı insanlara işgəncə verən polis rəisi, günahsız insanlara hökm oxuyan hakim sabah da yüksək səviyyədə təqaüd alacaq. Bu gün 150-200 manatın girovuna çevrilənlər, halal zəhmətlə çörək pulu qazananlar, həqiqətən də dövlətə xidmət edənlər isə yenə də səfil vəziyyətdə yaşayacaqlar.
Ona görə də qanunvericilikdə zəruri dəyişikliklər edilməlidi. Bütün həyatını qışın soyuğunda, yayın istisində yol çəkməyə, körpü salmağa həsr etmiş fəhlə təqaüd yaşına çatanda normal dolana bilməlidir. Dövlət vətəndaşına sahib çıxmalıdır. Bu gün dövlətin sərvətini oğurlayanlar, sabah da dövlətdən ən yüksək səviyyədə fayadalanmamalıdır. Bir daha qeyd edirik ki, yüksək maaş alan məmur sinfi üçün maaş “tum pulu”dur. Ona görə də heç olmasa bu adamların rəsmi maaşını yarıya endirib, büdcə təşkilatlarında çalışan və 150 manatdan asılı qalan adamalrın həyat şəraitini yaxşılaşdırmaq lazımdır.
Fakitki olaraq hakimiyyətin anti-xalq siyasəti milyonlarla vətəndaşın bu gününü də, sabahını da ehtiyac bataqlığına salıb.
Akif