Azərbaycanlılar vətəndə turist olmaq istəyir

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Böyük idman tədbirlərini, mənasız beynəlxalq konfransları, mahnı yarışlarını, mürəbbə festivallarını keçirərkən bizim korrupsioner hakimiyyət həmişə deyir ki, bəs bu qədər xərci Azərbaycanın adını dünyada ucaltmaq üçün çəkirlər. Indi bu “Formula-1″ yarışları Azərbaycanın adını nə qədər qaldırdı?  Lazım olan yerə çatdımı? Bundan sonra nə qədər qaldırmağa ehtiyac var? Özgə hansı tədbirlər keçirilsə, düşmənlərin ürəyini partladan səviyyəyə çatar Azərbaycanın adı?

Görəsən Azərbaycanın adını elə yüksəkliyə qaldıra bilərikmi ki, dünya turistlərini bu yolla xoşbəxt edə bilək. Axı hələ dünyada nə qədər adam var Bakının gözəlliyini görməyib. Hələ nə qədər əcnəbi var; dolma, plov, kabab yeməyib. Bəlkə xüsusi dövlət proqramı olmalı (məsələn, Azərbaycanın Adını Ucaltmaq, Milli Yeməkləri Dünyada Tanıtmaq və Asan Turizm üzrə Dövlət Proqramı), müxtəlif ölkələrdən turistlər gətirib ölkəmizin necə gözəl, necə xoşbəxt olduğunu təriflətməyə daha ciddi yanaşmalıyıq?

Ikrah və ironiya duyursunuz bu sözlərdə? Bəs başqa cür yanaşmaq mümkündürmü? Axı bunlar nə qədər davam etməlidir? “Ölkənin adını ucaltmaq” nə olan şeydir, bunu kim fikirləşib tapıb, bunun ölçü vahidi nədir, maksimal həddi, hesablama üsulu necədir?

Azərbaycan bahalı neft dövründən elə bir absurd, yaramaz, bədbəxt gələnəyə qədəm qoyub ki, ağır böhran dövründə də bundan çıxa bilmirik. Biz başa düşürük ki, çəkilən xərclər onsuz da bu xalqın xeyrinə yönəlməyəcəkdi, onsuz da onları talamağa başqa üsullar tapılacaqdı. Amma yenə də çox ağırdır, gözümüzün qabağında elə biabırçılıq baş verir ki, təkcə talan edilmək, soyğuna məruz qalmaq hissi yox, əlavə qəzəb hissi də yaşayırsan. Ölkən boş tribunalarla yarış keçirib Azərbaycanın adını qaldırmaq istəyir, həmvətənlərinin bəziləri isə çəpərin o tərəfindən gurultusunu eşitdiyi idman maşınlarına baxmaq üçün hündür yerlərə dırmaşırlar.

Ölkə bir az da aşağılanır, yalan bir az da artır… əlavə texniki problemlər yaşayırsan. Rayondan camaatı buraxmırlar, yollar bağlı olur, yaltaqlar təzə məharətlər göstərirlər. Başdan-ayağa ürəkbulanmasıdır!

Bir tərəfdən də ölkəyə “turist” cəlb edirik deyə səslənən minnət. Özünüzü dolamısınız? Gəlmir turistlər! Artmaq əvəzinə, azalır onların sayı. Hətta xərcini çəkirsiniz, min qayğı göstərirsiniz, camaatın pulunu onlara yedizdirirsiniz, xeyri olmur. O qədər bacarıqsızsınız ki, gördüyünüz iş  həmişə əks-nəticə verir.

Bircə ona nail oldunuz ki, azərbaycanlılar sizin əcnəbilərə qayğınızı görüb öz vətənində turist olmaq istədilər. Gizlətmirlər də bu istək və hisslərini. Bir neçə ay öncə ayağa qalxan kasıb narazı əhalini sakitləşdirmək üçün çörəyin qiymətini aşağı salıblar, turistlərin xərcini çəkirlər.

Talamaqda davam edin! Tapdamaqda davam edin! Aldatmaqda davam edin! Turist deyillər ki, özünüzünkülərdir. Biz də susaq, sakit oturaq ki, turistlərdən ayıbdır.

***

Xalqa məxsus milyonlar, milyardlar göyə sovrulur və bizə deyirlər ki, bundan ləzzət alın. Ən acınacaqlısı budur.

***

Ölkəni bədbəxtliyə sürükləyir, hər gün daha ağır duruma gətirir və bizdən tələb edirlər ki, bununla fəxr edək.

***

Illərdir milyardlarla xərc çəkib Azərbaycanın adını qaldırırlar, əvəzində manat dəyərdən düşür.