Azərbaycanda dünyəvilik təhlükəyə necə itələnib?

mehman-kerimovMehman Xanlaroğlu, politoloq

Hər bir ölkənin inkişafı və gələcəyi müxtəlif amillərlə çox sıx bağlıdı. Tarixi keçmiş, milli-mənəvi dəyərlər, geniş kütlələrin sosial vərdişləri, siyasi rejimin xüsusiyyəti, qanunlara münasibət və s. qısa müddətə yaranmır və qısa müddətə də dəyişikliklərə məruz qalmır. Hər hansı bir ölkədə demokratiyanın mümkünlüyü və işlək vəziyyətdə olması ilk demokratiya nəzəriyyəçilərindən olan A.de Tokvillin dediyi kimi sərhədində olan ölkələrin  siyasi rejim xüsusiyyətləri ilə çox sıx bağlıdı. Mənsub olduğumuz regionada demokratik rejimlər kiçik Gürcüstan nümunəsini çıxmaqla yoxdur. Postsovet məkanında antidemokratik rejimləri dəstəkləyən, demokratik dəyərləri özünün təhlükəsizliyinətəhdid sayan əsas ölkə isə aydındır ki, Rusiyadır. Fransız politoloqu Defarja görə, Rusiya “gecikmiş sivilizasiyaya” aid olan, “dünya qaydasında özünə yer tapa bilməyən asayiş pozucusudur”. Bu fikir kifayət qədər obyektivdir. Yeri gəlmişkən, Nitşe Rusiyanı Avropanın “sarışın vəhşisi” adlandırırdı… Azərbaycan tarixinə diqqətlə fikir versək görərik ki, bu ərazidə müxtəlif dövlətlər daim öz mənafelərini gerçəkləşdirməyə çalışmışlar.Ölkə daxilindəki siyasi proseslərdə xarici amillərin rolu vardır. Azərbaycanın iqtisadi potensialı, əlverişli geosiyasi mövqeyi tarixən böyük siyasi gücləri cəlb edib. Qərb tədqiqatçısı Qrehem E. Fuller yazır: “Azərbaycan dünyada geosiyasi baxımdan ən mürəkkəb duruma malikdir”. Z.Bjezinskinin bu xüsusda fikri də yetərincə əhəmiyyətlidir: “Azərbaycanın zəif cəhətləri region üçün daha əhəmiyyətli nəticələrə səbəb ola bilər, çünki özünün yerləşdiyi məkan etibarilə bu ölkə geosiyasi dayaq nöqtəsidir”.

Postkolonial və posttotalitar ölkə olaraq Azərbaycanda mühafizəkar, antidemokratik şüur hələ kifayət qədər güclüdür.  İctimai-siyasi həyatda tez-tez zorakılığa yol verilir və müxtəlif siyasi qruplar arasında ziddiyyətlər maddiləşərək konfliktlər törədir. Bu isə 70 illik keçmişin siyasi irsi olaraq ölkədə  kök salmış yalnış düşüncə və inamlarla sıx bağlıdı. Şübhəsiz ki, hər bir xalqın özünəməxsus tarixi inkişaf yolu, dövlətçilik dəyərləri, siyasi mədəniyyəti vardır. Bu irs isə xalqın özünəməxsus təbii-tarixi durumunu formalaşdırır. Alman filosofu İ.Q.Hörderin fikrincə, “millətlər bəşəriyyətin üzvi tərkib hissələri olmaqla tarixin həqiqi subyektləridir. Düzdür, millətlər fərdlərdən ibarətdir, lakin hər halda onların inkişafı müəyyən mənada sonuncuların səylərinin nəticəsidir. Hər bir millətin məxsusi daxili qabiliyyətləri vardır; onun üçün süni qaydalara tabe olmaq, başqasının təcrübəsini imitasiya etmək zərərlidir”.

Fikrimizcə Azərbaycan xalqının, cəmiyyətimizin ən mühüm nailiyyətlərindən biri sekulyarlıqdır. Sekulyar dəyərlərin ictimai mühitdə, ictimai münasibətlərdə hakim olması tarixi və strateji bir uğur və üstünlükdür. Qeyd edək ki, Azərbaycan dövləti və cəmiyyəti bütün müsəlman ölkələri arasında sekulyar dəyərlərin, prinsiplərin ən geniş yayıldığı ölkədir. Amma bu gün ölkədə nələrin şahidi oluruq? Təhsilin son dərəcə bərbad hala düşməsi, müxtəlif dini tamayüllərin sürətlə yayılması dünyəvi dəyərlər üçün ən əsas təhlükədi. Sekulyarlığın digər mühüm strukturu olan məhkəmə hakimiyyəti isə tam korrupsiyalaşıb. Son illərdə azad mətbuat sıradan çıxarılıb və bu xüsusi siyasətin nəticəsidi. Ölkədəki siyasi həyatın gələcəyini müəyyən edən, xalqın iradəsinin əks edildiyi əsas proses olan  prezident, parlament və bələdiyyə seçkiləri birmənalı olaraq saxtalaşdırlır. Bu gün Azərbaycanda korrupsiya ictimai münasibətlərin, ictimai əxlaqın müəyyənedici amilinə çevrilməkdədir və bu cəmiyyədə dövlət qurumlarına, inkişafa inamı sarsıdan əsas müxanizmdir. Korrupsiya artıq idarəetmə prinsipinə çevrilməkdədi..

Ölkənin iqtisadi inkişaf prosesində ləngimələr, siyasi elita və liderlərə inamın kəskin azalması, vətəndaşlarda milli, siyasi və sosial təhlükəsizliklə bağlı şüur və dünyagörüşün məhdudluğu, mənafelərin parçalanması, siyasi proseslərdə kütləvi laqeydlik və nihilizm, işsizlik, əmək əxlaqının zəifliyi, özgələşmə  və dərin sosial qütbləşmə,  sosial həmrəyliyin deqradasiyası bu gün baş verənlərin əsas xüsusiyyətidi. Sadalanan  səbəblərdən də hazırda demokratiya ənənələri kövrək və ictimai institutlar zəifdir.  Bütün bunlar xalqın rəqabətədavamlılıq keyfiyyətini aşağı salan amillərdi.